XƏBƏRLƏR
3460 Arxiv

2017.05.01

Fiziologiya İnstitutunda mühüm elmi nəticələr əldə olunub

2016-cı ildə A.İ.Qarayev adına Fiziologiya İnstitutunda 8 mühüm nəticə əldə edilib. Onlardan 3-ü Biologiya və Tibb Elmləri Bölməsi üzrə AMEA-nın elmi nailiyyətləri sırasına daxil edilib.

Belə ki, institutun Uzunömürlülüyün fiziologiyası laboratoriyasında uzunömürlülərdə sakitlik vəziyyətində baş beyinin bioelektrik aktivliyinin tədqiqi beyin qabığının funksional fəallığının aşağı səviyyədə olmasını göstərib.

Bundan əlavə, Təbii mənşəli heroprotektorların farmakologiyası laboratoriyasında aparılan tədqiqatlarda zəfəran (Сrocus sativus L. Iridaceae) ekstraktının təsiri nəticəsində yaşlı dişi heyvanların qanında follikulstimullaşdırıcı hormonun səviyyəsinin aşağı düşərək cavan orqanizm üçün xarakterik olan həddə yaxınlaşdığı müəyyən edilib.

İnteqrativ fəaliyyətin molekulyar əsasları laboratoriyasında isə eksperimental şəraitdə serotonin modullu antikonsolidasiya zülalına qarşı poliklonal anticisimlərin istifadəsi ilə narkotik asılılığın korreksiyasının immunokimyəvi üsulunun işlənib hazırlanması kimi mühüm tətbiqi əhəmiyyətə malik nəticə əldə olunub.

Ötən il institut tərəfindən AMEA Rəyasət Heyəti tərəfindən maliyyələşdirilməsi tövsiyə edilən “Uzunömürlülüyün fizioloji və molekulyar-genetik əsaslarının işlənməsi” və “Azərbaycanda kök hüceyrə texnologiyalarının inkişaf perspektivlərinin və prioritet istiqamətlərinin araşdırılması” proqramları üzrə tədqiqatlar aparılıb.

http://science.gov.az/news/open/5563