XƏBƏRLƏR
4331 Arxiv

2017.01.11

Akademik Məmməd Salmanovun 85 yaşı tamam olur

Yanvarın 12-də tanınmış mikrobioloq alim, “Şöhrət” ordenli, AMEA-nın Mikrobiologiya İnstitutunun direktoru, akademik Məmməd Salmanovun 85 yaşı tamam olur.

Məmməd Əhəd oğlu Salmanov 12 yanvar 1932- ci ildə Qərbi Azərbaycanın (Ermənistan SSR) İrəvan mahalının Zəngibasar bölgəsinin (Masis) Qaraqışlaq kəndində anadan olmuşdur. 1955-ci ildə Azərbaycan Kənd Təssərrüfatı İnstitutunu (indiki AKTA) qırmızı diplomla bitirmişdir.

1982- ci ildə fəlsəfə doktoru, 1987-ci ildə elmlər doktoru elmi dərəcələrini, 1996-cı ildə professor elmi adını almışdır. 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007- ci ildə isə həqiqi üzvü seçilmişdir.

Alim ilk əmək fəaliyyətinə Fizuli rayonunun Böyük Bəhmənli sərhəd baytar karantin məntəqəsində müdir vəzifəsində başlamışdır. 1955-ci ildə AMEA Zoologiya İnstitutunda elmi işçi, 1972-ci ildə Mikrobiologiya İnstitutunda Hidrobiologiya laboratoriyasında elmi işci, 1973-cü ildə həmin laboratoriyanın müdiri, 1999-2000-ci illərdə Azərbaycan Tibb Universitetində kafedra müdiri vəzifələrində çalışmışdır. 2002-ci ildən AMEA-nın Mikrobiologiya İnstitutunun direktorudur.

Akademik Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə “Şöhrət“ ordeni ilə təltif  edilmişdir.

Alimin tədqiqatları Azərbaycanın su mənbələri – Kür və Araz çayları hövzəsi, göllər, su anbarları, mineral və termal bulaqların, o cümlədən Xəzərin mikrobiologiyası, bioloji məhsuldarlığı, ekoloji vəziyyəti məsələlərinə həsr olunmuşdur.  O, ölkəmizin regionlardakı sularından alternativ kimi istifadə edilməsi imkanlarını müəyyən etmişdir. Azərbaycanda su mikrobiologiyasının yaranması onun adı ilə bağlıdır.

Akademik M.Salmanov 300-dən çox elmi əsərin, o cümlədən 1 müəlliflik şəhadətnaməsi və patentin, 3 monoqrafiyanın müəllifidir.

Alimin rəhbərliyi ilə 18 fəlsəfə doktoru hazırlamışdır.

M.Salmanov Azərbaycanda Mikrobioloqlar Cəmiyyətinin sədri, Müdafiə Şurasının sədri, AMEA-nın Biologiya Elmləri Bölməsinin “Xəbərlər” jurnalının redaksiya üzvü, Azərbaycan Milli Yüksək Texnalogiyalar və Bioetika Komitəsinin üzvü, YUNESKO-nun Azərbaycan MİLLİ Komitəsinin üzvü, Azərbaycan Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin eksperti kimi fəaliyyət gostərir.

Tanınmış elm mücahidini 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,ona möhkəm can sağlığı və Azərbaycan mikrobiologiya elminin tərəqqisi yolunda yeni-yeni yaradıcılıq uğurları arzu edirik.

http://science.gov.az/news/open/4844