XƏBƏRLƏR
3707 Arxiv

2017.04.14

Akademik Akif Əlizadə Bolqarıstanda bir sıra görüşlər keçirib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları Universitetinin rektoru Stoyan Dençev, Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktorunun müavini Marçela Borisova, Bolqarıstan Elmlər Akademiyası Geologiya İnstitutu direktorunun müavini Nikolay Dobrev, Tibb Universitetinin rektoru Viktor Zlatkov, Dağ-mədən və Geologiya Universitetinin rektoru Luben Totev, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov ilə görüşlər keçirib.

Bolqarıstanın vitse-prezidenti İ.Yotova ilə keçirilmiş görüşdə Novruz bayramı ərəfəsində Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdiyini xatırladan vitse-prezident bu görüşlərin müqəddəs Pasxa bayramı ərəfəsində keçirilməsinin ənənəyə çevrildiyini bildirib. AMEA ilə Bolqarıstan Elmlər Akademiyası (BEA) arasında elm və texnologiya üzrə əməkdaşlıq haqqında sazişin imzalandığına diqqət çəkən İ.Yotova bu sənədin iki ölkənin elm adamları arasında əməkdaşlıq üçün platforma yaradacağına inamını ifadə edib.

Akademik A.Əlizadə rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, sazişin imzalanması ilə iki akademiya arasında əməkdaşlığın yeni mərhələsinin başlandığını vurğulayıb. Tərəflər, həmçinin Avropa İttifaqı proqramları çərçivəsində əməkdaşlıq, Bolqarıstan alimləri ilə birgə laboratoriyaların yaradılması, AMEA-nın magistr proqramı ilə Bolqarıstanın müvafiq ali təhsil müəssisələri arasında mübadilə, əczaçılıq sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.

Kitabxanaçılıq Tədqiqatlar və İnformasiya Texnologiyaları Universitetinin rektoru S.Dençev ilə keçirilmiş görüşdə informasiya texnologiyaları, kitabxanaçılıq tədqiqatları, qarşılıqlı tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb. S.Dençev AMEA ilə əməkdaşlıq haqqında çərçivə sazişinin layihəsini təqdim edib.

Müqəddəs Kiril və Mefodiy adına Milli Kitabxananın direktorunun müavini M.Borisova ilə görüşdə akademik A.Əlizadə AMEA-nın nəzdində fəaliyyət göstərən kitabxana barədə məlumat verib, burada üç milyondan çox kitabın saxlandığını və onların elektron versiyasının hazırlanması prosesinin davam etdiyini bildirib. Ölkəmizlə əməkdaşlığa böyük maraq göstərən M.Borisova kitabxananın dövri nəşrinin çap olunduğunu, burada Azərbaycanda fəaliyyət göstərən kitabxanalar barədə məqalələr yerləşdirilməsi mümkünlüyünü diqqətə çatdırıb. Daha sonra AMEA-nın prezidenti “Azərbaycanın Milli Coğrafi Atlası” və “Dünyanın palçıq vulkanlarının atlası”nı kitabxanaya hədiyyə edib. “Azərbaycanın Milli Coğrafi Atlası”nın üç il ərzində ərsəyə gəldiyini bildirən A.Əlizadə bu nəşrin ölkəmizin müstəqillik əldə etdikdən sonra 25 il ərzində keçdiyi inkişaf yolunu əks etdirdiyini söyləyib. Akademiya tərəfindən hazırlanmış “Dünyanın palçıq vulkanlarının atlası”nda dünyadakı palçıq vulkanları barədə müfəssəl məlumatın əksini tapdığını, həmçinin 300-dən çox palçıq vulkanının mövcud olduğu Azərbaycanın bu sahədə dünya ölkələri arasında birinci yeri tutduğunu bildirib. M.Borisova hər iki atlasın “Kitablar, istiqamətlər, publika” adlı sərgidə nümayiş olunacağını, eləcə də yaxın günlərdə akademiyanın hədiyyələri olan bu dəyərli nəşrlərin elektron versiyasının yaradılacağını deyib.

Sonda nümayəndə heyəti kitabxanada saxlanılan qədim əlyazmalar və yenicə quraşdırılan, kitabları müxtəlif növ zərərverici bakteriyalardan təmizləyən “Anoksiya” adlı avadanlıqla tanış olub.

BEA-nın Geologiya İnstitutu direktorunun müavini N.Dobrev və Dağ-mədən və Geologiya Universitetinin rektoru L.Totev ilə görüşlərdə tərəflər əməkdaşlıq məsələlərini müzakirə ediblər. AMEA–nın nümayəndələri universitet tərəfindən oktyabrın 20-də təşkil olunacaq 60-cı Beynəlxalq Elmi Konfransa dəvət edilib.

Tibb Universitetinin rektoru V.Zlatkov ilə keçirilmiş görüşdə AMEA-nın nümayəndə heyətinə bu ali məktəbin fəaliyyəti barədə ətraflı məlumat verilib. Tərəflər iki struktur arasında əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Xüsusilə əczaçılıq sahəsində ölkəmizlə əməkdaşlığa maraq göstərdiklərini deyən V.Zlatkov Bolqarıstanın bu sahədə böyük təcrübəyə malik olduğunu, bu ölkə tərəfindən istehsal olunan dərman preparatlarının digər Avropa ölkələrinə nisbətən daha ucuz olduğunu söyləyib.

Milli Təbiət Tarixi Muzeyinə səfər edən Azərbaycan nümayəndə heyətinə buradakı zəngin eksponatlar barədə məlumat verilib.

AMEA-nın prezidenti A.Əlizadənin başçılığı altında nümayəndə heyətinin Bolqarıstana səfəri bu ölkənin KİV-lərində geniş işıqlandırılıb.

"AzərTac"

http://science.gov.az/news/open/5429