XƏBƏRLƏR
4456 Arxiv

2017.06.16

Gülzar Mustafayevanın biоlоgiya üzrə elmlər dоktоru elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsi keçirilib

G.Mustafayeva 1992-2017-ci illər ərzində Azərbaycanda apardığı elmi tədqiqat işləri nəticəsində kənd təsərrüfatı, park dekorativ bitkilərə zərər verən bərabərqanadlı zərərvericilərin növ tərkibini, zərərvermə dərəcəsini, yayılmasını, bioekoloji xüsusiyyətlərini müəyyənləşdirmiş, onların sayca tənzimində rol oynayan entomofaqların növ tərkibini öyrənmiş, effektiv entomofaqları aşkarlamış, onlardan bioloji mübarizədə istifadə etmək məqsədi ilə laboratoriyada kütləvi artırılmasının elmi əsaslarını işləyib hazırlayıb.

Araşdırma zamanı ilk dəfə olaraq, Azərbaycanda çanaqlı, yalançı çanaqlı yastıcalar (Homoptera, Coccoidea) kompleks tədqiq olunmuşdur. 52 növ çanaqlı, yalançı çanaqlı yastıca aşkarlanmışdır. 21 cinsə mənsub 33 növ çanaqlı yastıcadan (Homoptera, Diaspididae) 11 növ çanaqlı yastıca və 9 cinsdən olan 19 növ yalançı çanaqlı yastıcadan (Homoptera, Lecaniidae) 8 növ Azərbaycanın faunası üçün ilk dəfə olaraq qeyd edilmişdir.

Tədqiqatın nəticəsi olaraq çanaqlı yastıcaların bioloji tənzimlənməsində 9 cinsə mənsub 30 növ afeliniddən (Hymenoptera: Aphelinidae) 1 növ (Coccobius granati Yasnosh and Mustafaeva) elm üçün, 6 növ isə Azərbaycanın faunası üçün ilk dəfə olaraq qeyd edilmişdir.

Tədqiqatçı tərəfindən yalançı çanaqlı yastıcaların parazitləri olaraq 28 növ xalsid (Hymenoptera, Chalcidoidea) müəyyənləşdirilmişdir ki, bunlardan 11 növü afelinid və 16 növü ensertid (Hymenoptera, Encyrtidae), 1 növü isə pteromaliddir (Hymenoptera, Pteromalidae). Yalançı çanaqlı yastıcaların parazitləri olan 28 növ xalsiddən (Hymenoptera: Chalcidoidea) 4 növ afelinid (Hymenoptera, Aphelinidae), 4 növ ensertid (Hymenoptera, Encyrtidae), 1 növ pteromalid (Hymenoptera, Pte-romalidae) Azərbaycanın faunası üçün, 1 növ afelinid Coccophagus insidiator Cənubi Qafqazın faunası üçün yenidir. Ensertidlərdən yalnız 1 növ hiperparazitdir, qalan bütün növlər 1-li parazitlərdir.

İlk dəfə Azərbaycanın mənənə parazitləri - afediidlər (Hymenoptera, Aphidiidae) tədqiq olunmuş, 16 növ afediid respublikamızın, 3 növ isə - Adialytus salicaphis, Lysiphlebus fabarum, Aphidius rosae Cənubi Qafqazın faunası üçün ilk dəfə göstərilmışdir.

Mənənələrin parazitləri 14 növ afelinid aşkarlanmışdır, 4 növ respublikamızın, 2 növ - Aphelinus toxopteraphidis, Aphelinus bicolor isə Cənubi Qafqazın faunası üçün yenidir.

Bundan başqa, Azərbaycanda bitkilərə zərər verən 9 növ aleyrodid müəyyənləşdirilmiş, əsas 3 növün bioekoloji xüsusiyyətləri, entomofaqları öyrənilmişdir. Azərbaycanda geniş yayılmış, kənd təsərrüfatı, park-dekorativ bitkilərinə çox zərər verən, dominant 26 növ mənənənin, onların entomofaqların bioekoloji xüsusiyyətləri müəyyənləşdirilmişdir.

İlk dəfə olaraq kənd təsərrüfatı bitkiləri - meyvə ağacları, bostan-tərəvəz, subtropik, texniki, dənli bitkilər, dekorativ ağac, kollar üzrə fitofaqların, onların parazitlərının siyahısı tərtib olunmuşdur.