XƏBƏRLƏR
233 Arxiv

2018.05.29

Müsəlman Şərqinin ilk cümhuriyyəti

Müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından 100 il keçir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev milli tariximizə xüsusi qayğı və hörmət əlaməti olaraq cümhuriyyətin yubileyi haqqında 2017-ci il 16 may tarixində müvafiq sərəncam imzalayıb. 

Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Azərbaycan xalqını təmsil edən Milli Şura müsəlman Şərqində ilk dəfə olaraq respublika formasında Azərbaycanın dövlət müstəqilliyini elan etdi. Zaman etibarilə bu tarixi hadisədən uzaqlaşdıqca, onun təkcə Azərbaycan və müsəlman Şərqi deyil, bütün dünya üçün böyük əhəmiyyət daşıdığı daha aydın şəkildə özünü göstərir, cümhuriyyət irsinə təkrarən müraciət olunur və çoxlu suallara olan cavabları yenidən oxumaq və ibrət almaq lazım gəlir: Cümhuriyyətin yaradılmasına aparan tarixi yol necə olub? Cümhuriyyət necə elan edilib? Buna hansı daxili və beynəlxalq amillər təsir edib? Azərbaycan hökumətinin ölkə daxilində həyata keçirdiyi tədbirlərin əhəmiyyəti nədən ibarət olub? Azərbaycan Xalq Cümhuriyyəti dövlətinin xarici siyasəti necə olub? Dövlət müstəqilliyinə necə son qoyulub? Cümhuriyyət dövrü tariximizdən hansı ibrət dərsləri almalıyıq? 

Heç kəsə sirr deyildir ki, sovet dövründə Azərbaycan tarixinin barəsində yazılmayan və danışılmayan, üstündən sükutla keçilən, yazılan və danışılanda isə kobudcasına təhrif edilən səhifələrindən biri 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dövrü olub. Bu tarixə dair arxiv sənədləri daim “məxfi”, “tam məxfi” qrifləri altında saxlanıldığından tədqiqatçılar tarixi həqiqətlərin heç də hamısını bilməyiblər, bilənləri isə ideologiyanın təsiri altında onu məqsədli şəkildə, düşünərək təhrif edərək yazıblar. Lakin Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra yaranmış yeni şəraitdə “tam məxfi”, “məxfi” arxiv fondları açıldıqda tamamilə başqa bir mənzərə üzə çıxdı. Cümhuriyyət tarixinə yeni baxış meydana gəldi. 

Cümhuriyyət tarixinin sistemli şəkildə araşdırılmasında Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında”, “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında” və “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında” sərəncamları mühüm rol oynadı. Məhz həmin sənədlərdə nəzərdə tutulmuş məsələlərin yerinə yetirilməsi nəticəsində sonrakı illərdə cümhuriyyət dövrü tarixinə həsr olunmuş ciddi, əhatəli və dərin elmi-tədqiqat işləri aparıldı, qiymətli əsərlər yazıldı, xarici siyasət sənədləri, parlamentin stenoqramları və b. nəşr edildi.

Cümhuriyyətin yaradılmasına aparan tarixi yol

Cümhuriyyətin elan edilməsi göydəndüşmə olmadı. Məlumdur ki, çarizmin Azərbaycanın şimalını işğal edib ilhaq edənə qədərki müəyyən dövrdə Azərbaycan xalqının zəngin dövlətçilik ənənələri mövcud idi. Lakin 1828-ci ildə Azərbaycanın şimalı çar Rusiyası tərəfindən xanlıqlar formasında işğal edildikdən sonra tamamilə yeni bir şərait yarandı. 

Azərbaycanın ərazisi və xalqı iki yerə bölüşdürüldü. Azərbaycan xalqı işğalla barışmadı. İşğala qarşı müqavimət hərəkatı, üsyanlar baş verdi. Amansızlıqla yatırılan üsyanlardan sonra müstəqillik şüurunun, onun daşıyıcılarının sistemli şəkildə məhvinə başlandı. İşğaldan narazı olaraq ona qarşı çıxan şəxsləri amansız Sibir sürgünləri və həbsxanalar gözləyirdi. Çarizm orqanları hakimiyyət əleyhinə olan ən xırda təzahürləri amansızlıqla məhv edirdi. Qeyd etmək lazımdır ki, rəsmi məlumatlara görə, bu zaman Sibir sürgünlərində təqribən 5 min nəfər azərbaycanlı var idi. 

