XƏBƏRLƏR
162 Arxiv

2018.04.17

Dövlətçilik təfəkkürü ilə elmi baxışların vəhdəti

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev ölkəmizdə dövlətçilik təfəkkürü ilə elmi baxışların qarşılıqlı vəhdətini bütün mahiyyəti ilə öz fəaliyyətində tam olaraq ifadə edən görkəmli dövlət və elm xadimi kimi qəbul olunur. 

Ramiz Mehdiyevin gənclik, tələbəlik illərindən başlanan ictimai-siyasi fəaliyyəti tədricən inkişaf edərək dövlət idarəçiliyinin müxtəlif məsuliyyətli mərhələlərini əhatə etmişdir. Dövlət idarəetmə sistemində o, əsasən ideoloji cəbhəni təmsil etmiş, demək olar ki, bu istiqamət üzrə müxtəlif məsul vəzifələrdə çalışaraq zəngin təcrübə qazanmış, mühüm ümumdövlət vəzifələrinin həyata keçirilməsinə sanballı töhfələr vermişdir. Dövlət idarəetmə sisteminin ideoloji blokunda Ramiz Mehdiyevin keçdiyi çətin, məsuliyyətli və şərəfli yol həyatını dövlətçilik sahəsinə həsr etmiş bir insanın gənclər təşkilatının ən adi əməkdaşından məsul partiya işçisinə, ideoloji katib, Prezident Administrasiyasının rəhbəri vəzifəsinə qədərki bütün çətinliklərini və üstünlüklərini özündə canlı şəkildə əks etdirir.

Gənclər təşkilatı - komsomol komitəsi sahəsində səmərəli fəaliyyəti onun ideologiya xətti üzrə çoxillik fəaliyyətinin möhkəm bünövrəsini təşkil etmişdir. “Xəzərneftdonanma” idarəsinin əvvəlcə gəmi üzrə komsomol təşkilatının katibi, sonra isə Ümumittifaq İstehsalat Birliyinin həmin respublika qurumunun komsomol təşkilatı katibinin müavini vəzifələrində çalışması onun siyasi fəaliyyət gəmisini ideoloji işin məsul təşkilati mərhələlərinə, hətta böyük siyasətin magistral yoluna gətirib çatdırmışdır. 

Bütövlükdə komsomol-gənclər təşkilatı Ramiz Mehdiyev üçün sözün əsl mənasında zəngin həyat və siyasi fəaliyyət, mühüm idarəetmə təcrübəsi məktəbi funksiyasını həyata keçirmişdir. Azərbaycan Dövlət Universiteti Tarix fakültəsinin komsomol təşkilatının katibi və ümumuniversitet komsomol komitəsi katibinin müavini vəzifələrində ideoloji cəbhənin cavan təmsilçisi tələbə gənclərlə iş təcrübəsi əsasında ümumiyyətlə ideya-siyasi iş aparmağın yollarını və vasitələrini öyrənmişdir. Buna görədir ki, Azərbaycan Gənclər İttifaqının tələbə gənclər şöbəsinin təlimatçısı Ramiz Mehdiyev qısa müddətdən sonra Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsinə irəli çəkilmişdir. 

Heç şübhəsiz, Ramiz Mehdiyevin sonrakı dövlət idarəçiliyi ierarxiyasında uğurlu “komsomol pilləsi” mühüm rol oynamışdır. O, komsomol təşkilatları sahəsində keçdiyi məsuliyyətli yolu partiya təşkilatları mərhələsində uğurla davam etdirmişdir. 

Ramiz Mehdiyevin bu sahədəki və ondan sonrakı bütün fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və rəhbərliyi ilə üzvi surətdə bağlı olmuşdur. O, Heydər Əliyev epoxasının siyasi-ideoloji cəbhəsindəki məsuliyyətli vəzifələrin öhdəsindən layiqincə gəlmiş, necə deyərlər, böyük etimadı yüksək səviyyədə doğrultmuşdur. 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təbliğat və təşviqat şöbəsinin mühazirəçiliyindən start götürən partiya işi Mərkəzi Komitədə Elm və təhsil şöbəsinin müavini və müdiri, Təşkilat-partiya işi şöbəsinin müdiri, 26 Bakı Komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi və nəhayət, respublika partiya təşkilatının ideologiya məsələləri üzrə katibi vəzifəsinədək yüksəlmişdir.

