XƏBƏRLƏR
169 Arxiv

2018.06.21

AMEA YT Parkda Avropa İttifaqının TAİEX layihəsinin ekspertləri ilə görüş keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) Avropa İttifaqının Texniki Yardım və İnformasiya Mübadiləsi (TAİEX) layihəsinin ekspertləri ilə görüş keçirilib.

Məqsəd Azərbaycan ali təhsil sistemində tədqiqat və innovasiya siyasətinin idarə olunmasının gücləndirilməsidir.

Görüşdə AMEA YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev, müəssisənin direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Elxan Bayramov, AR Təhsil Nazirliyinin nümayəndəsi Nəzrin Bağırova, Rumıniya Milli Siyasi Araşdırmalar və Dövlət İdarəetmə Universitetinin şöbə müdiri Mihai Paunesku və Litva Tədris Elmləri Universitetinin Riyaziyyat, informatika və fizika kafedrasının müəllimi Gintaras Arbutavikius iştirak ediblər.

Tədbirdə V.Babayev çıxış edərək TAİEX-lə əməkdaşlığın ölkəmizdə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan yüksək texnologiyalar sahəsinin inkişafına təkan verəcəyini vurğulayıb.

Sonra Mihai Paunesku tədqiqat və innovasiyaların idarə edilməsi, Rumıniyanın bu sahədə mövcud vəziyyəti, performans maliyyələşdirilməsi, tədqiqat, tədris qiymətləndirilməsi və metodlarından bəhs edib.

Daha sonra çıxış edən Gintaras Arbutavikius Litvanın tərcübəsi, şirkətlər üçün təlim ehtiyaclarının tədqiqi və biznes təşkilatlarında tədqiqat problemlərindən söz açıb.

Sonda qonaqlar Texnoparkın ərazisi ilə tanış olub, burada yaradılan şərait, rezidentlərin fəaliyyəti barədə məlumat alıblar.

http://science.gov.az/news/open/8255