XƏBƏRLƏR
64 Arxiv

2018.06.28

Türk dünyasından olan ölkələrin elmi mərkəzləri ilə əlaqələr genişlənir

AMEA Rəyasət Heyətində Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salahov, Başqırdıstan Respublikası Elmlər Akademiyasının prezidenti,  akademik Alfis Qayazov və Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev ilə görüş keçirilib.

Görüşdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara rəhbərlik etdiyi elmi qurumun yaranma tarixi və burada aparılan müasir tədqiqatlar barədə məlumat verib. Bildirib ki, 70 ildən artıqdır fəaliyyət göstərən AMEA bu müddət ərzində Azərbaycan və dünya elminə mühüm töhfələr verib, bir sıra nailiyyətlərə imza atıb. Hazırda akademiyada dünya elminin çağırışlarına cavab verən, prioritet elmi istiqamətlərdə araşdırmalar aparılır, innovativ layihələr həyata keçirilir. 

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) haqqında məlumat verən alim Parkın yaradılmasında əsas məqsədin iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və s. dövlət dəstəyini daha da artırmaqdan ibarət olduğunu söyləyib. O, son zamanlar YT Parkda kənd təsərrüfatı, müdafiə təyinatlı sahələr və digər istiqamətlərdə bir sıra mühüm işlərin görüldüyünü qeyd edib.

Qonaqlara rəhbərlik etdiyi elm ocağında ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi barədə məlumat verən akademik A.Əlizadə bugünədək 200-dən çox magistrantın AMEA-da təhsil aldığını deyib. O, magistraturanın təşkilində əsas məqsədin gənc tədqiqatçıları elmə cəlb etməkdən ibarət olduğunu bildirib.

Alim akademiyada informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı görülən işlərdən danışıb. AMEA rəhbəri bu sahə üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların yetişdirilməsinin qarşıda duran əsas hədəflərdən olduğunu deyib.

AMEA-nın beynəlxalq əlaqələrindən söz açan A.Əlizadə vurğulayıb ki, rəhbərlik etdiyi qurum bir çox Avropa ölkəsinin elmi müəssisə və təşkilatları ilə sıx əməkdaşlıq edir, kadr və təcrübə mübadiləsi aparır.

Sonra çıxış edən Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik M.Salahov AMEA-da həyata keçirilən tədbirləri və aparılan multidissiplinar tədqiqatları yüksək qiymətləndirib. O, AMEA ilə müvafiq sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edərək, azərbaycanlı alimlərlə birgə elmi tədqiqatların aparılmasının məqsədəuyğun olduğunu diqqətə çatdırıb.

Akademik M.Salahov İT, rəqəmsal iqtisadiyyat, riyaziyyat, geologiya, geofizika kimi sahələrdə azərbaycanlı alimlərin təcrübəsinin öyrənilməsi məqsədilə onları Tatarıstan Elmlər Akademiyasında elmi mühazirələr oxumağa dəvət edib.

Görüşdə, həmçinin  Tatarıstan Elmlər Akademiyası, Başqırdıstan Respublikası Elmlər Akademiyası və Beynəlxalq Türk Akademiyası arasında çoxtərəfli əməkdaşlıq əlqələrinin təşkili və inkişafına dair müzakirələr aparılıb, bir sıra təkliflər irəli sürülüb, müvafiq qərarlar qəbul edilib.

Görüşdə AMEA-nın vitse-prezidentləri, akademiklər İbrahim Quliyevİsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayea da iştirak ediblər.

Sonda xatirə şəkli çəkilib.

http://science.gov.az/news/open/8298