XƏBƏRLƏR
249 Arxiv

2018.06.20

AMEA-da akademik Vahid Hacıyevin 90 illik yubileyi qeyd olunub

AMEA-nın Əsas binasında görkəmli botanik alim, “Şərəf nişanı” və “Şöhrət” ordenləri laureatı, akademik Vahid Hacıyevin 90 illik yubileyinə həsr olunan “Botaniki tədqiqatlarda yeni çağırışlar” adlı elmi konfrans keçirilib.

AMEA-nın Botanika İnstitutu və Azərbaycan Botaniklər Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan tədbir akademikin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova açaraq V.Hacıyevin həyat və fəaliyyətindən, ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Bildirib ki,  alim uzun illər Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmən­lə­rində geobotaniki tədqiqatlar aparıb, floranın sistemati­kası, bitki örtüyü­nün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrə­nilməsi problemlərinə xüsusi diqqət ayırıb.

İ.Hüseynova akademikin iki dəfə “Azərbay­canın bitki örtüyü” xəritələrini tərtib etdiyini, ilk dəfə yüksək dağ çəmənləri­nin bitki örtüyünü rayonlaşdırdığını və assosiasiya səviyyəsində təsnifatını verdiyini söyləyib.

Akademikin rəhbərliyi altında Azərbaycanın qış və yay otlaqlarının bitki­liyinin tədqiq edildiyini deyən AMEA-nın vitse-prezidenti bildirib ki, V.Hacıyev tərəfindən onların qorunması, bərpası, eləcə də səmərəli istifadəsinin elmi əsasları işlənib ha­zırlanıb.

O, Vahid Hacıyevin Azərbaycanda botanika sahəsində elmi kadr potensialının gücləndirilməsi üçün də gərgin əmək sərf etdiyini, alimin rəhbər­liyi altında 5 elm­lər və 40-a yaxın fəlsəfə doktorunun hazırlandığını diqqətə çatdırıb.

Sonra Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə V.Hacıyevin elmi-pedaqoji və təşkilati fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, görkəmli alim 1928-ci ilin fevral ayında Şuşa şəhərində anadan olub və uşaq yaşlarında ailəsi ilə birlikdə Tərtər rayonuna köçüb.

Alimin ali təhsilini 1943-1947-ci illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunun Tarlaçılıq fakültəsində aldığını xatırladan V.Əlizadə V.Hacıyevin 1952-ci ildən etibarən AMEA Bota­nika Bağında böyük elmi işçi kimi fəaliyyətə başladığını deyib. Qeyd edib ki, akademik 1972-ci ildən ömrünün sonunadək Botanika İnstitutunda Geobotanika şöbəsinin müdiri, həmçinin 1988-2008-ci illərdə direktoru vəzifələrində çalışıb.

Məruzəçi V.Hacıyevin 1952-ci ildə fəlsəfə, 1966-cı ildə elmlər doktoru disserta­siyalarını mü­da­fiə etdiyini, 1970-ci ildə isə professor elmi adını aldığını diqqətə çatdırıb. Bundan əlavə, botanik alimin 1983-cü ildə Azərbaycan SSR EA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçildiyini bildirib.

Alimin müxtəlif illərdə təşkil edilmiş floristik, sistematik və başqa ekspedisiyalarda, xüsusən “Günəş-84” və “Günəş-85” eksperimentlərində fəal iştirak etdiyini deyən akademik bildirib ki, V.Hacıyev Şirvan, Muğan, Qobustan, Ceyrançöl, Acınohur səhra və yarım­səhralarının pasportlaşdı­rıl­masını həyata keçirib, 500 min hektar yay otlaqlarının yaxşılaşdırılmasına dair tədqiqatlar aparıb.

Vahid Hacıyevin tədqiqatlarının 350-dən artıq məqalədə və 12 monoqrafiyada öz əksini tapdığını deyən institut direktoru alimin fəaliyyətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirildiyini, 1981-ci ildə “Şərəf nişanı” və 2004-cü ildə “Şöhrət” ordeni ilə təltif edildiyini söyləyib.

Daha sonra konfransda AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyev, AMEA-nın müxbir üzvü Vaqif Novruzov, Botanika İnstitutunun laboratoriya müdiri, b.e.d., Səyyarə İbadullayevaGenetik Ehtiyatlar İnstitutunun şöbə müdiri, b.e.d., Aydın Əsgərov, BDU-nun Botanika kafedrasının müdiri, professor Elşad Qurbanov və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər.

Konfransda, həmçinin Vahid Hacıyevə həsr olunan sənədli film nümayiş etdirilib.

Sonda akademikin oğlu, tibb elmləri doktoru, professor Rasim Hacıyev çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Qeyd edək ki, iki gün davam edəcək konfransda "Bitki sistematikası, təkamülü və müxtəlifliyi", "Mikoloji tədqiqatlar: müxtəliflik, sistematika və təkamül", "Bitki ehtiyatları və səmərəli istifadə yolları", "Bitkilərin fiziologiyası, biokimyası və biofizikası", "Ətraf mühit və ekosistem tədqiqatları" və "Sahələrarası tədqiqatlar" bölmələri üzrə müxtəlif mövzularda məruzələr dinləniləcək, müzakirələr aparılacaq.

http://science.gov.az/news/open/8245