İmperiya ərazisində aparılan islahatların başlıca məqsədi çarizmin ümumi müstəmləkəçilik mənafelərini təmin etmək, ucqarların mərkəzə daha sıx bağlanması idi. Azərbaycanda demoqrafik şəraiti dəyişdirməkdən ötrü qeyri-azərbaycanlılar iri şəhərlərə və müxtəlif yaşayış məntəqələrinə yerləşdirilirdilər. Yadellilərin gəlməsi sadəcə demoqrafik şəraiti dəyişdirmirdi. Gəlmələr yerli əhaliyə məxsus zəngin torpaqlara sahib oldular. Onlar üçün üstün şərait yaradılır, hətta silah gəzdirmələrinə icazə verilirdi. Bütün bunlar təkcə sosial deyil, milli ziddiyyətləri də kəskinləşdirirdi. Sonrakı dövrlərdə baş verən ən böhranlı anlarda məhz köçürülənlər çarizmin müstəmləkəçilik siyasətinin yerlərdə əsas dayaqlarına çevrilirdilər. Azərbaycanın qarşılaşdığı bütün milli və ərazi problemlərinin təməlləri məhz işğaldan sonra çar Rusiyası tərəfindən qoyuldu.

Özünün ümumi strateji mənafelərini yerinə yetirmək üçün çarizm Azərbaycanda idarəçilik işlərinin aparılmasına kömək edən yerli etibarlı şəxslərdən ibarət məmurların yaradılmasında maraqlı idi. Bütün bunlar çarizmin müstəmləkəçilik və ruslaşdırma siyasətinə xidmət edirdi. Azərbaycanda müasir məktəblər və mədəni-maarif müəssisələri yaradıldı. İlk milli teatr yaradıldı. Ana dilində ilk qəzet buraxıldı. Çarizmin hansı məqsədlər güdməsindən asılı olmayaraq təhsil və mədəniyyət sahəsində yeridilən siyasət mövcud şərtlər daxilində Azərbaycan xalqının maariflənməsinə, dövrünün elm və mədəniyyət nailiyyətlərindən xəbər tutmasına imkan verirdi. Maarifçilik xalqda milli hisslərin oyanmasında, milli özünüdərkində, milli şüurun inkişafında və nəhayət, milli hərəkatın yaranmasında mühüm rol oynadı. Azərbaycan xalqının millətləşmə prosesini sürətli keçməsində bu amilin xüsusi əhəmiyyəti oldu. Rusiya tərkibində olan Şimali Azərbaycanda xalqımızın ümmətçilikdən millətçiliyə keçməsi Cənubi Azərbaycana nisbətən daha sürətli oldu. Azərbaycan Rusiya vasitəsilə Avropaya daha çox yaxınlaşdı. 

Abbasqulu ağa Bakıxanov, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi ziyalılar xalqın maariflənməsində əvəzsiz xidmət göstərdilər. Çarizm dövründə yaradılmış müxtəlif ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri xalqın problemlərinin həllinə yardım edilməsində, humanitar əsasda birləşməsində müəyyən rol oynadı. 

1905-1907-ci illər inqilabı və ondan sonra baş verən proseslər Azərbaycana da yeniliklər gətirdi. Bu dövrdə bütün dünyada gedən ictimai-siyasi hərəkatda əsasən iki böyük cərəyan - milli-azadlıq hərəkatı, millətçilik və sosial-demokratiya mövcud idi. Həmin məqsədlərə uyğun olaraq ictimai və siyasi təşkilatlar yaradıldı. Milli-azadlıq hərəkatı son nəticədə imperiyaların dağılmasına, zülm altında inləyən xalqların azad olmasına və müstəqil dövlətlərinin yaradılması məqsədini güdürdüsə, sosial-demokratiya isə daha çox rejimləri dəyişməklə mahiyyətinə görə imperiyaların qorunub-saxlanılmasına yönəlmişdi. Azərbaycan xalqının istəklərinin ifadəçiləri, milli-azadlıq hərəkatının öndərləri “Difai”, “Müsavat”, sosial-demokratiyanın təmsilçisi isə “Hümmət” oldu. Müxtəlif cərəyanları təmsil edən partiyaların mövcudluğu Azərbaycan siyasi tarixinin zənginliyini və çoxtərəfliliyini göstərir.