Tapşırılan vəzifəyə məsuliyyətlə, sədaqətlə xidmət etmək, habelə prinsipiallıq və təmkinli praqmatik yanaşma Ramiz Mehdiyevin dövlət quruculuğu və idarəçilik istiqamətindəki çoxillik səmərəli fəaliyyətinin mahiyyətini təşkil edir. 

Məhz dərin məsuliyyət və müasir cəmiyyətin siyasi-fəlsəfi dərki sovet hakimiyyəti illərində görkəmli dövlət xadimi Heydər Əliyevin böyük uzaqgörənliklə və uğurla həyata keçirdiyi azərbaycançılıq siyasətinin icra edilməsində ideoloji xəttin uyğun səviyyədə qurulmasının təmin edilməsinə münbit şərait yaratmışdır.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra da Ramiz Mehdiyev ulu öndər Heydər Əliyevin yüksək etimadı ilə məsul vəzifələrə irəli çəkilmiş və ulu öndərin rəhbərliyi ilə dərin köklərə malik müdrik dövlət siyasətinin həyata keçirilməsinə məsuliyyətlə xidmət göstərmişdir. 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri vəzifəsində akademik Ramiz Mehdiyev 1995-ci ildən bu günə qədər məsul dövlət tapşırıqlarını uğurla yerinə yetirmiş, ölkə üzrə aparılan böyük və uzaqgörən siyasətə daim ürəkdən dəstək vermişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin onun çoxillik səmərəli fəaliyyəti haqqındakı aşağıdakı sözləri Ramiz müəllimin müstəqil dövlətçilik qarşısındakı məsuliyyətli borcunun icrasına verilmiş yüksək siyasi qiymətin ifadəsidir: “Siz uzun illərdir ki, dövlət qulluğunda fəaliyyət göstərirsiniz. 70-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işləmisiniz. Ulu öndərimiz müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətə başlayandan sonra onun ilk təyin etdiyi şəxslərdən biri də siz olmuşsunuz. O vaxtdan bu günə qədər Azərbaycanın dövlət quruculuğunda çox fəal iştirak etmisiniz və bu fəaliyyətinizi indi də davam etdirirsiniz... Mən sizin fəaliyyətinizi yüksək qiymətləndirirəm. Prezidentin İcra Aparatının rəhbəri kimi siz ölkəmiz üçün çox vacib funksiyanı icra edirsiniz”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri kimi akademik Ramiz Mehdiyev müstəqil dövlətimizin ictimai-siyasi həyatında yaxından iştirak edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düşünülmüş, məqsədyönlü və müstəqil siyasətin dönmədən həyata keçirilməsinə şərəflə xidmət edir. 

Bütün çoxillik fəaliyyəti boyu elm faktoru Ramiz Mehdiyevi daim müşayiət etmişdir. Belə ki, o, 1968-ci ildə Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin aspiranturasına qəbul olunmuş və 1972-ci ildə həmin ali məktəbin nüfuzlu Müdafiə şurasında millətlərarası münasibətlərin nəzəri məsələlərinə həsr olunmuş namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almışdır. Azərbaycan Dövlət Universitetində müəllim kimi çalışdığı 1972-1974-cü illərdə də Ramiz Mehdiyev cəmiyyət həyatının aktual məsələlərinə həsr edilmiş tədqiqatlarla məşğul olmuşdur. 

Azərbaycan KP MK-nın Elm və təhsil müəssisələri şöbəsinə 1976-1981-ci illərdə rəhbərlik edərkən Ramiz Mehdiyev respublika üzrə elmin inkişaf etdirilməsi qayğıları ilə məşğul olmuş, ölkə rəhbərinin bu istiqamətdəki strategiyasının həyata keçirilməsinə cavabdehlik daşımışdır. Nəhayət, Azərbaycan partiya təşkilatının ideologiya məsələləri üzrə katibi kimi 

Ramiz Mehdiyev konkret bir epoxada elm və təhsil faktorunun qarşılıqlı surətdə inkişaf etdirilməsi yollarında əzmlə çalışmışdır.

