XƏBƏRLƏR
104 Arxiv

2018.05.07

AMEA Yüksək Texnologiyalar Parkı ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb

Gəncədə Azərbaycan Texnologiya Universiteti (UTECA), "Lean Consulting" şirkəti və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı ilə II Milli Sənaye Mühəndisliyi Forumu keçirilib.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan forumun işində ölkəmizin bir sıra aparıcı sənaye müəssisəsinin rəhbərləri, elm və ali təhsil ocaqlarının nümayəndələri, eləcə də xarici mütəxəssislər iştirak ediblər. Forumda sözügedən sahənin aktual problemləri müzakirə olunub, milli sənayemiz üçün kadr hazırlığı prosesinin təkmilləşdirilməsi yolları araşdırılıb.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Kiçik və Orta Sahibkarlığın İnkişaf Agentliyinin icraçı direktoru Orxan Məmmədov, AMEA Yüksək Texnologiyalar Parkının  (YT Park) direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və bir sıra aparıcı şirkətlərin nümayəndələri forumun mövzusu ilə bağlı məruzələrlə çıxış ediblər. Sessiyalarda qaldırılan təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Forum çərçivəsində, UTECA ilə AMEA YTP arasında əməkdaşlıq haqqında niyyət sazişi imzalanıb. YTP-nin direktoru Vüqar Babayev və universitetin rektoru Akif Süleymanov tərəfindən imzalanan sazişin ilkin məqsədi tərəflərin birgə iştirakı ilə UTECA-da texnologiya transfer ofisinin yaradılmasıdır.

Sazişin müddəalarına iki qurum tərəfindən birgə innovasiyayönümlü layihələrin araşdırılması, onların iqtisadi səmərəliliyinin qiymətləndirilməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi də daxildir.

http://science.gov.az/news/open/7935