Çarizm Azərbaycanda pantürkçüləri və panislamçıları, müstəqillik tərəfdarlarını amansızlıqla təqib edirdi. Birinci Dünya müharibəsi və ya o zaman deyildiyi kimi, Böyük müharibə xalqları özlərini mühafizə etmək və gələcək həyatlarını necə qurmaq barədə düşünməyə vadar edirdi. İmperiyaların və müstəmləkə zülmü altında inləyən xalqların həyatlarının daha əvvəlki kimi olmayacağı artıq müharibənin əvvəllərindən aydın idi. Heç əbəs deyildir ki, müharibənin sonlarında yaranmış gərgin şəraitdə Azərbaycanın istiqlalı məsələsində çox az saylı azərbaycanlı ziyalılar Əli bəy Hüseynzadə, Əhmədbəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və b. müstəsna rol oynadılar. Onlar xalqın taleyi ilə bağlı məsələlərdə məsuliyyəti üzərlərinə götürdülər. Azərbaycanın gələcəyini düşünən ziyalılar müxtəlif yollar aramağa başladılar. Onlar daxili amillərlə yanaşı, xarici amilə də ümid edirdilər. Xarici amil isə Osmanlı dövləti idi. İstanbul dünya türklüyünün və İslamın mərkəzi olduğundan azərbaycanlılar da Osmanlıya nicat gözü kimi baxırdılar. Belə mövqe müharibə aparan Osmanlının da strateji niyyətlərinə tam uyğun gəlirdi. Bu məqsədlə bir neçə azərbaycanlı hətta müharibənin ilk illərində Ərzuruma gedərək Ənvər Paşa ilə görüşmüşdülər. Onlar azərbaycanlıların çarizmin zülmündən xilas olmalarına kömək göstərilməsini xahiş etmişdilər. Eyni zamanda Osmanlı hökuməti də Qafqaz və Mərkəzi Asiya istiqamətində hərəkət etmək üçün bir etibarlı müttəfiqə, sosial dayağa ehtiyac duyurdu. Bu zaman maraqlar üst-üstə düşürdü.

1917-ci ilin fevralında Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Oktyabr ayında isə bolşeviklərin hakimiyyətə gəlməsi tamamilə yeni bir şərait yaratdı. Noyabr ayının əvvəllərində Bakıda bolşeviklər hakimiyyəti ələ aldılar. S.Şaumyan başda olmaqla Bakı Soveti Azərbaycan xalqına qarşı düşmənçilik siyasəti yeridirdi.

Bakıda sovet hakimiyyəti elan edildikdən neçə gün sonra Antanta ölkələrinin maliyyə və təşkilati yardımları ilə Tiflisdə Transqafqaz Komissarlığı yaradıldı. Rusiyada bolşevik hökuməti müharibədən çıxdığını elan etdi. Almaniya bloku ölkələri ilə barışıq imzaladı. Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məslisinə seçilən deputatlar mərkəzdə fəaliyyətə başlaya bilmədiklərindən və bu orqan bolşeviklər tərəfindən qovulduqdan sonra onlar 1918-ci il fevralın 23-də Tiflisdə Transqafqaz Seymini (parlamenti) yaratdılar. Seymdə Azərbaycan fraksiyası 44 nəfərdən ibarət idi. Həmin il aprelin 22-də Seym Cənubi Qafqazın müstəqilliyini elan edərək Zaqafqaziya Demokratik Federativ Respublikasını yaratdı. 

Osmanlı dövləti Cənubi Qafqaz istiqamətində əlverişli imkan qazandı. Azərbaycan uğrunda böyük dövlətlərin mübarizəsi kəskinləşdi. Rus Qafqaz cəbhəsi dağıldı. Ordu hissələri ilə birlikdə geri dönən erməni silahlı bandaları Cənubi Azərbaycanda, Şərqi Anadoluda törətdikləri qırğınları bu dəfə Cənubi Qafqazda davam etdirdilər. Bu qanlı hadisələrin zirvə nöqtəsi 1918-ci ilin martında erməni daşnak və Bakı Soveti qüvvələrinin Bakıda və Bakı quberniyasında azərbaycanlılara qarşı törətdikləri soyqırımı oldu. Soyqırımının başlıca məqsədi istiqlal tərəfdarlarını məhv etmək, onun sosial dayaqlarını dağıtmaq, müharibənin son mərhələsində döyüşən dövlətlərin strategiyasında mühüm yer tutan Bakı neftinə sahib olmaq, Azərbaycanın Rusiyadan ayrılmasına imkan verməmək, Osmanlı hücumlarının qarşısını almaq idi. Transqafqaz Seymi azərbaycanlılara qarşı törədilən qırğınların qarşısını ala bilmədi və daxili ziddiyyətlər ucbatından süqut dövrünə qədəm qoydu.

