XƏBƏRLƏR
93 Arxiv

2018.04.16

AMEA Yüksək Texnologiyalar Parkının məhsulları Azexport.az portalı ilə ixrac olunacaq

AMEA-nın Yüksək Texnologiyalar Parkı (YT Park) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən yaradılan Azexport.az portalı ilə əməkdaşlığı gücləndirir.

Bu münasibətlə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevlə Azexport.az portalının rəhbəri Zaur Qardaşov arasında görüş keçirilib.

Görüşdə YT Parkın və rezidentlərinin istehsal etdiyi sürtgü və motor yağlarının portalda təqdim olunması ilə bağlı müzakirələr aparılıb. Bildirilib ki, yerli istehsal məhsulları olan yağlar keyfiyyət və qiymət göstəricilərinə görə, dünyanın ən aparıcı markaları ilə rəqabət apara bilərlər.

Z.Qardaşov düzgün marketinq strategiyası nəticəsində yaxın illərdə xarici bazarlara 500 milyon dollar həcmində motor və sürtgü yağlarının ixrac edilə biləcəyini söyləyib.

Bundan əlavə, görüş zamanı AMEA YT Parkın istehsalı olan dronların portalda yerləşdirilməsi və eyni zamanda beynəlxalq elektron platformalar vasitəsilə marketinqinin aparılması istiqamətində razılıq əldə edilib.

http://science.gov.az/news/open/7759