XƏBƏRLƏR
36 Arxiv

2018.09.05

İkinci xüsusi şöbədə fövqəladə hallar zamanı həyata keçirilən tədbirlərə dair seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu", Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarı və Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri əsasında təşkil olunduğunu deyib.

O, AMEA-nın elmi müəssisə və təşkilatlarının MM qərargah rəislərinin baş verə biləcək fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı mütəmadi məlumatlandırıldığını diqqətə çatdırıb. Bildirib ki, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bilmək, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək və ilkin tibbi yardımın göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etməyi bacarmaq lazımdır.

E.Quliyev, həmçinin müəssisələrdəki fərdi mühafizə vasitələrinin yeniləri ilə əvəz olunmasının önəminə də toxunub və bu barədə akademiya rəhbərliyinə müraciət edildiyini söyləyib.

Sonra FHN-nin əməkdaşı, polkovnik Qüdrət Ağayev "Əhalinin təhlükəsizliyi ilə əlaqədar fövqəladə hallar zamanı həyata keçirilən tədbirlər və əməkdaşların üzərinə düşən vəzifələr" haqqında məruzə ilə çıxış edib. O, son illərdə dünyada baş verən fövqəladə hadisələrin sayının artdığını və bunun insanın təbiətə müdaxiləsi ilə əlaqəli olduğunu bildirib.

Q.Ağayev fövqəladə hadisələr zamanı insan resurslarının qorunmasının əsas məsələ olduğunu, ölkəmizdə də bu sahədə bir neçə qanunvericilik aktlarının qəbul edildiyini, FHN, o cümlədən MM Qoşunlarının ən müasir texnika və peşəkar əməkdaşlarla təmin olunduğunu diqqətə çatdırıb. O, bu istiqamətdə Avropa İttifaqı, NATO və MDB-yə üzv və tərəfdaş ölkələrlə müvafiq sənədlərin imzalandığını, həmin dövlətlərin qabaqcıl təcrübələrinin öyrənildiyini deyib.

Qüdrət Ağayev FHN-nin fövqəladə hallar zamanı aparılan təxirəsalınmaz tədbirləri haqqında, sellər, daşqınlar, zəlzələlərin yaratdığı ağır fəsadların nəticələrinin aradan qaldırılmasında gördüyü işlərdən söhbət açıb. 

FHN rəsmisi AMEA-da mülki müdafiə sahəsində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib və qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında suallar cavablandırılıb.

Daha sonra FHN-nin Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin rəis müavini, polkovnik Cavanşir Həşimov çıxış edərək 2018-ci ildə respublikanın ümumilikdə 159 nazirlik, komitə və təşkilatında MM Tədbirlər Planının təsdiqləndiyini söyləyib. O, cari ildə planın icrası ilə əlaqədar bir sıra yoxlamaların aparıldığını, bəzi qurumlarda əhalinin marifləndirilməsi istiqamətində işlərin düzgün yerinə yetirilmədiyini və formal xarakter daşıdığını deyib.

C.Həşimov hazırda MM haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir neçə əsasnamənin layihəsinin hazırlandığını diqqətə çatdırıb. FHN rəsmisi, həmçinin böhran vəziyyətlərində vətəndaşlara xəbərdarlıq siqnallarının çatdırılması ilə bağlı məlumat da verib.

Tədbirdə sentyabr ayında keçiriləcək Rəhbər Heyətin MM məşqləri və MM qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında qərargah rəislərinə tövsiyələr verilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

http://science.gov.az/news/open/8590