XƏBƏRLƏR
3220 Arxiv

2018.03.30

AMEA-nın Coğrafiya və Zoologiya institutları pilotsuz uçan aparatlarla təmin edilib

Məlum olduğu kimi, AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən dünya standartlarına cavab verən çoxfunksiyalı yeni nəsil pilotsuz uçan aparatlar (dronlar) istehsal olunur.

Bu gün YT Parkda AMEA-nın Coğrafiya və Zoologiya institutlarına elmi tədqiqat işlərində müxtəlif müşahidə və təcrübələrin aparılması üçün dron təhvil verilib.

Tədbirdə YT Parkın direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayevçıxış edərək son 3 il ərzində rəhbərlik etdiyi qurumda mülki və hərbi təyinatlı dronların hazırlanması istiqamətində işlərin görüldüyünü bildirib. Qeyd edib ki, 2017-ci ilin oktyabrından etibarən isə YT Parkın rezidenti olan “Elm və Texnologiya Parkı” MMC tərəfindən kütləvi seriya olan bir sıra dron modelləri hazırlanıb. O, dronların AMEA-nın elmi müəssisə və təşkilatlarının çöl şəraitində aparılan tədqiqatlarının keyfiyyətinin yüksəldilməsinə, bu sahədə işin səmərəliliyinin artırılmasına, kənd təsərrüfatında ərazinin spektral analizinin aparılmasına, müəyyən sahələrdə radiasiya və radiomaqnit şüalarının səviyyəsinin ölçülməsinə böyük töhfə verəcəyini söyləyib.

V.Babayev bundan öncə Neft və Qaz İnstitutuna pilotsuz uçan aparatın verildiyini, AMEA-nın digər elmi müəssisə və təşkilatlarının da dronlarla təmin ediləcəyini diqqətə çatdırıb.

Sonra Zoologiya İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov çıxış edərək dronlardan nəsli kəsilməkdə olan heyvanlarla bağlı dəqiq məlumatların əldə olunmasında, o cümlədən respublika ərazisində digər heyvanların sayının, cinsinin və yaş tərkiblərinin müəyyənləşdirilməsində istifadə olunacağını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Mətləb Rəhimovdronlardan landşaftşünaslıq, iqlimşünaslıq, geomorfologiya, okeonologiya və meşə tədqiqatlarında istifadə ediləcəyini deyib.

Sonda müəssisələr arasında təhvil-təslim müqaviləsi imzalanıb. Müqaviləni YT Parkın direktoru V.Babayev və Zoologiya İnstitutunun direktoru Elman Yusifov və Coğrafiya İnstitutunun nümayəndəsi İlyas Alıyev imzalayıblar.

http://science.gov.az/news/open/7657