XƏBƏRLƏR
3019 Arxiv

2018.10.11

Botanika İnstitutu “Yaşıl dalğa” ekoloji hərəkatına dəstək verib

Oktyabrın 10-da Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü, AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının, həmçinin Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib. 

6 oktyabr - Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunmuş ekoloji aksiyanın məqsədi Azərbaycanın endem bitkilərini qorumaq və dünya ictimaiyyətinin, xüsusilə bəşəriyyətin gələcək inkişafının qayğısına qalacaq gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir.

Aksiyada Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, paytaxtın 6 və 132-134 nömrəli məktəblərinin şagirdləri iştirak ediblər.

AMEA-nın Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.ü.f.d. Rəşad Səlimov şagirdlərə Azərbaycan endemləri barədə interaktiv mühazirə keçib. O, insanların təbiətə nəzarətsiz müdaxiləsinin yüzlərlə bitki və heyvan növünün məhvinə gətirib çıxardığını diqqətə çatdırıb.

Sonda şagirdlərin adları yazılmış bəzi endem bitkilərinin toxumları onlara təqdim olunub. Məktəblilər bu bitkilərə necə qulluq edəcəkləri barədə məlumatlandırılıblar.

Aksiya iştirakçılarının bir hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na daxil edilmiş və digər endem bitkilərin (dəmirağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı) tinglərini mütəxəssislərlə birgə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər.

Qeyd edilən bütün bitkilər və tinglər AMEA Mərkəzi Nəbatət Bağının hədiyyəsidir.

http://science.gov.az/news/open/8897