XƏBƏRLƏR
3542 Arxiv

2017.04.19

AMEA Yüksək Texnologiyalar Parkı beynəlxalq əlaqələrini genişləndirir

AMEA-nın prezidenti, akademik Akif Əlizadə “Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi” Muxtar Qeyri-Kommersiya Təşkilatının (MQKT) baş direktoru İqor Titovla görüşüb.

Mərkəzin baş direktoru öncə Bakıya səfərindən məmnunluğunu ifadə edib. O, AMEA-nın Yüksək Texnologiyalar Parkını (YTP) ziyarət etdiyini, Parkın maddi-texniki bazası və elmin kommersiyalaşdırılması istiqamətində innovativ layihələri ilə tanış olduğunu bildirib. İ.Titov “YT Park”ını  elm və istehsalat adamlarını bir araya gətirən məkan olaraq yüksək qiymətləndirib.

İ.Titov rəhbərlik etdiyi mərkəzin fəaliyyət istiqamətləri barədə məlumat verərək bildirib ki, 1994-cü ildə yaradılan qurumun əsas məqsədi Moskva şəhərində texnoparkların inkişafına dəstək vermək və beynəlxalq bazarlarla biznes əməkdaşlığı qurmaqdır. Qeyd edib ki, mərkəzin fəaliyyət perspektivində inkişaf strategiyası kimi əsas diqqət MDB ölkələrinin texnoparkları ilə tərəfdaşlıq əlaqələri yaratmağa yönəlib.

Sonra İ.Titov birgə innovativ layihələrin həyata keçirilməsinə dair təkliflərini irəli sürüb.

Akademik Akif Əlizadə iki qurum arasında yeni əlqələrin elmin nailiyyətlərinin istehsalata, ölkə iqtisadiyyatına tətbiqinə təkan verəcəyini bildirib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev və “YT Park”ın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev iştirak ediblər.

Sonda “YT Park” və “Moskva Sənayenin Struktur Dəyişiklikləri Mərkəzi” MQKT arasında ikitərəfli əlaqələrin inkişafı məqsədilə əməkdaşlıq Sazişi imzalanıb.

Sənəddə innovasiya siyasətinin reallaşdırılması məqsədilə tərəflərin birgə fəaliyyəti, o cümlədən yüksək texnologiyalar sahəsində layihələrin həyata keçirilməsi üçün infrastrukturun yaradılması, iqtisadi əməkdaşlığın genişləndirilməsi, texnopark, sənaye kompleksləri və digər bu kimi sahələrin inkişafına dəstəyin verilməsi məsələləri öz əksini tapır.

http://science.gov.az/news/open/5475