XƏBƏRLƏR
1124 Arxiv

2017.03.17

AMEA Zoologiya İnstitutunda Qiyas Quliyevin 70 illik yubileyi keçirildi

AMEA Zoologiya İnstitutunda biologiya üzrə elmlər doktoru Qiyas Quliyevin 70 yaşı tamam oldu.

Qiyas Nağı oğlu Quliyev  1947-ci ildə Neftçala rayonunun Aşağı Qaramanlı kəndində anadan olmuşdur. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirmişdir. 1972-1975-ci illərdə Azərbaycan Elmlər Akademiyası Zoologiya İnstitutunun “Heyvanların sitogenetikası” laboratoriyasında aspirant, 1975-ci ildən baş laborant, 1977-ci ildən kiçik elmi işçi, 1988-ci ildə “qrup” rəhbəri, 1993-cü ildən 2017-ci ilə qədər “Teriologiya” laboratoriyasının müdiri olmuşdur. Hazırda yeni yaradılan “Quru onurğalıları” laboratoriyasının müdiri vəzifəsini icra edir.

B.ü.e.d. Qiyas Quliyev 1979-cu ildə namizədlik, 2013-cü ildə elmlər doktoru dissertasiyası müdafiə etmişdır. O, namizədlik dissertasiyası üzrə tədqiqatlarını əsasən Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sitologiya və Genetika İnstitunda yerinə yetirilmişdir.

B.ü.e.d. Qiyas Quliyevin 40-dən çox elmi əsəri Amerika, Almaniya, Rusiya, Ukrayna, Belarusiya və Gürcüstanın bir sıra nüfuzlu jurnallarında dərc edilmişdir.

O, xarici dövlətlərdə, o cümlədən, Rusiyada, Almaniyada və Ukraynada keçirilən konfranslarda məruzələrlə çıxışlar etmişdir.

Qiyas Quliyev orta ümumtəhsil məktəbləri və müəllimlər üçün 1  dərs vəsaitlərinin, 10 və 11-ci sinif şagirdləri üçün “Ümumi biologiya” dərsliklərinin həmmüəlliflərindən biridir.

Tanınmış alimi 70 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona möhkəm can sağlığı, elmimizin inkişafı yolunda böyük nailiyyətlər arzulayırıq.