XƏBƏRLƏR
3397 Arxiv

2017.06.01

AMEA Zoologiya İnstitutunun Dissertasiya Şurasının seminarında Könül Tapdıqovanın dissertasiya işinin müzakirəsi keçirildi

Bu gün AMEA Zoologiya İnstitutunun elmi seminarında Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Könül Tapdıqovanın “Abşeron yarımadası göllərinin ibtidai xərçəngkimiləri” (növ tərkibi, yayilmasi və miqdari) mövzusunda dissertasiya işinin  müzakirəsi keçirildi. 

Tədqiqatçı tərəfindən ilk dəfə Abşeron yarımadası göllərinin ibtidai xərçəngkimilər faunası kompleks şəkildə öyrənilmişdir.  K.Tapdıqova 2011-2015-ci illərdə Abşeron yarımadasında tədqiq etdiyi 12 göldə ibtidai xərçəngkimilərin növ və miqdar tərkibini öyrənmişdir. Bu göllərdə ibtidai xərçəngkimilərin 33 növü və 1 yarımnövü qeydə almışdır ki, onlardan bir növ qəlsəməayaqlı xərçənglərə, 18-növ və 1 yarımnöv şaxəbığcıqlı xərçənglərə, 14 növ isə kürəkayaqlı xərçənglərə aiddir. Qeydə alınan növlərdən 9-u (C.affinis, A.elongata, P.aduncus, A.exigua, B.longirostris, M.albidus, M.fuscus, M.gracilis, Sch.jugurtha) yarımadanın su tutarlarında, Schizopera jugurtha (Blanchard et Richard,1891) isə Azərbaycan faunasında ilk dəfə qeydə alınır. Bundan əlavə tədqiqatçı təsərrüfat əhəmiyyətli A.salina  xərçənginin  yayıldığı gölləri, onun Abşeron şəraitində məhsuldarlığını, il ərzində  nəsil vermə qabiliyyətini, müddətini və nəsillərin sayını  müəyyən etmişdir.

Müəllifin yerinə yetirdiyi tədqiqat işi həm faunistik, həm də təsərrüfat baxımından əhəmiyyətlidir. Belə ki, Abşeron yarımadasında ibtidai xərçəngkimilərin yayıldığı şortəhər və duzlu göllər, bu göllərdə onların miqdarı, ekoloji xüsusiyyətləri, canlı yem obyekti kimi yetişdirilməsi, məhsuldarlığı və digər məsələlərə aid əldə olunmuş yeni məlumatlar onların təbii canlı yem kimi tətbiq olunma sahələrində kütləvi yetişdirilməsinin, biokütləsindən səmərəli istifadəsinin təşkilinə yönəlmiş tədbirlərin, o cümlədən proqnozların hazırlanması üçün bioloji əsas ola bilər.