XƏBƏRLƏR
3769 Arxiv

2016.09.02

İnstitutumuzun gənc əməkdaşının Xaşı tədqiqatı

AMEA Zoologiya İnstitutunun İnformasiya və İnnovasiya şöbəsi adından belə bir qərara gəldik ki, əməkdaşlarımızın İnstitutumuzun 80 illik yubileyinə həsr olunmuş 05-12 avqust 2016-cı il tarixində Qubanının  Xaşı  kəndinə olan ekspedisiyanın maraqlı tədqiqatlarını seçib sizlərlə bölüşək. İlk həmsöhbətim İnstitutun "Anaxnologiya" laboratoriyasının işçisi Nərmin Beydizadə oldu. Onun tədqiqat obyekti olan hörümçəklər haqqında danışdıq.

Bildiyimiz kimi, hörümçəklərin təbiətdə 101 fəsilədə toplaşan 40.000 növü məlumdur və hər il yüzlərlə yeni hörümçək növü elmə gətirilir. Hələ bir neçə yüzünün mövcudluğu isə bizlərə bəlli deyildir.

Nərmin, bütün hörümçəklərin biologiyasından yox, Quba rayonunun Xaşı kəndinə olan ekspedisiya zamanı topladığı materialların qısa xülasəsini verdi. O, ilk öncə ekspedisiya məkanında tapdığı hörümçəklərin təqdimatından başlayıb: Gnaphasidae, Araneidae, Lycosidae, Thomisidae, Theriididae, Pisauridae, Agelenidae, Salticidae fəsilələrinə aid nümunələrin növ tərkibi təyin edildiyini dedi.

Nərminin hörümçəkləri tədqiqat obyekti olaraq seçməkdə hansı səbəbləri vardır və ya onları öyrənmək bizlərə nə verir suallarını belə cavablandırdı:

1. Hörümçəklər zərərli və infeksion xəstəliklərin törədicilərini bilavasitə gəzdirən həşəratların sayının nizamlanmasında ən böyük rola malikdirlər. Bununla yanaşı özləri də kiçik məməlilərin, quşların, amfibilərin qidası olmaqla təbiətin qida zəncirində əsas halqalardan birini təşkil edirlər.

2. Hörümçəkkimilərin əhəmiyyətinin ən vacib aspekti gələcəkdə onların ifraz etdiyi tordan səmərəli istifadə etmək cəhdidir. Ümid edilir ki, “hörümçək toru sənayesi’’ gələcəkdə genişləndiriləcəkdir və ondan hətta tibbi məqsədlərlə (cərrahiyyə) də istifadə ediləcəkdir. Torun qankəsici xüsusiyyəti artıq qədimdən məlumdur. Lakin təbii halda steril tor tapılmadığından(adətən o, həmişə hörümçəyə yem olmuş həşəratın qalıqları və mikroblarla çirklənmiş olur) və hörümçəklərin kütləvi becərilməsinin çətinliyi ucbatından indiyə qədər bu yalnız ideya olaraq qalır.

3. Hörümçəklərin davranış aspektindən tədqiqinin böyük elmi perspektivi vardır. Çünki hələ də bir sıra məsələlər həll edilməmiş qalır. Alimlər hörümçəklərin həyatını tədqiq edərək Yerdə həyatın əmələ gəlməsində yaranan bir çox problemli məsələlərə və eləcə də instinktiv davranışın qaranlıq qalan tərəflərinə cavab tapırlar.

Materialın bir qismini yuvenil fərdlər təşkil etdiyindən(maraqlıdır ki, onların hamısı eyni ailəyə-Gnaphasidae məxsus idilər)onların "kimliyi" müəyyən edilməmiş qaldı. Lakin adları sadalanan fəsilələrin bir sıra maraqlı növləri qeyd edilə bildi..

Həmçinin Nərmin gələcək tədqiqat mövzusunun  “Zaqatala  Dövlət Qoruğunun hörümçək faunası” olduğunu bildirdi.

İnstitutumuzun çox gənc, eyni zamanda savadlı əməkdaşı Nərminə gələcək tədqiqatlarında uğurlar arzu edirik.