XƏBƏRLƏR
32 Arxiv

2018.04.27

AMEA-nın magistrantları üçün “Almaniyada təhsil və təqaüd” mövzusunda seminar keçirilib

AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin təşkilatçılığı ilə akademiyada magistratura təhsili alan tələbələr üçün “Almaniyada təhsil və təqaüd” mövzusunda seminar keçirilib.

Tədbirdə Elm və təhsil idarəsinin Magistratura şöbəsinin müdiri Fikrət Feyziyev çıxış edərək seminarın keçirilməsində əsas məqsədin bu gün dünya ölkələri arasında elmin inteqrasiyası, elmdə metodların və yeniliklərin paylaşılması, o cümlədən kadr mübadiləsinin aparılması olduğunu deyib.

F.Feyziyev magistrantların dünya elminə inteqrasiyası və maarifləndirilməsi, o cümlədən ideya və layihələrinin həyata keçirilməsi istiqamətində seminarların mütəmadi baş tutacağını bildirib.

Sonra Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin akademik müşaviri Hikmət Kamallı “Almaniyada təhsil və təqaüd” mövzusunda təqdimatla çıxış edib. Əvvəlcə DAAD barədə məlumat verən H.Kamallı bildirib ki, təmsil etdiyi qurum bu gün tələbə və elmi işçilərin beynəlxalq mübadiləsini dəstəkləyən, bir çox  təqaüd proqramları olan dünyanın ən önəmli təşkilatlarından biridir.

O, DAAD-ın, həmçinin alman ali məktəblərinin beynəlmilləşməsini, alman dilinin xaricdə güclənməsini və inkişaf etməkdə olan ölkələrdə güclü ali məktəb sisteminin yaradılmasını dəstəklədiyini vurğulayıb. H.Kamallı DAAD şəbəkəsinin 60-dan artıq ölkədə 15 xarici nümayəndəliyinin olduğunu, 229 universitet və elmi-tədqiqat müəssisəsini, o cümlədən 500-dən artıq lektor və dil mütəxəssisini birləşdirdiyini deyib.

DAAD rəsmisi daha sonra tələbələr üçün yay dil kursu təqaüdü, məzunlar üçün master təqaüdü və doktorant və gənc alimlər üçün isə tədqiqat təqaüdləri barədə məlumat verib. O, təqaüd proqramlarına onlayn müraciət qaydalarını və tələb olunan sənədləri əyani göstərib, qəbul olan şəxslərin aylıq təqaüd, sığorta, səyahət və digər xərcləri barədə iştirakçıları məlumatlandırıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

http://science.gov.az/news/open/7859