XƏBƏRLƏR
269 Arxiv

2018.04.19

Tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün yeni indikatorlar təklif olunub

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyevin “Tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün yeni indikatorlar” adlı məqaləsi nüfuzlu “Annals of Library and Information Studies” jurnalında dərc olunub.

Məqalədə, bibliometrik göstəricilərdən (nəşrlərin və istinadların sayı) istifadə edərək İKT üzrə aparılan əsas tədiqiat sahələrinin dəyişilmə dinamikalarının qiymətləndirilməsi üçün diferensial metrikalar təklif olunmuşdur. Burada big data, hesablama biologiyası, bulud texnologiyaları, kiber-fiziki sistemlər, əlaqəli sistemlər, informasiya təhlükəsizliyi, əşyaların interneti, insan-maşın sistemləri, mobil texnologiyalar, maşın təlimi, maşın-maşın qarşılıqlı əlaqələri, cox-agentli sistemlər, neyron şəbəkələr, robotlar, vizuallaşma, əlavə edilmiş reallıq, SDN (software defined networking – proqramla təyin olunan şəbəkə), 5G, e-dövlət, ağıllı şəhər və ağıllı qridlər kimi tədqiqat sahələrinə müraciət olunmuşdur. Məlum olan indikatorlardan əlavə daha iki növ inteqrasiya edilmiş diferensial indikator təklif olunmşdur. Təklif edilmiş indikatorlar bibliometrik göstəricilərin dinamik dəyişmələrini daha aydın şəkildə nümayiş etdirməyə imkan verir ki, bu da öz növbəsində, tədqiqat sahələrinin perspektivliyinin qiymətləndirilməsi üçün çox əhəmiyyətlidir.

Məlumdur ki, mövcud olan indikatorlar bu və ya digər tədqiqat sahəsinin perspektivliyini tam şəkildə qiymətləndirməyə imkan vermir. Makro səviyyədə elmin inkişaf vektorlarını müəyyən edərkən yalnız elmmetrik yanaşmalar kifayət etmir və ekspert rəylərinə ehtiyac duyulur. Məqalədə təqdim olunmuş indikatorlar isə ekspert qərarlarının dəstəklənməsi üçün istifadə oluna bilər.

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun maliyyələşdirdiyi qrant layihəsi çərçivəsində hazırlanıb.

Qeyd edək ki, “Annals of Library and Information Studies” jurnalı Web of Science (Clarivate Analytics), Scopus (Elsevier) və digər beynəlxalq elmi bazalarda indeksləşir və referatlaşır.

http://science.gov.az/news/open/7790