XƏBƏRLƏR
53 Arxiv

2018.08.31

AMEA-nın Yüksək Texnologiyalar Parkında zirehli jiletlərin və aksesuarların təqdimatı keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti “Buta Armor” MMC tərəfindən  zirehli jiletlərin və aksesuarların təqdimat mərasimi keçirilib.

Mərasimdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev, Yer Elmləri Bölməsinin akademik-katibi, akademik Fəxrəddin Qədirov, Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov, “EPC Group” MMC-nin prezidenti Reza Vəziri, "Mars Armor" LTD şirkətinin direktoru Plamen Taşkov və digər şəxslər iştirak ediblər.

Tədbiri “AMEA Yüksək Texnologiyalar Parkı” MMC-nin direktoru, i.ü.f.d. Nazim Şükürov açaraq YT Parkın Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, parkın yaradılmasında əsas məqsəd iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır. 

Son zamanlarda YT Parkda müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm layihələrin həyata keçirildiyini deyən N.Şükürov istehsal edilən bir sıra məhsulların tezliklə bazara çıxarılmasının nəzərdə tutulduğunu vurğulayıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev akademiyanın biliklər iqtisadiyyatının qurulması istiqamətindəki islahatlarından söz açaraq, burada innovasiya fəaliyyətinin effektiv mexanizm əsasında aparılması üçün dünya təcrübəsinin tətbiq edildiyini bildirib. Bu məqsədlə islahatların davam etdirildiyini deyən akademik elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi, texnoloji, elmtutumlu milli məhsulların istehsalı və intellektual biznesin formalaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü söyləyib.

Daha sonra AMEA-nın İşlər İdarəsinin rəisi, siyasi elmlər doktoru Fətəli Abdullayev çıxış edərək bildirib ki, son illərdə YT Parkın imkanları sayəsində Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşıb və elm-sənaye-dövlət üçübucağı yaranıb. F.Abdullayev hazırda parkın ərazisində Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlandığını, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və milli iqtisadiyyatda elmin payının artırılmasında önəmli işlərin görüldüyünü söyləyib.

“EPC Group” MMC-nin prezidenti Reza Vəziri isə çıxışında elm və istehsalatın birgə tətbiqinin elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından əhəmiyyətli olduğunu deyib, bu istiqamətdə fəaliyyət göstərən mütəxəssislərə nailiyyətlər arzulayıb.

Tədbirdə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini icra edən Yanko Yanakiev və Bolqarıstan-Azərbaycan Ticarət Palatasının sədri Dimitar Bratanov çıxış edərək iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulduğunu, bütün istiqamətlərdə birgə fəaliyyətin səmərəli olacağını bildiriblər.

Daha sonra "Mars Armor" LTD şirkətinin direktoru Plamen Taşkov rəhbərlik etdiyi qurum haqqında məlumat verib, zirehli jiletlərin məhsul çeşidləri və istehsal prosesini diqqətə çatdırıb. Bildirib ki, burada dünya standartlarına cavab verən zirehli jiletlərin və aksesuarların istehsalı nəzərdə tutulur.

Sonda qonaqları maraqlandıran suallar cavablandırılıb.

http://science.gov.az/news/open/8565