XƏBƏRLƏR
87 Arxiv

2018.06.29

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələlər barədə məlumat verib.

E.Quliyev mülki müdafiəyə dair seminar, məşğələ və digər tədbirlərin "Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu", Nazirlər Kabinetinin "Mülki müdafiənin təmin edilməsi barədə" 1998-ci il 25 sentyabr tarixli Qərarı və Fövqəladə Hallar Nazirliyinin (FHN) tövsiyələri əsasında təşkil olunduğunu diqqətə çatdırıb.

Ölkəmizin müharibə şəraitində yaşadığını xatırladan E.Quliyev bildirib ki, qərargah rəisləri bunu nəzərə almalı, elmi müəssisə və təşkilatlarda keçirilən seminarlarda əməkdaşlar fövqəladə hadisələrin təsirindən qorunma, ilkin tibbi və özünə yardım, eləcə də digər zəruri hallarla bağlı maarifləndirilməli, onların MM hazırlığı yoxlanılmalıdır.

Sonra may və iyun aylarında AMEA-nın 21 elmi müəssisə və təşkilatında keçirilmiş Rəhbər Heyətin MM məşqləri və Mülki müdafiə qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

İclasda, həmçinin 2018-ci ilin 6 ayında AMEA-nın elmi müəssisə və təşkilatlarının mülki müdafiə hazırlığının yekunları ilə bağlı müzakirələr aparılıb, qarşıda duran məsələlər haqqında tövsiyələr verilib.

Daha sonra şöbənin baş mütəxəssisi Oqtay Fərzəliyev çıxış edərək AMEA-nın Radiasiya Problemləri və Fizika institutlarının MM qərargah rəislərinin avqust ayında FHN tərəfindən keçiriləcək kurslarda iştirak edəcəyi barədə məlumat verib.

Sonda bir sıra cari məsələrələ baxılıb.

http://science.gov.az/news/open/8307