İstiqlalın elan edilməsi

Daxili ziddiyyətlər aradan qaldırılmadığından mayın 27-də Azərbaycan fraksiyası ayrıca iclasına toplaşaraq müstəqilliyi elan etmək qərarına gəldi. Fraksiya özünü Azərbaycan Milli Şurası elan etdi. Azərbaycan xalqının tarixi istəyi yerinə yetirildi. 

Bu zaman Osmanlı ilə Zaqafqaziya arasında Batumda keçirilən danışıqlarda iştirak edən M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçildi. M.Ə.Rəsulzadənin namizədliyini İttihad Partiyasından başqa bütün partiyaların namizədləri dəstəklədilər. Milli Şuranın mayın 28-də Tiflisdə keçirilən iclasında Azərbaycanın İstiqlal Bəyannaməsi qəbul edildi. Altı maddədən ibarət olan bəyannamədə yazılırdı: 1. Bu gündən etibarən Azərbaycan xalqı hakimiyyət hüququna malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir. 2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir. 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərə, xüsusən qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir. 4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir. 5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır. 6. Müəssislər Məclisi toplanana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət dayanır”. 

Azərbaycanın idarə forması Xalq Cümhuriyyəti idi. Yeni dövlət bütün qonşularla mehriban münasibətlər qurmaq istəyini bəyan etdi. Ölkə ərazisində yaşayan bütün xalqlar bərabər elan edildilər. Onlar üçün bərabər hüquqlar elan olundu. Azərbaycanın başında xalqın seçdiyi Milli Şura - parlament dayanırdı. Azərbaycan parlamentli respublika idi. 

Cümhuriyyətin elan edilməsi ilə Azərbaycan xalqı XX əsrdə ilk dəfə olaraq Dövlət Millətinə çevrildi. Əgər Azərbaycanın şimal əraziləri Rusiya tərəfindən xanlıqlar formasında işğal edilib imperiyanın tərkibinə qatılmışdısa, 1918-ci ildə onun tərkibindən vahid, müstəqil dövlət kimi çıxdı.

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi və əhalisi

Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi Cənub-Şərqi Zaqafqaziyanı əhatə edirdi. Sonralar Paris Sülh Konfransına Azərbaycan nümayəndə heyətinin təqdim etdiyi memorandumda cümhuriyyətin ərazisi aşağıdakı kimi göstərilirdi: Bakı quberniyası (Bakı dairəsi ilə birlikdə Bakı qəzası, Cavad qəzası), Göyçay qəzası, Şamaxı qəzası, Quba qəzası, Lənkəran qəzası; Yelizavetpol (Gəncə) quberniyası Gəncə qəzası, Cavanşir qəzası, Nuxa qəzası, Ərəş qəzası, Şuşa qəzası, Qaryagin (Cəbrayıl) qəzası, Zəngəzur qəzası, Qazax qəzası (bu ərazinin üçdəbirini təşkil edən dağlıq hissəsi Ermənistanla Azərbaycan arasında mübahisəli idi); İrəvan quberniyası (Naxçıvan qəzası, Şərur-Dərələyəz qəzası, Sürməli qəzası, Yeni Bəyazid qəzası, Eçmiədzin və Aleksandropol qəzalarının bir hissəsi); Tiflis quberniyasının Borçalı qəzası, Tiflis və Sıqnax qəzalarının bir hissəsi); Zaqatala mahalı; Dağıstan vilayəti (Kürə və Samur nahiyələrini əhatə edən ərazisinin bir hissəsi, habelə Dərbənd şəhəri və onun ətrafı da daxil olmaqla Qaytaq - Tabasaran qəzasının bir hissəsi). Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyəti Tiflis quberniyasındakı Axalsıx qəzasının Batum, xüsusən Kars əyalətlərini də öz ərazisinə daxil etməyə xüsusi əhəmiyyət verirdi. Cümhuriyyətin ərazisi 113,9 min kvadratkilometr idi. Bunun 97,3 min kvadratkilometri mübahisəsiz, 16,6 min kvadratkilometri mübahisəli idi. 

