XƏBƏRLƏR
140 Arxiv

2018.04.20

AMEA-da ABŞ-ın Voterlo Universitetinin dekanı ilə görüş keçirilib

Bu gün AMEA Rəyasət Heyətində ABŞ-ın Voterlo Universitetinin Riyaziyyat fakültəsinin dekanı, professor Stefan Vatt və həmin universitetin Riyaziyyat fakültəsinin riyaziyyat və biznes üzrə proqramlar direktoru, professor İlham Axundov ilə görüş keçirilib.

Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə qonaqlara akademiyanın yaranma tarixi və qurumun Azərbaycan elmin inkişafında rolu haqqında məlumat verib. Bildirib ki, AMEA fəaliyyət göstərdiyi illərdə ölkə elminin beynəlxalq aləmə inteqrasiyasında mühüm rol oynamış, bir çox nailiyyətlərə imza atmışdır. Hazırda akademiyada neft, neft-kimya, Yer elmləri kimi prioritet istiqamətlərdə tətqiqatlar aparılır.

A.Əlizadə AMEA-da ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi haqqında da məlumat verib. Bildirib ki, belə bir addımın atılmasında əsas məqsəd gəncləri elmi mühitə cəlb etmək, onların elmi təfəkkürünü artırmaqdır: "Akademiyanın magistratura pilləsində təhsil alan tələbələr bakalavr təhsilindən sonra elmi laboratoriyalarda təcrübə keçə biləcəklər. Bu da elm və təhsilin inteqrasiyasının daha da sürətlənməsinə zəmin yaradacaq". Alim cari ildə Nazirlər Kabinetini qərarı ilə AMEA-nın magistraturasına 92 yerin ayrıldığını diqqətə çatdırıb.

AMEA-nın prezidenti rəhbərlik etdiyi qurumda gənc alimlərin beynəlxalq aləmə inteqrasiyası baxımından dünyanın qabaqcıl ali məktəblərindən olan Voterlo Universitetinin təcrübəsinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, iki qurum arasında müxtəlif elmi layihələrin həyata keçirilməsi, azərbaycanlı gənc tədqiqatçıların ABŞ-a ezam olunması vacib məsələlərdəndir.

Sonra çıxış edən professor Stefan Vatt təmsil etdiyi ali təhsil ocağı barədə məlumat verib. 60 ildən çoxdur ki, fəaliyyət göstərən universitetdə müxtəlif elm sahələri üzrə təhsilin həyata keçirildiyini, burada təcrübə əsaslı tədrisə önəm verildiyini qeyd edib.

Universitetin ən böyük fakültəsinin Riyaziyyat olduğunu diqqətə çatdıran qonaq bu elm üzrə təhsil alan tələbələrin təhsillə yanaşı, elmi təcrübəyə də cəlb olunduqlarını söyləyib. Bildirib ki, Riyaziyyat fakültəsinin fəaliyyəti əsas etibarilə 3 hissəyə bölünür: ənənəvi riyaziyyat və informatika, kompüter elmləri, biznes və maliyyə texnologiyaları üzrə riyaziyyat.

S.Vattın sözlərinə görə, Voterlo Universitetində Azərbaycan da daxil olmaqla, dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alırlar. O, həmçinin təmsil etdiyi ali məktəbə qəbul qaydaları, qarşıya qoylan tələblər və şərtlər barədə danışıb.

ABŞ-da Süni İntellekt İnstitutunun fəaliyyət göstərdiyini, Maliyyə Texnologiyaları İnstitutunun yaradılması istiqamətində isə işlərin davam etdirildiyini deyən qonaq kvant texnologiyalarına dair aparılan tədqiqatlardan bəhs edib.  

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək beynəlxalq olimpiadalarda qızıl medallar qazanmış 56 azərbaycanlı tələbənin Vaterlo Universitetində təhsil aldığını bildirib. Alim Voterlo Universitetində aparılan araşdırmaları, həyata keçirilən layihələri yüksək qiymətləndirərək AMEA ilə bu təhsil ocağı arasında kadr və təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu vurğulayıb.

Sonda birgə əməkdaşlığa dair müzakirələr aparılıb, əlaqələrin davamlı inkişafı istiqamətində müvafiqlər qərarlar qəbul edilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim QuliyevFizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Nazim Məmmədov, Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin müdiri, AMEA-nın müxbir üzvü Əminağa SadıqovBeynəlxalq Əlaqələr İdarəsinin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəhbəri Zülfüqar Fərzəliyev, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov və Alimlər Evinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva da iştirak ediblər.

http://science.gov.az/news/open/7802