XƏBƏRLƏR
139 Arxiv

2018.06.29

İnstitutun növbəti elmi seminarı keçirilib

Bu gün Zoologiya İnstitutunun elmi seminarında Quru onurğasızları laboratoriyasının elmi işçisi Şəfa Xasayevanın “Gəncə-Qazax bölgəsinin hörümçəklərinin (Arachnida, Araneae) fauna və ekologiyasi” mövzusunda məruzəsi dinlənildi. Tədqiqatçı Gəncə-Qazax bölgəsinin hörümçəklərinin fauna və ekologiyası, həmçinin bəzi növlərin praktiki əhəmiyyəti haqqında geniş məlumatlar verdi. Onun apardığı tədqiqatlar nəticəsində məlum olmuşdur ki, bölgənin hörümçək faunası 30 fəsilədə 141 cinsə mənsub 314 növdən ibarətdir. Bunlardan 5 növ Qafqaz faunası üçün, 1 cins (Olios Walckenaer, 1837) və 6 növ Azərbaycan faunası üçün, 7 fəsilə, 51 cins və 223 növ isə Gəncə-Qazax bölgəsinin hörümçək faunası üçün ilk dəfə qeyd olunur. Həmçinin, Xasayeva elm üçün yeni olan bir növün (Dysdera ali sp.n.) təsvirini vermişdir. Bundan əlavə tədqiqatçı tərəfindən faunaya daxil olan iki növün (Anagraphis pallens Simon, 1893 və Trachyzelotes jaxartensis (Kroneberg, 1875)) yeni sinonimləri təklif olunub. Bu təklif dünya araxnoloqları tərəfindən qəbul olunub. Hazırda “Avropanın hörümçəkləri” və “Dünya hörümçəkləri” kataloqlarında həmin sinonimlərə uyğun düzəlişlər olunub.