Bu dövrdə bütün Cənubi Qafqazda 8 milyon 81 min 668 nəfər əhali yaşayırdı. Onun 4 milyon 617 min 671 nəfəri Azərbaycanda idi. Azərbaycan əhalisinin 75,4 faizini və ya 3 milyon 481 min 889 nəfərini azərbaycanlılar təşkil edirdi. Digərləri müxtəlif dövrlərdə çarizmin köçürmə siyasəti nəticəsində Azərbaycana yerləşdirilən gəlmələr idi.

Hökumətin tədbirləri

Cümhuriyyət elan edildikdən dərhal sonra milli hökumət yaradıldı. Nazirliklər quruldu. Azərbaycanda icraedici hakimiyyəti hökumət həyata keçirirdi. İlk baş nazir Fətəli xan Xoyski oldu. Hökumətdə birinci, ikinci və üçüncü kabinəyə Fətəli xan Xoyski, dördüncü və beşinci kabinələrə Nəsib bəy Yusifbəyli başçılıq etdi.

Tiflisdən müvəqqəti paytaxt olan Gəncəyə köçən hökumətin başlıca məqsədi ölkənin paytaxtı olan Bakı şəhərini yadellilərdən azad etmək idi. Azərbaycan Ordusu quruldu. Yardıma gələn türk hərbçilərindən və azərbaycanlılardan ibarət qurulan Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını azad etdi. Azərbaycan hökuməti azərbaycanlıların tarixi, siyasi, mədəni, iqtisadi, mənəvi, təbii paytaxtına köçdü. Bakının azad edilməsi cümhuriyyətin elan edilməsindən sonra tarixi əhəmiyyətinə görə ikinci böyük hadisə oldu.

Osmanlı dövlətinin müharibədən çıxması yeni bir şərait yaratdı. Mudros barışığından sonra noyabrın 17-də Bakıya müttəfiqlər adından general Tomson başda olmaqla Böyük Britaniya qoşunları gəldi. Azərbaycanın siyasi həyatında yeni bir dövrə qədəm qoyuldu.

Gəncədə öz fəaliyyətini dayandırmış Milli Şura noyabr ayında Bakıda fəaliyyətə başladı. Milli Şura Azərbaycan parlamentini 120 nəfərdən ibarət formalaşdırmağı qərara aldı. Azərbaycan parlamentinin yaradılması haqqında qanun 1918-ci il noyabrın 20-də qəbul edildi. Parlamentin tərkibinə əhalinin sayına uyğun olaraq 80 nəfər azərbaycanlı və digər xalqların nümayəndələri daxil edilməli idi.

1918-ci il dekabrın 7-də Tağıyevin qız məktəbində (indiki Əlyazmalar İnstitutunun binasında) Azərbaycan parlamenti açıldı. Parlamentdə 11 fraksiya fəaliyyət göstərirdi. Yerlər aşağıdakı kimi bölüşdürülmüşdü: türk-müsəlman əhali-80; ermənilər-21; ruslar-10; almanlar-1; yəhudilər-1; gürcülər-1; polyaklar-1; Bakı həmkarlar ittifaqı-3; Bakı neft sənayeçiləri Şurası və Ticarət-Sənaye İttifaqı-2. Lakin Azərbaycanın müstəqilliyini istəməyən ermənilər və başqaları parlamentin işində iştirak etmədilər. Parlamentin sonuncu iclası 1920-ci il aprelin 27-də keçirildi. Ümumiyyətlə, parlamentin 155 iclası keçirildi. Parlamentin müzakirəsinə 270-dən çox qanun layihəsi çıxarıldı. Onlardan 230-u qəbul edildi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşov, müavinləri Həsən bəy Ağayev və Məmməd Yusif Cəfərov idi. Azərbaycan parlamenti milli və dini tolerantlıq baxımından hətta Qərb ölkələri üçün bir model idi. 

Dövlət atributları - himn və bayraq qəbul edildi. Xarici İşlər Nazirliyi, xüsusi xidmət orqanları yaradıldı. Sərhəd və Gömrük xidməti quruldu. Ordu yaradıldı. Türk dili (Azərbaycan dili) dövlət dili elan edildi. İbtidai və orta məktəblərdə işlərin ana dilində aparılması haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti yaradıldı. Təhsil və xalq maarifi, səhiyyə sahəsində tədbirlər həyata keçirildi. Ölkənin hər yerində müxtəlif səviyyəli məktəblər açıldı. Dərsliklər hazırlanmağa başladı. Xaricdən müəllimlər dəvət edildi. Mədəniyyətə xüsusi diqqət yetirildi. Teatrlar, kitabxanalar yaradıldı. Ana dilində mətbuat orqanları quruldu. Milli kadrların hazırlanmasına xüsusi diqqət yetirildi. 100 nəfər azərbaycanlı gəncin xarici ölkələrdə oxumağa göndərilməsi barədə qərar qəbul edildi.