Sonralar bir qədər partiya işindən ayrıldıqdan sonra o, Azərbaycan Elmlər Akademiyası İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri vəzifəsində çalışmaqla elm sahəsindəki fəaliyyətlərini daha da genişləndirmişdir. 

Bütün bunlar Ramiz Mehdiyevin 1993-cü ilin dekabr ayında “Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etməsi ilə nəticələnmişdir. 

Bu, heç də keçmiş Sovetlər İttifaqı formatında düşünülən xalqlar dostluğu mənasında olmayıb, millətlərarası münasibətlərin reallıqlarını, hətta millətlərarası zəmində baş verən münaqişələri də əhatə edən, çıxış yolları göstərən, səmərəli təkliflər irəli sürən, proqnozlar verən fundamental siyasi-fəlsəfi tədqiqat idi. Akademik Ramiz Mehdiyev ölkədaxili millətlərarası münasibətlər məsələsinə ulu öndər Heydər Əliyevin siyasətdə və təcrübədə uğurla həll edərək respublikada yaşayan bütün xalqların mənafelərini vahid amal ətrafında birləşdirən azərbaycançılıq təliminin işığında yanaşmış, bu aktual problemə praqmatik elmi qiymət vermişdir.

 Ramiz müəllimin geniş mənada millətlərarası münasibətlərin tənzimlənməsi istiqamətindəki baxışları da bu sahədə təntənəli mərasimlərin icra edilməsinə yox, qarşılıqlı etimada və ehtirama əsaslanan nəzəri-təcrübi müddəaları özündə ifadə edir.

Çoxillik zəngin elmi təcrübəsinə və bu istiqamətdəki xidmətlərinə görə 2007-ci ildə Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə onun elmi fəaliyyət cəbhəsindəki fədakar fəaliyyətinin üfüqləri daha da genişlənmişdir. Akademik Ramiz Mehdiyev çoxlarının asan və populist bir fəaliyyət sahəsi hesab edərək qoşulduğu və buna görə də çox zaman axıra çatdıra bilmədiyi siyasətin çox məsuliyyətli bir istiqamət və özünəməxsus prinsiplərə malik bir təlim olduğunu siyasi-nəzəri cəhətdən əsaslandırmışdır. Bu mənada akademik Ramiz Mehdiyev müstəqillik dövrü Azərbaycan elmində siyasətşünaslıq istiqamətinin yaradıcısıdır. 

Akademik Ramiz Mehdiyevin siyasət sahəsindəki baxışları ümumi, mücərrəd müddəalardan ibarət deyil, əksinə, konkret Azərbaycan reallıqlarından və müqayisəli şəkildə dünya təcrübəsindən çıxış etməklə formalaşdırılmış obyektiv baxışlar sistemi olduğu üçün həm elmin inkişafında, həm də ölkədə siyasi mühitin tənzimlənməsinə xidmət mənasında çox əhəmiyyətlidir. 

Akademik Ramiz Mehdiyevin siyasət formulu müasir Azərbaycan cəmiyyətinin reallıqlarına əsaslanan və irəliyə doğru inkişafa hesablanmış konkret nəzəri təlimdir. Bu isə o deməkdir ki, akademik Ramiz Mehdiyev müasir Azərbaycan cəmiyyətinin inkişafının siyasi-fəlsəfi əsaslarını işləyib hazırlamışdır.

Cəmiyyətşünas filosof kimi Ramiz müəllim ölkəmizin keşməkeşli inkişaf yollarındakı qabarma və çəkilmələrin, mühüm dialektik yüksəliş proseslərinin dərin fəlsəfi mahiyyətini açıb göstərməklə bərabər, mövcud imkanlara və perspektivlərə də daim işıq salmağa ciddi əhəmiyyət vermişdir. Bu isə onun fəlsəfi baxışlarının tarixi əhəmiyyəti ilə bərabər, həm də müasirliyini və aktuallığını, həyatiliyini də müəyyən etmişdir. 

Akademik Ramiz Mehdiyevin nəzəri-fəlsəfi irsi Heydər Əliyevçilik və azərbaycançılıq məsələlərinin vəhdəti ilə səciyyələnir. 

