XƏBƏRLƏR
141 Arxiv

2018.10.17

Professor Akif Gərayzadənin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyi qeyd edilib

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda bu müəssisənin laboratoriya müdiri, tanınmış torpaqşünas alim, Əməkdar elm xadimi, professor Akif Gərayzadənin anadan olmasının 80, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr olunan tədbir keçirilib.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev görkəmli alimin şərəfli ömür yolundan, əhatəli elmi yaradıcılığından, aqrar elmin inkişafındakı xidmətlərindən bəhs edib. Bildirib ki, A.Gərayzadə elmi kadrların hazırlanması, torpaqşünaslıq elminin inkişafı sahəsində göstərdiyi səylərə görə ictimaiyyətin dərin hörmət və ehtiramını qazanıb. Ölkəmizdə torpaq fizikasının inkişafı, xüsusilə  torpağın energetikası, elektrik, maqnit, optik  xassələrinin öyrənilməsi məhz onun adı ilə bağlıdır.

Sonra alimin tələbələri adından a.e.ü.e.d Çingiz Gülalıyev çıxış edərək professor A.Gərayzadənin tədqiqatlarının əhəmiyyətindən danışıb, onunla bağlı xatirələrini bölüşüb.

Akademik Məhərrəm Babayev isə çıxışında görkəmli alimin Azərbaycanda torpaq fizikasının nəzəri və təcrübi problemləri üzrə elmi məktəb yaratdığını qeyd edib. O, A.Gərayzadənin yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərindən danışaraq, yubilyarı təbrik edib.

Daha sonra insitutun Həmkarlar İttifaqı Komitəsinin sədri, a.e.ü.f.d. Məmməd Məmmədov və Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev topaqşünas alimin elmi, pedaqoji və ictimai fəaliyyəti barədə məlumat veriblər. Qubada ziyalı ailəsində dünyaya göz açan A.Gərayzadənin şəxsiyyətində xeyirxahlıq, peşəsinə olan sonsuz sədaqət hissi, yetirmələrinə göstərdiyi qayğıkeş münasibət kimi keyfiyyətlərin cəmləndiyi vurğulanıb.

Sonda professor Akif Gərayzadənin 80 illiyinə həsr olunan elmi-praktiki konfransın keçirilməsi və Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin növbəti əsərlər toplusunun alimin yubileyinə həsr edilməsi qərara alınıb.

http://science.gov.az/news/open/8945