XƏBƏRLƏR
209 Arxiv

2018.05.31

Bibliometrik analizə həsr olunan məqalə beynəlxalq jurnalda dərc olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin malaziyalı alimlər ilə birgə həmmüəllifi olduqları “Bibliometric Analysis of IP&M Journal (1980-2015)” (IP&M jurnalının bibliometrik təhlili) adlı məqalə “Journal of Scientometric Research”də nəşr olunub.

Təqdim olunmuş məqalədə “Information Processing & Management (IP & M)” adlı jurnalın 1980-2015-ci illər üzrə bibliometrik təhlili təqdim edilib. Aparılan tədqiqatlarda məqalələrin illər üzrə paylanması, onların kateqoriyalar üzrə təsnifatı, məqalələrdə müəlliflik məsələləri, əməkdaşlıq dərəcəsi, onların verdiyi töhfələr və bu töhfələrin institutlar üzrə paylanması, məqalələrin coğrafi bölgüsü və IP&M jurnalına olan istinadların sayı kimi mühüm göstəricilərin təhlili aparılıb. Təhlillər zamanı aydın olur ki, 1980-2015-ci illər ərzində jurnalda 2913 məqalə çap olunub və bunlar arasında araşdırma məqalələri (research articles) yüksək faiz (67.15%) göstəricisinə malikdir. Bununla yanaşı, müəlliflər tərəfindən məqalələrin sayına görə 24 ən məhsuldar ölkə, 10 ən məhsuldar institut və 10 ən məhsuldar müəllif müəyyənləşdirilib.

Qeyd edək ki, IP&M jurnalının təhlilini apararkən əldə olunmuş bir sıra nəticələr, həmçinin, gələcəkdə aparılacaq tədqiqatlar haqqında məlumatlar məqalədə aydın şəkildə öz əksini tapıb.

Məqalənin nəşr olunduğu “Journal of Scientometric Research” jurnalı “Web of Science”, “CNKI”, “EBSCO Publishing’s Electronic Database”, “Exlibris”, “Google Scholar”, “Hinari”, “Infotrieve”, “Journal Guide”, “National Science Library”, “OpenJGate” və s. elmi bazalarda indeksləşir.

http://science.gov.az/news/open/8111