Cümhuriyyətin xarici siyasəti

Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti tanıtmaq idi. Buna görə də yeni yaranan hökumət yarandığı vaxtdan etibarən fəal xarici siyasət yeritməyə başladı. İlk növbədə Avropanın bir sıra ölkələrinə yeni bir dövlətin yaradılması barədə məlumat göndərildi. Hökumət 1918-ci il iyun ayının 4-də Batumda Osmanlı ilə dostluq müqaviləsini bağladı. Xarici siyasətdə ilk addım Dördlər İttifaqı ilə Cənubi Qafqaz respublikaları arasında keçirilməsi nəzərdə tutulan İstanbul konfransına Məhəmməd Əmin Rəsulzadə və Aslan Səfikürdskidən ibarət heyətin göndərilməsi oldu. Avropa ölkələri ilə diplomatik əlaqələri qurmaqdan ötrü Əlimərdan bəy Topçubaşov səfir kimi İstanbula göndərilmişdi. 

Almaniya və müttəfiqləri müharibədə məğlub olduqdan sonra Bakıya gəlmiş ingilis generalı Tomson, erməni, rus milli şuralarının antiazərbaycan fəaliyyətinə baxmayaraq, Bakıda vəziyyətlə tanış olduqdan sonra bildirdi ki, Azərbaycan hökumətinə və onun baş nazirinə böyük hörmət bəsləyir və yeni koalisiyalı hökumət yaradılana qədər onun hökuməti ölkədə yeganə qanuni hökumət olaraq qalır.

Azərbaycan hökumətinin ilk addımlarından biri dekabrın 28-də qalib ölkələrin dövlət və hökumət başçılarının Paris Sülh Konfransına göndəriləcək sülh nümayəndə heyətinin tərkibini müəyyənləşdirmək oldu. Parlamentin sədri kimi Ə.M.Topçubaşov başda olmaqla nümayəndə heyəti İstanbulda bir sıra ölkələrin nümayəndələri ilə görüşlər keçirdikdən sonra Parisə getdi. Azərbaycan məsələsi ilk dəfə olaraq 1919-cu il mayın 2-də Dördlər Şurasının iclasında müzakirə edildi. Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirdi. Mayın 23-də İngiltərə nümayəndə heyətinin üzvü L.Mallet Topçubaşovla görüşdü. Söhbətdə siyasi, hərbi və iqtisadi vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı. Topçubaşov mayın 28-də günün birinci yarısı ABŞ nümayəndə heyətinin üzvü H.Morgentau, günün ikinci yarısında isə prezident V.Vilson ilə görüşdü. ABŞ prezidentinə Azərbaycanın memorandumu təqdim edildi. ABŞ hökuməti Azərbaycanla əməkdaşlıq etmənin faydalı olacağını qeyd etdi. 

1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair əsasnamə qəbul edildi. Nazirliyin strukturu formalaşdırıldı. Bütövlükdə Xarici İşlər Nazirliyində 239 nəfər çalışmışdır. 

1920-ci il yanvarın 11-də Azərbaycanın dövlət müstəqilliyi böyük dövlətlər tərəfindən de-fakto olaraq tanındı. Bu tanınma cümhuriyyətin elan edilməsindən sonra əhəmiyyətinə görə üçüncü böyük tarixi hadisə olub, Azərbaycan xalqının iradəsinə hörmətin əlaməti idi. Azərbaycana yardım göstərilməsi barədə qərarlar qəbul edildi. Azərbaycan dövləti beynəlxalq münasibətlər sisteminə daxil olmaq üçün ilk addımlar atdı.

Xarici siyasətin mühüm istiqamətlərindən biri qonşu dövlətlərlə münasibətlər idi. Yenicə yaradılan Ararat Respublikasının paytaxtı olmadığından Azərbaycan milli sülhün yaradılmasını, digər ərazilərə əsassız iddialar irəli sürməyəcəyi şərti ilə İrəvanı paytaxt olaraq güzəştə getdi. Lakin bununla kifayətlənməyən erməni dairələri azərbaycanlılara qarşı soyqırımları davam etdirdilər və əsassız ərazi iddialarını genişləndirdilər. 

