XƏBƏRLƏR
3592 Arxiv

2017.04.03

Yaz mövsümünün başlanması ilə əlaqədar Nəbatat bağına yeni ağac və dekorativ gül kolları əkilir

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağında bitki ehtiyatlarının xammal bazasını zənginləşdirmək məqsədi ilə bağın təcrübə sahələrinə regionda bitən və kənardan gətirilən ayrı-ayrı torpaq və iqlim xüsusiyyətlərinə malik olan bəzək, dərman, efiryağlı və digər bitki nümunələri əkilib və üzərlərində elmi-tədqiqat işləri aparılır. O cümlədən nadir və nəsli kəsilməkdə olan bitki növlərin artırılması və bu bitkilərin qorunması tədbirləri də həyata keçirilir.

Yaz-yay mövsümünün başlanması ilə əlaqədar bu günlərdə Nəbatat bağında mövcud yaşıllıqlara qulluq edilməklə yanaşı, bağın təcrübə sahəsinə yeni ağac və dekorativ gül bitkiləri salınır. Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov və Nəbatat bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev tərəfindən AMEA-nın Dendrologiya İnstitutundan, İran və Türkiyə respublikalarından, Batumi Botanika Bağından gətirilən və xüsusi sahələrə əkilən yeni bitki növlərinin arasında xeyli sayda otaq bitkiləri, müxtəlif kaktus növləri, palma tingləri, şam ağacları və digər bitki nümunələri var.

Bir neçə ay ərzində torpağa əkilən bitkilərin yerli şəraitə uğunlaşması müəyyən ediləcək. Əldə olunan yeni növləri artırmaqla Naxçıvan Muxtar Respublikasının yaşıllaşdırma işlərində, müxtəlif təşkilat və fermer təsərrüfatlarında istifadəsi nəzərdə tutulur.

Qeyd edək ki, Nəbatat bağının ərazisində qurulan “Ultra Sera” ailəsinə məxsus son texnologiyaya malik istilikxanada nümayiş etdirilən ayrı-ayrı iqlim qurşaqlarına uyğun olan tropik, subtropik, ekvatorial və digər bitki növlərin toxumlarından alınan cücərtilər üzərində haliyədə müşahidələr aparılır ki, bu bitki növlərinin də muxtar respublikamızın torpaq iqlim şəraitinə uyğunlaşdırılması, introduksiya edilməsi məqsədəuyğun  hesab olunur.

http://science.gov.az/news/open/5329