XƏBƏRLƏR
126 Arxiv

2018.05.02

AMEA-da Qadınlar Şurası yaradılıb

AMEA Rəyasət Heyətinin və Azad Həmkarlar İttifaqının (AHİ) təşəbbüsü ilə akademiyada Qadınlar Şurasının təsis toplantısı keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev çıxış edərək bu gün akademiyada işləyən qadınlardan 8-nin akademik, 12-nin müxbir üzv, 9-nun isə institut direktoru olduğunu bildirib. D.Tağıyev hazırda rəhbəri olduğu Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşlarının 70 faizinin qadınlardan təşkil edildiyini diqqətə çatdırıb.

O, daha sonra qadınların ictimai həyatda rolundan danışaraq, AMEA-da Qadınlar Şurasının yaradılmasını məqsədəuyğun hesab edib.

İclasda, həmçinin AHİ-nin sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov, Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, Radiasiya Problemləri İnstitutunun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva, Yeni Azərbaycan Partiyasının Yasamal Rayon Təşkilatının Qadınlar Şurasının üzvü Xədicə Muradlı və digərləri çıxış edərək akademiyada Qadınlar Şurasının yaradılmasının zəruri olduğunu bildiriblər.

Daha sonra iclasda 7 nəfərdən ibarət Təşəbbüs qrupu yaradılıb. Təşəbbüs qrupuna akademiklər - Dilqəm Tağıyev, Nərgiz Axundova, professorlar - Habil Qurbanov, Rəna Mirzəzadə, t.e.d. Maisə Rəhimova, t.ü.e.d. Məryam Seyidbəylivə f.ü.f.d. Famin Salmanov üzv seçiliblər.

Təşəbbüs qrupunun qərarı ilə Fəlsəfə İnstitutunun şöbə müdiri, professor Rəna Mirzəzadənin AMEA Qadınlar Şurasının sədrliyinə namizədliyi səsə qoyulub və yekdilliklə qəbul olunub.

R.Mirzəzadə şuranın yaradılmasında təşəbbüs göstərən hər kəsə minnətdarlığını bildirib, qadınların cəmiyyətdə rolundan danışıb.

http://science.gov.az/news/open/7894