Azərbaycan öz müstəqilliyini elan edərkən İran onun müstəqilliyini tanımaqdan imtina etdi. İran tərəfi hətta dövlətin “Azərbaycan” adlandırılmasının əleyhinə çıxaraq, bunu İran Azərbaycanına iddia kimi qiymətləndirirdi. Lakin az sonra Azərbaycanın İran daxilində muxtariyyət olması təklifini irəli sürdü. Həmin təklifə görə, İran daxilində muxtariyyət alacaq Azərbaycan daxili işlərini özü idarə edəcəkdi, xarici siyasəti isə mərkəzi hökumət tərəfindən həyata keçirilməli idi. Azərbaycan dövlət xadimləri həmin təklifə qəti şəkildə etiraz etdilər. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin İranla münasibətlərə dair apardığı ardıcıl, məqsədyönlü siyasət nəticəsində artıq 1919-cu ilin dekabr ayından Ağa Seyid Ziyəddin Təbətəbainin başçılığı ilə Azərbaycana gələn İran nümayəndə heyəti ilə Adil xan Ziyadxanov başda olmaqla Azərbaycan nümayəndə heyəti arasında aparılan uzun müddətli ikitərəfli danışıqlar uğurla nəticələndi. 

Danışıqların başlanmasına və uğurla nəticələnməsinə bir sıra amillər təsir etdi. İlk növbədə iştirak etmək istəsə də, İranı Paris sülh konfransına buraxmadılar. Bildirdilər ki, konfransa müharibədə iştirak edən dövlətlər qatıla bilər, İran isə bitərəf ölkə olmuşdur. İkinci mühüm amil Azərbaycanın dövlət müstəqilliyinin Parisdə tanınması oldu. Məhz həmin tanınma aktından bir neçə ay sonra İran geri çəkildi. 1920-ci il martın 20-də İran və Azərbaycan arasında ilk dəfə olaraq Azərbaycanın de-yure tanınmasını sübut edən dostluq haqqında saziş və habelə konsulluq haqqında, ticarət, poçt-teleqraf əlaqələri, məhkəmə qərarlarının icrası və sair haqqında bir sıra ikitərəfli müqavilələr imzalandı. Həmin saziş və müqavilələr 1920-ci il aprel ayının 15-də parlamentin 141-ci iclasında təsdiq olundu.

Problemlər

Əlbəttə, ölkədə yeni dövlət quruculuğu problemlərsiz də deyildi. Mürəkkəb və çətin bir şərait mövcud olduğundan aparılan islahatlar ardıcıl deyildi. Aqrar islahat həyata keçirilmədi. Cümhuriyyətin sosial dayaqları zəiflədi. Çarizm tərəfindən Azərbaycana köçürülmüş bir sıra xalqlar dövlət müstəqilliyini tanımır, onu Rusiyanın tərkib hissəsi hesab edirdilər. Erməni təcavüzü dövləti zəiflədirdi. Erməni terrorunun, ərazilərin işğalının və kütləvi soyqırımların dayandırılması başlıca problemlərdən idi. Beynəlxalq şərait də müstəqil Azərbaycan üçün əlverişsiz idi. 

Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində bolşevik Rusiyasının istilasına uğradı. Cümhuriyyət daxili deyil, xarici amillər səbəbindən məğlub oldu. Müstəqil Azərbaycan dövlətinin mövcudluğu üçün əlverişli beynəlxalq şərait yox idi. Məğlubiyyətə beynəlxalq amillər, Mustafa Kamal Paşanın bolşevik lideri V.İ. Lenin ilə yaxınlaşması mənfi təsir etdi. Kamalçı Türkiyə və bolşevik Rusiyasının Antanta ölkələrinə qarşı mübarizəsi nəticəsində müttəfiqə çevrilmələri regionda geosiyasi vəziyyəti dəyişdirdi. Bu işğalda Bakı nefti amili, strateji maraqlar mühüm rol oynadı. Rusiya bir neçə il əvvəl Bakını itirməklə böyük dövlət statusunu da itirmişdi. Bu mövqeyi bərpa etməkdən ötrü Rusiya yenidən Azərbaycanı işğal etdi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının beynəlxalq əhəmiyyəti

Cümhuriyyətin yaradılması və fəaliyyəti əhəmiyyətinə görə Azərbaycan sərhədlərini aşaraq daha böyük əhəmiyyət daşıyırdı. Müsəlman dünyasına Respublika məfhumunu, məfkurəsini və idarə üsulunu Azərbaycan xalqı gətirdi. Azərbaycan xalqı müstəmləkə zülmü altında inləyən xalqlara xilas yolunu göstərdi. Onların ürəyində ümid çırağı yandırdı. Heç əbəs deyil ki, cümhuriyyət yaradıldıqdan sonra Sibir sürgünündə azərbaycanlılarla yanaşı zülm çəkən yüzlərlə ərəb, fars, əfqan və başqa xalqların nümayəndələri Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşı olmaqdan ötrü İrkutskdakı Azərbaycan konsulluğuna müraciət etmişdilər.

