XƏBƏRLƏR
3381 Arxiv

2017.02.03

Mərkəzi Elmi Kitabxanada Rus ədəbiyyatı fondunun təqdimatı keçirilib

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Rus ədəbiyyatı fondunun incilərinin təqdimatı keçirilib.

Təqdimatda çıxış edən MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın Rus ədəbiyyatı fonduna aid kitabların əldə edilməsi və kataloqlaşdırılması prosesindən danışıb, Milli Rəqəmsal Yaddaş bazası haqqında ətraflı məlumat verib. A.Səfərova bildirib ki, Rus ədəbiyyatı fondunda saxlanılan və Azərbaycana aid olan əhəmiyyətli məlumatlar Milli Rəqəmsal Yaddaşa köçürülür.

Sonra MEK-in Fondların mühafizəsi bölməsinin əməkdaşı Aytən Xudiyeva təqdimatla çıxış edərək fondda 67555 kitabın, 13816 jurnalın, 1308 qəzetin, 5763 dissertasiya və 2942 avtoreferatın, İxtisas fondunda (Kitabxanaçılıq İnformasiya sahəsi üzrə ixtisaslaşmış fond) 3640 kitabın, Nadir fondda isə 8759 ədəd rus ədəbiyyatının saxlanıldığını bildirib.

Rusiya ilə beynəlxalq kitab mübadiləsindən danışan A.Xudiyeva Mərkəzi Elmi Kitabxananın Rusiya Dövlət Kitabxanası, Təbiət Elmləri üzrə Kitabxana və digər qurumlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

MEK-in Fondların mühafizəsi bölməsinin rəhbəri Xuraman İsmayılova ölkəmizdə ən böyük elmi ədəbiyyatın Mərkəzi Elmi Kitabxanada olduğunu bildirib. O, rus ədəbiyyatının saxlanma formatı barədə məlumat verərək, saxlanılan rusdilli ədəbiyyatda Azərbaycana aid vacib materialların toplandığını qeyd edib.

 

http://science.gov.az/news/open/4990