XƏBƏRLƏR
118 Arxiv

2018.07.04

AMEA prezidenti Meksikanın ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 4-də AMEA-nın prezidenti, akademik Akif Əlizadə Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodriqo Labardini Floreslə görüşüb. 

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev və Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva da iştirak ediblər.

Əvvəlcə akademik Akif Əlizadə qonağa Azərbaycanda neft sənayesinin tarixindən, ölkəmizdə geologiya və geofizika sahəsində aparılan tədqiqatlardan, həmçinin rəhbərlik etdiyi elm ocağında həyata keçirilən innovativ layihələrdən bəhs edib. Azərbaycanda vulkanların öyrənilməsi ilə bağlı aparılan araşdırmalardan danışan AMEA rəhbəri ölkə mütəxəssislərinin hazırladığı “Dünya palçıq vulkanları atlası” barədə də səfirə məlumat verib.

Akademik A.Əlizadə Meksikanın müvafiq elmi qurumları ilə əlaqələrin qurulması istiqamətində tərəflərin bir araya gəlməsinin vacibliyini qeyd edib.

Səfir isə öz növbəsində səmimi qəbula görə AMEA-nın rəhbərinə təşəkkürünü bildirib. O, Meksikanın dünya arenasında hazırkı mövqeyi, ölkəsinin elm, təhsil, turizm və digər sahələrdə son illər ərzində əldə etdiyi nailiyyətlər barədə danışıb.

Diplomat ölkəsinin elmi müəssisələri ilə kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Görüşdə Meksikanın elmi tədqiqat institutları, universitetləri ilə AMEA-nın palçıq vulkanizmi, seysmologiya və arxeologiya sahələrində elmi əməkdaşlıq imkanları müzakirə edilib, hər iki ölkənin akademiyaları arasında əməkdaşlığa dair müvafiq sənədin hazırlanması və gələcəkdə bununla bağlı görüşlərin keçirilməsi planlaşdırılıb.

http://science.gov.az/news/open/8344