Haqlı olaraq Ramiz müəllim görkəmli dövlət xadimi Heydər Əliyevi azərbaycançılığı müstəqil dövlətimizin ideologiyası səviyyəsinə qaldırmış görkəmli dövlət xadimi kimi təqdim edir. Ulu öndər Heydər Əliyevin simasında ümummilli lider miqyasının mahiyyəti də ilk dəfə və mükəmməl surətdə akademik Ramiz Mehdiyev tərəfindən elmi-siyasi cəhətdən əsaslandırılmışdır: “Milli dövlət və milli lider müasir tarixin fenomenləridir... Azərbaycan xalqının ümummilli lideri (Heydər Əliyev) həmin lider şəxsiyyətlərdən biridir. ...Milli lider olmağın meyarları və izahı müxtəlifdir. Hələ Aristotel yazırdı ki, siyasi liderliyin ilkin şərti dövlətin gələcəyini öncədən görmək və gördüyünü həyata keçirə bilməkdir. Onlar (ümummilli liderlər) dövlətin xarici və daxili siyasətini müəyyən edən, onu beynəlxalq münasibətlərdə təmsil edən ali vəzifəli şəxslər kimi qəbul edilir. ...Heydər Əliyev ümummilli lider zirvəsində... müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. ...Buna görədir ki, Heydər Əliyev aramızdan getsə də, onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, bizdən öndə addımlayır və yaşayır”.

Çoxcəhətli zəngin elmi təcrübəyə malik olan akademik Ramiz Mehdiyevin nəzəri-fəlsəfi təlimində hər əsər Azərbaycan cəmiyyətinin bir mühüm sahəsinin, vacib bir istiqamətinin fəlsəfi dərkindən ibarətdir. Onun elmi-nəzəri əsərləri Heydər Əliyev-İlham Əliyev epoxasının siyasi-fəlsəfi epopeyasını təcəssüm etdirir.

Akademik Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük uğurla, möhkəm siyasi iradə ilə həyata keçirdiyi genişmiqyaslı islahatlar proqramının və ölkəmizin modernləşdirilməsi hərəkatının əsas istiqamətlərinin dərin elmi təhlilinin mükəmməl örnəklərini meydana qoymuşdur.

Onun elmi irsi qloballaşmanın gətirdiyi problemlərlə bərabər, milli dövlət quruculuğu məsələləri, azərbaycançılıq fəlsəfəsinin reallıqları, ölkəmizin demokratik inkişaf modelləri, milli mənşə və identiklik problemlərinə həsr olunmuş fundamental tədqiqatlar sistemini özündə birləşdirir. 

Akademik Ramiz Mehdiyev bir-biri ilə qarşılıqlı surətdə əlaqədar olan bu problemlərə kompleks şəkildə yanaşaraq, məsələləri siyasi-fəlsəfi və tarixi-dialektik cəhətdən şərh edərək konkret və ümumiləşdirilmiş nəticələr çıxarmışdır. Fikrimizcə, bu tədqiqatların hamısını birləşdirən ən ümumi aparıcı xüsusiyyət Heydər Əliyevçilik - azərbaycançılıqdır.

Görkəmli filosof alimin “Azərbaycanın inkişaf dialektikası” (2000), “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), “Demokratiya yolunda irs haqqında düşünərkən” (2008) monoqrafiyalarında Heydər Əliyevçilik - azərbaycançılığın dialektik inkişaf prosesləri dərindən və əsaslandırılmış şəkildə şərh olunmuşdur. 

Bu əsərlər ölkəmizdə Heydər Əliyevşünaslığın - azərbaycanşünaslığın həm fəlsəfi-elmi əsasları, həm də mükəmməl ideologiyasıdır. 

Bu mənada akademik Ramiz Mehdiyev həm də mükəmməl bir ideoloqdur. Onun ideoloji əsərlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ümummilli lider Heydər Əliyev təliminin yaradıcılıqla və ardıcıllıqla davam etdirilməsi istiqamətindəki rolu və xidmətləri ilə yanaşı, yeni erada özünün də formalaşdırdığı müasir modernləşmə xəttinin mahiyyəti və əhəmiyyəti obyektiv mövqedən qiymətləndirilmişdir. Bütövlükdə Ramiz Mehdiyevin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” (2005), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (2006), “2005-ci il parlament seçkiləri: ilkin təhlil” (2006), “Modernləşmə xətti yenə də gündəlikdədir” (2008), “Azərbaycan - 2003-2008: zaman haqqında düşünərkən” (2009) və s. əsərləri ölkəmizin müstəqillik dövrü tarixində yeni mərhələ olan İlham Əliyev dövrünün reallıqlarını və perspektivlərini aydın surətdə təqdim edən qiymətli traktatlardır. O, müasir Azərbaycan cəmiyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edən bu tarixi mərhələyə daim hərəkətdə, davamlı prosesdə olan mühüm bir ictimai-siyasi hərəkat kimi baxır və gedişatın təzahürlərinə aydınlıq gətirdiyi kimi, proseslərin sabahına da konkret elmi baxışları meydana qoyur.

