XƏBƏRLƏR
3854 Arxiv

2018.04.12

İnsanın kosmosa ilk uçuşundan 57 il ötür

12 aprel - Dünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin bu günündə ilk dəfə olaraq Sovet İttifaqı vətəndaşı Yuri Qaqarin orbitə çıxıb. “Vostok” kosmik gəmisi ilə orbitə çıxan kosmonavt 1 saat 48 dəqiqə ərzində Yer kürəsi ətrafında dövr edib və Rusiya Federasiyasının Saratov vilayəti ərazisində uğurla yerə enib. Bu möhtəşəm hadisə sayəsində Yuri Qaqarinə Sovet İttifaqı Qəhrəmanı adı verilib və o, bütün dünyada şöhrət qazanıb.

Keçmiş SSRİ-də bu bayram 1962-ci ildən qeyd olunmağa başlanıb, 1968-ci ildə isə ona Beynəlxalq Aviasiya və Kosmonavtika Günü statusu verilib. Ənənəyə görə, Aviasiya və Kosmonavtika Günündə tematik müxtəlif sərgilər, konfranslar, mühazirələr təşkil edilir, kinofilmlər nümayiş etdirilir.

Sovet kosmonavtikasının baniləri arasında azərbaycanlı general-leytinant Kərim Kərimovun adı ön sıralardadır. Azərbaycan xalqının fəxri olan Kərim Kərimovun kosmik raket texnikasının inkişaf etdirilməsində misilsiz xidmətlər göstərib. Təsadüfi deyil ki, ilk kosmonavt Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov keçmiş SSRİ-nin ən yüksək ordeninə layiq görülüb. O, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü seçilib.

Bu gün ölkəmizdə kosmik sənayenin inkişafı əsas prioritetlərdən biri hesab olunur. Azərbaycanda  kosmik sənayenin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Belə ki, kosmik informasiyanın qəbulu və emalı işlərinə 1974-cü ildə Bakıda kosmik texniki vasitələrdən istifadə etməklə, təbii ehtiyatların tədqiqi üzrə Cənub-Şərq Mərkəzinin yaradılması ilə başlayıb. Həmin ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma məxsusi konstruktor bürosu” yaradılıb və kosmik tədqiqatların aparılması ilə ölkəmizdə yeni olan kosmik sənayenin əsası qoyulub.

Prezident İlham Əliyevin 2009-cu ilin avqust ayında imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam ilə ölkəmizdə kosmik sənayenin inkişafının yeni mərhələsi başlayıb. 2010-cu il mayın 3-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) təsis edilib.

Azərbaycanın ilk milli süni telekommunikasiya peyki “Azerspace-1” 2012-ci il fevralın 8-də orbitə çıxarılıb. “Azerspace-1” Bakı vaxtı ilə saat 01:36 radələrində Cənubi Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodromundan Fransanın “Arianespace” şirkətinin “Ariane 5” raket daşıyıcısı vasitəsilə qaldırılıb.

2018-ci il mayın 25-də isə “Azerspace-2”-nin orbitə buraxılması nəzərdə tutlulub.

http://science.gov.az/news/open/7744