XƏBƏRLƏR
2885 Arxiv

2017.06.08

“UŞAQLARIN ÜMİD YERİ” ADLI TƏDBİR KEÇİRİLDİ

İyunun 7-də AMEA Zoologiya İnstitutunun təşəbbüsü ilə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən “Ümid Yeri” sığınacaq evində kimsəsiz, ailə üzvlərini itirmiş 3-18 yaşlı uşaqlara qayğı və diqqət məqsədilə “Uşaqların Ümid Yeri” adlı tədbir keçirildi. Tanışlıq, görüş və diqqət xarakteri daşıyan bu tədbir cəmiyyətdə atılmış, kimsəsiz, ailəsini itirmiş uşaqlara münasibətin dəyişilməsi, onların bilik və bacarıqlarının inkişaf etdirilməsi, maarifləndirilməsi istiqamətində növbəti addımdır.

Tədbirin keçirilməsinin əsas məqsədi kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların keyfiyyət və bacarıqlarının üzə çıxarılmasıdır. Həmin tədbir çərçivəsində institutun uşaqlar arasında təşkil etdiyi oyunlar, onların bilik və güc yarışlarına cəlb olunmaları diqqət çəkən məqamlardandır. Belə ki, sosial, intellektual və mədəni inkişafa təkan verən bu yarışlarda, oyunlarda öz bilik və bacarıqlarını nümayiş etdirən uşaqlar institut tərəfindən müxtəlif hədiyyələrlə mükafatlandırıldı.

AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifovun rəhbərliyi ilə həyata keçirilən tədbir kadrlar şöbəsinin müdiri Xuraman Novruzlu, informasiya və innovasiya şöbəsinin müdiri Şahzadə Mədətova, ümumi şöbənin müdiri İlahə Bağırovanın təşkilatçılığı ilə baş tutdu. Qeyd edək ki, tədbirdə İnstitutun ümumi işlər üzrə direktor müavini Ərşad Cəlilov, tətbiqi zoologiya mərkəzinin müdiri b.ü.f.d. Barat Əhmədov və digər əməkdaşlar fəal iştirak etdilər.

Aktyorlar və musiqiçilərin müşayiəti ilə keçən bu görüş uşaqlarda xoş əhval-ruhiyyə yaratdı, həmçinin, Ümid Yeri” sığınacaq evinin uşaqları, təlim-tərbiyəçiləri, müəllimləri institut əməkdaşlarının hazırladığı, təqdim etdiyi müxtəlif növ milli və xarici mətbəxə aid təamlara qonaq oldular.

Xatırladaq ki, Zoologiya İnstitutunun təşəbbüsü və iştirakı ilə keçən bu tədbirin informasiya dəstəyi AMEA RH İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması  İdarəsinə məxsusdur.