Akademik Ramiz Mehdiyev qəti şəkildə inanır və inandırır ki, Prezident İlham Əliyevin uğrunda mübarizə apardığı müstəqil dövlətçilik idealları konkret tarixi mərhələ ilə tamamlanmayan, ümumiyyətlə Azərbaycan xalqının və müstəqil dövlətimizin dialektik inkişaf qanunauyğunluğunun, təkamül proseslərinin məntiqi ardıcıllığının və dayanıqlı inkişafının ana xətləridir.

Bu mənada Ramiz müəllimin əsərləri həm də Azərbaycan Respublikasının perspektiv inkişafının fəlsəfəsini də özündə cəmləşdirir.

İxtisasca tarixçi olan akademik Ramiz Mehdiyevin elmi-nəzəri əsərlərində tarixi aspekt həmişə olmuşdur. O, bir filosof kimi cəmiyyətin inkişaf dialektikasını daim tarixi təkamül proseslərinin axarında axtarıb qiymətləndirir. Bununla belə, akademik Ramiz Mehdiyevin son illərdə Azərbaycan tarixi problemlərinin tədqiqi məsələlərinə ciddi dönüşü xalqımızın və dövlətimizin tarixinin bir çox əhəmiyyətli məqamlarının yenidən dərk və şərh edilməsinə böyük töhfə verir. Aydın görünür ki, Ramiz Mehdiyevin tarixi mövzuya müraciət etməsinin məqsədi də əslində Azərbaycan dövlətçiliyinin çoxəsrlik real və bütöv mənzərəsini yaratmaqdan ibarətdir.

Son illərdə yazılmasına baxmayaraq, akademik Ramiz Mehdiyevin Azərbaycan tarixinin aktual problemlərinə, xüsusi mərhələlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunmuş elmi əsərləri sanki onun indiyədək yazılmış və ölkəmizin XX-XXI əsrlər tarixinə həsr edilmiş fəlsəfi əsərlərinin mükəmməl bir elmi müqəddiməsidir. 

Görkəmli elm xadiminin Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutmuş Səfəvi imperatorluğunun qüdrətli simaları olan Şah İsmayıl Xətai və Nadir şah Əfşardan bəhs edən sanballı monoqrafik tədqiqatları milli dövlətçilik tariximizin yenidən, mötəbər mənbələr və məxəzlər əsasında və milli mövqedən tədqiq edilməsinin mükəmməl nümunələridir. Bu əsərlər Azərbaycan tarixşünaslığında dönüş yaradan ciddi elmi tədqiqatlardır. Akademik Ramiz Mehdiyevin “Şah İsmayıl Səfəvi: sərkərdənin və döyüşçünün taleyi” (2014) və “Nadir Şah Əfşar. Diplomatik yazışmalar” (2015) monoqrafik tədqiqatları Azərbaycan tarix elminin ən mühüm nailiyyətlərindən biri sayılmağa tamamilə layiqdir. Bu əsərlər həm də müasir mərhələdə Azərbaycan tarixşünaslıq elmini milli meyarlar və müstəqil dövlətçilik baxımından yenidən yazılmağa istiqamətləndirən, səfərbər edən bələdçi kitablardır.