İbrət dərsləri

Cümhuriyyət tarixinin öyrənilməsi bəzi ibrət dərslərini almağa imkan verir. Bundan ötrü ilk növbədə həmin dövrdə buraxılan səhvləri bilmək və onlardan müvafiq nəticələr çıxarmaq gərəkdir. Tarixi təcrübə göstərir ki, dövlətin yaradılmasını liberal dəyərlərlə elan etmək olar, amma daxili və xarici təzyiqlərin daim olduğu və olacağı bir şəraitdə liberalizmlə qorumaq mümkün deyildir. Bunun üçün çoxlu amillərin məcmusu tələb olunur. Əgər Azərbaycanda parlament deyil, prezident respublikası və ya “möhkəm əl” olsaydı, bəlkə də müstəqilliyin ömrü uzun ola bilərdi. Xalq öz dövlətinin mühafizəsinə, güclənməsinə və tərəqqisinə çalışmalı, milli dövlətini qorumalı, onun maraqlarını hər şeydən uca tutmalıdır. Hakimiyyət qanadları arasında sıx birlik olmalıdır. 

Dünyanın hansı ölkəsində yaşamasından, hansı siyasi təşkilata mənsubluğundan asılı olmayaq, hər bir azərbaycanlı daim Azərbaycanın maraqlarını uca tutmalı, ümumi məqsədlərə xidmət etməlidir. Xaricdə yaşayan soydaşlarımız yalnız Azərbaycanın yanında olduqda böyük, güclü və qüdrətlidirlər. Milli tarixə və keçmişə daim hörmətlə yanaşılmalıdır.

Cümhuriyyətin süqutundan sonra siyasi və dövlət xadimlərinin bir qismi xarici ölkələrə mühacirət etməyə məcbur oldu. Bir qismi isə erməni və bolşevik terrorunun qurbanı oldu. 20-30-cu illərdə milli düşüncəli ziyalılar repressiya edildilər. Amma sovet repressiya aparatı istiqlal fikrini məhv edə bilmədi. 

Milli ruhlu ziyalılar 70-80-ci illərdə Heydər Əliyevin qayğısı ilə əhatə olundular. Müstəqil dövlət üçün lazım olan təməllər məhz bu illərdə düşünülmüş şəkildə hazırlandı. 

Nəhayət, cümhuriyyət atributları ilk dəfə olaraq rəsmi şəkildə Naxçıvanda Heydər Əliyevin liderliyində qəbul edildi. Naxçıvan müasir Azərbaycan dövlətçiliyinin təməli oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi. Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi oldu. 

* * *

Heç kəsə sirr deyildir ki, sovet dövründə cümhuriyyətin dövlət səviyyəsində bayram ediləcəyi xəyallara belə gəlmirdi. Amma ölkəmizdə milli tariximizə, milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasına və inkişafına dövlət səviyyəsində xüsusi diqqət yetirilir. Artıq qeyd edildiyi kimi, 1998-ci ildə Prezident Heydər Əliyevin imzaladığı Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin qeyd edilməsi barədə sərəncamdan sonra bu sahədə xeyli işlər görüldü. Cümhuriyyət dövrü tarixinin sistemli araşdırılmasına başlanılması məhz Heydər Əliyevin adı ilə bağlıdır. 

Bu gün ölkəmizdə cümhuriyyət tariximizə xüsusi qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölkəmizin paytaxtında cümhuriyyət xadimlərinin şərəfinə abidə ucaldılıb. Onların xatirəsi əbədiləşdirilib. Adlarına küçə, prospekt və qəsəbələr vardır. Görkəmli xadimlər haqqında sənədli filmlər çəkilib. Xarici ölkələrdəki məzarları təmir edilib. Cümhuriyyətimizin 100-cü ildönümü ilə əlaqədar olaraq ölkəmizdə geniş tədbirlər həyata keçirilir.

Musa Qasımlı, Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

"Azərbaycan" qəzeti, 29 may, 2018ci il

http://science.gov.az/news/open/8081