XƏBƏRLƏR
4457 Arxiv

2017.02.21

AMEA Zoologiya İnstitutunda “Səhiyyə sistemində sürfə terapiyasından (Diptera, Lucilia sericata) istifadənin mümkünlüyü” mövzusunda elmi seminarı keçirilmişdir

“Faydalı cücülərin introduksiyası və bioloji mübarizənin elmi əsasları” laboratoriyasının elmi işçisi Gülnaz İsmayılovanın Respublikamızda səhiyyə sistemində sürfə terapiyasından (Diptera, Lucilia sericata) istifadənin mümkünlüyü mövzusunda elmi seminarı keçirilmişdir.

 

 Seminar dünya səhiyyə sistemində xəstələrin müalicəsində tibbin bir sahəsi olan bioterapiyadan istifadəyə həsr olunmuşdur.  

Bioterapiya dedikdə zəli ilə, arı sancmaları,  Lucilia sericata milçəyinin sürfələri ilə və digər bioloji obyektlərlə  müalicə nəzərdə tutulur.

 Lucilia sericata (Meigen, 1826)-yaşıl leş milçəyi Diptera dəstəsinin, Calliphoridae fəsiləsinə  aiddir,  əsasən mülayim və tropik qurşaqlarda yayılmışdır.

Qeyd etmək lazımdır ki, bioterapiyada steril şəraitdə yetişdirilmiş Lucilia sericata milçəklərinin sürfələrindən istifadə olunur və bu müalicə üsulu ədəbiyyatda  "maggot  debridement therapy (MDT), "maggot therapy", "larval therapy", "biodebridement" adlanır. 

Cərrahi işlənmə zamanı yaraya steril şəraitdə artırılmış Lucilia sericata milçəklərinin sürfələri buraxılır və onlar yalnız həyat qabiliyyəti olmayan toxumalarla qidalanaraq nekrotomiya aparırlar.

Sürfə terapiyası nəticəsində patogen bakteriyaların, qızılı stafilakok, A və B qrupu  streptokok, qrammüsbət aerob və anaerob bakteriyaların inkişafı ləngiyərək məhv olurlar. Qidalanma zamanı sürfələr proteolitik fermentlər, antibakterial maddələr ifraz edərək qranulyasiya  toxumasının yaranmasını sürətləndirir, problemli yaraların  tez bağlanmasına və sağalmasına səbəb olurlar.

Bu metod xəstə üçün səmərəli və  təhlükəsiz, iqtisadi cəhətdən isə sərfəlidir. Sürfə terapiyasından istifadə həmçinin insanların antibiotikə tələbatının azaldır.

Hal-hazırda  40 ölkədə  4 000-dən cox həkim sürfə terapiyasi ilə müalicə aparır.Sürfə terapiyasından insan və heyvanların yumşaq toxumalarının sağalmayan yaralarında, dəri nekrozunda, dəri köçürülməsində, yataq yaralarında, venoz durğunluq yaralarında, dabanın neyropatik xoralarında, diabetik yaralarda, travmatik və əməliyyatdan sonrakı yaraların nekrotik toxumalarının təmizlənməsi zamanı istifadə olunur.

İnkişaf etmiş səhiyyə sistemi olan ölkələrdə sürfə terapiyasından geniş istifadə olunduğu halda, respublikamızda bu müalicə üsulundan indiyə qədər istifadə olunmamışdır.

Buna görə iqtisadi cəhətdən sərfəli olan sürfə terapiyasının Azərbaycan şəraitində inkişaf etdirib tibbi məqsədlərlə istifadəsi məqsədəuyğundur.