XƏBƏRLƏR
2788 Arxiv

2018.09.17

AMEA-da magistrantların Bilik Günü qeyd edilib

Sentyabrın 17-də "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzində Bilik Günü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə respublikanın ali elm ocağının magistrantlarını əlamətdar gün münasibətilə təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

AMEA-nın tarixində ilk dəfə 2015-ci ildə Prezident İlham Əliyevin dəstəyi ilə ali təhsilin magistratura pilləsinin təşkil olunduğunu bildirən alim qeyd edib ki, 2015/2016-cı tədris ili üçün magistraturaya 19, 2016/2017-ci tədris ili üçün 19 ixtisas üzrə 56, cari ildə isə 67 tələbə qəbul olunub. Bu da gənclərin AMEA-nın magistratura pilləsində təhsil almalarına marağın getdikcə artdığının bariz nümunəsidir.

Akademik A.Əlizadə AMEA-da magistr təhsilinin təşkilini elm və təhsilin inteqrasiyası istiqamətində əldə olunan mühüm nailiyyətlərdən biri kimi dəyərləndirib. Bildirib ki, əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır: "Bu gənclər AMEA-nın elmi gələcəyini təyin edən alimlərdir".

AMEA rəhbəri qeyd edib ki, akademiyada təhsil alan magistrantlar elmi laboratoriyalarda təcrübə keçəcək, elmin son nailiyyətləri ilə tanış olacaq, müasir və perspektivli mövzulara həsr olunmuş dissertasiyalar müdafiə edəcək, görkəmli alimlərlə ünsiyyət quracaqlar. Həmçinin AMEA-da  onların elmlə məşğul olmaları üçün hər cür şərait yaradılıb.

Sonra AMEA-nın magistraturasına qəbulun nəticələri barədə Rəyasət Heyəti aparatının Elm və Təhsil İdarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov çıxış edib. O, 2018-2019-cu tədris ili üçün akademiyanın magistraturasına 19 ixtisas, 49 ixtisaslaşma üzrə 67 nəfərin daxil olduğunu bildirib. Bu il AMEA-nın magistraturasına qəbul olunmaq üçün müsahibədə ümumilikdə 1124 bakalavrın iştirak etdiyini deyən Ə.Sadıqov qəbul olunan tələbələrdən 13-ün 112-dən yükək bal topladığını diqqətə çatdırıb.

Gənclərin Akademiyaya, elmə marağının artdığını qeyd edən idarə rəisi keçirilən müsahibə zamanı bir plan yerinə ən çox sənəd verilən institutun Genetik Ehtiyatlar İnstitutu və qəbul zamanı ən yüksək nəticə göstərən magistrantın isə İdarəretmə Sistemləri İnstitutundan olduğunu deyib.

Alim, həmçinin bu il ilk dəfə olaraq rus və Azərbaycan dillərində AMEA-nın magistraturasına qəbulun ayrılıqda elan edildiyini bildirib.

Sonra çıxış edən magistrantlar elmi fəaliyyətlərini uğurla davam etdirmələri üçün bütün qüvvələrini səfərbər edəcəklərini söyləyib, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.

Sonda AMEA-nın magistrantı adını qazanmış gənclərə magistr biletləri, qiymət kitabçaları və hədiyyələr təqdim edilib.

http://science.gov.az/news/open/8676