Əslində, akademik Ramiz Mehdiyev tarixi mövzuda yazdığı əsərləri ilə həm də Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin Şah İsmayıl Xətaidən Heydər Əliyevə qədərki dövrlərinin bütöv və ümumiləşdirilmiş elmi salnaməsini canlandırmışdır. Onun “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan-İran münasibətlərinə həsr edilmiş kitabları da yeni yanaşmaları, nadir sənədləri və materialları elmi dövriyyəyə gətirməsi ilə bərabər, həm də milli dövlətçilik tarixinin ayrı-ayrı mərhələlərinin problemlərini tam halda və sistemli şəkildə tədqiq edib öyrənməyə xidmət edir. Bu kitablarda ilk dəfə elmi dövriyyəyə daxil edilmiş zəngin arxiv sənədləri və yazışmalar haqqında söz açılan dövrlərin reallıqlarına işıq salan və obyektiv elmi nəticələr çıxarmağa əsas verən mötəbər mənbələrdir. Azərbaycan cəmiyyətinə, elmi ictimaiyyətə təqdim edilən həmin yeni və zəngin arxiv materiallarından ictimai elmlər üzrə çalışan digər tədqiqatçılar da istifadə edərək sanballı elmi əsərlər hazırlaya bilərlər.

Akademik Ramiz Mehdiyevin bu günlərdə Moskvada “Rosspen” nəşriyyatında çapdan çıxmış “Qlobal dəyişmələr dövründə Azərbaycan milli ideyası” adlı ikicildlik monoqrafiyası Azərbaycan ictimai elmləri sahəsində mühüm elmi hadisə sayılmağa layiq olan çox qiymətli tədqiqat əsəridir. Bu, akademik Ramiz Mehdiyevin çoxillik elmi ideyalarının və tədqiqatlarının məntiqi davamı olan, lakin problemə tam yeni mövqedən aydınlıq gətirən və qiymət verən orijinal tədqiqatdır. Bu əsərdə ilk dəfə olaraq milli mənşə ilə milli ideologiya məsələlərinə vahid bir prosesin təzahürü kimi obyektiv elmi-fəlsəfi qiymət verilmişdir.

Akademik Ramiz Mehdiyev nəticə olaraq bu qənaətdədir ki, müasir transformasiyalar dövründə güclü Azərbaycan dövlətinin yaranması və inkişaf etdirilməsi milli ideyanın ən bariz ifadəsidir. Təqdim olunan monoqrafiya ictimai elmlər sahəsində yeni istiqamətlər açmaqla elmi fikrin axarını dəyişməyə bələdçilik edir.

Görkəmli dövlət xadimi və böyük tarixçi-filosof alim, akademik Ramiz Mehdiyev elmi və siyasi-ideoloji fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətinin və ümummilli ideyaların inkişaf etdirilməsinə şərəflə və məsuliyyətlə xidmət etməkdədir. 

Ayrı-ayrı dövrlərdə Ramiz Mehdiyevin Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi apardığı səmərəli ictimai-siyasi iş ölkəmizdəki sabitliyin və inkişafın daha da möhkəmləndirilməsinə öz töhfələrini vermişdir. 

Bu gün də dövlətçilik təfəkkürü ilə elmi fəaliyyəti mükəmməl surətdə özündə cəmləşdirən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev respublikamızda elmi və siyasi-ideoloji proseslərin idarə olunmasına bacarıqla rəhbərlik edir. 

Akademik Ramiz Mehdiyevin siyasi portreti şəxsiyyətinin bütövlüyü, dövlətçilik ideallarına dərin sədaqəti, taleyüklü həlledici məsələlərdəki prinsipial mövqeyi, müdrik qərarlar qəbul etmək istedadı və xeyirxahlığı ilə səciyyələnir. Dərin və möhkəm mənəvi keyfiyyətlər onun siyasi xarakterini tamamlayır və möhkəmləndirir.

Azərbaycan dövləti görkəmli elm və dövlət xadimi Ramiz Mehdiyevin çoxillik səmərəli xidmətlərini həmişə yüksək qiymətləndirmişdir. Akademik Ramiz Mehdiyevin müxtəlif tarixi dövrlərdə təltif edildiyi “Qırmızı Əmək Bayrağı” ordeni, “Şöhrət” və “İstiqlal” ordenləri dövlətimizin onun çoxcəhətli fəaliyyətinə verdiyi böyük qiyməti əyani surətdə təsdiq edir.

Hörmətli Ramiz müəllimi anadan olmasının 80 illiyi münasibətilə ürəkdən təbrik edir, ona dövlətçilik sahəsində və elm yollarında göstərdiyi yorulmaz fəaliyyətində daha böyük uğurlar arzulayırıq.

Akif Əlizadə, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 17 aprel 2018-ci il

http://science.gov.az/news/open/7768