XƏBƏRLƏR
133 Arxiv

2018.10.10

"Bioloji müxtəliflik haqqında populyar dildə" kitabının təqdimatı keçirilib

Bu gün Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, Biologiya və Tibb Elmləri Bölməsinin elmi katibi, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov və biologiya üzrə fəlsəfə doktoru Vaqif Əmikişiyevin həmmüəllifi olduğu "Bioloji müxtəliflik haqqında populyar dildə" kitabının təqdimatı keçirilib.

Vəsait AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclik və maarifçilik" İctimai Birliyi tərəfindən reallaşdırılan "Bioloji müxtəliflik haqqında kitabın nəşri" adlı layihə çərçivəsində hazırlanıb.

Genetik Ehtiyatlar İnstitutunda baş tutan tədbirdə Z.Əkpərov bioloji müxtəliflik barədə iştirakçılara məlumat verib. Bildirib ki, bioloji müxtəliflik yer üzərində mövcud olan canlı aləmin əsasını təşkil edir və onun qorunub saxlanması insan üçün olduqca vacibdir.

Təbiətin təbii təkamül prosesi və antropogen amillər nəticəsində dəyişməkdə davam etdiyini deyən alim insanın təsərrüfat fəaliyyətinin bioloji müxtəlifliyə ciddi zərər vurduğunu, nəticədə yer kürəsində həyatı təhlükə altına saldığını deyib.  

Z.Əkpərov dünya miqyasında planetin bioloji irsinin mühafizəsi məqsədilə 1992-ci ildə BMT tərəfindən Bioloji Müxtəliflik haqqında Beynəlxalq Konvensiyanın qəbul edildiyini və ölkəmizin 2000-ci ildə bu sənədə qoşulduğunu söyləyib. Alim konvensiyanın təməl prinsiplərinə uyğun olaraq ölkəmizdə bioloji müxtəlifliyin qorunması üçün xüsusi mühafizə edilən təbiət ərazilərinin genişləndirildiyini, yeni milli parkların, dövlət təbiət qoruqlarının yaradıldığını diqqətə çatdırıb. O, həmçinin bu sahədə hüquqi bazanın möhkəmləndirilməsi və mövcud qanunvericiliyin beynəlxalq hüquq normalarına uyğunlaşdırılması istiqamətində müvafiq tədbirlərin görüldüyünü deyib.

Z.Əkpərov hazırda Biologiya və Tibb Elmləri Bölməsində, o cümlədən Genetik Ehtiyatlar İnstitutunda bioloji müxtəlifliyə dair ciddi tədqiqatların aparıldığını vurğulayıb, respublikanın genefondunun qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində mühüm işlərin görüldüyünü bildirib.

İnstitut direktoru bu gün təbiətşünas mütəxəssislərin və bütün əhalinin qarşısında duran əsas vəzifənin mövcud təbii ekosistemləri və bioloji müxtəlifliyi qorumaq olduğunu, bunun üçün isə insanların maarifləndirilməsinin zəruriliyini söyləyib. O, təqdimatı keçirilən kitabda biomüxtəliflik anlayışı, inkişaf meylləri, tükənmə təhlükələri və digər məsələlərin populyar dildə oxuculara təqdim olunduğunu, vəsaitin şagirdlərin, tələbə və magistrantların maarifləndirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Sonra Afiq Məmmədov çıxış edərək nəşrin ölkəmizdə uzun illər bioloji müxtəlifliyə dair tədqiqatlara rəhbərlik etmiş akademik Cəlal Əliyevin 90 illik yubileyinə dəyərli töhfə olduğunu bildirib. O, bioloji müxtəlifliyə dair ana dilimizdə materialların az olduğunu və təqdimatı keçirilən kitabın bu boşluğu dolduracağını deyib.

Alim bildirib ki, kitabda Azərbaycanda son illərdə biomüxtəlifliyin mühafizəsi və səmərəli istifadəsi sahəsində görülmüş elmi-təşkilati işlər, milli, regional və beynəlxalq səviyyələrdə əməkdaşlıq və hüquq-qanunvericilik məsələləri oxuculara təqdim olunur. Bundan əlavə, biomüxtəlifliyin insan həyatında və ekosistemlərin dayanıqlığında rolu, antropogen amillərin və qlobal iqlim dəyişikliklərinin təsiri ilə baş verən dəyişmələri, azalma təhlükələri barədə məlumatlar sadə dildə oxucunun istifadəsinə verilib.

Daha sonra institut alimlərinin iştirakı ilə kitabın çapının əhəmiyyəti və biomüxtəlifliyin önəmi haqqında müzakirələr aparılıb.

Qeyd edək ki, vəsaitin rəyçisi və "Ön söz"ün müəllifi AMEA-nın Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadədir.

http://science.gov.az/news/open/8890