XƏBƏRLƏR
3035 Arxiv

2018.03.16

Novruz bayramı münasibətilə aztəminatlı ailələrə yardım göstərilib

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və bu qurumun AMEA bölməsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə yardım kampaniyası keçirilib.

AMEA-nın Əsas binasında baş tutan kampaniyada bölmənin rəhbəri Ceyran Nağıyeva çıxış edərək layihə çərçivəsində akademiyanın 15 elmi müəssisə və təşkilatından 70-ə yaxın aztəminatlı ailəyə ərzaq yardımının göstəriləcəyini deyib.

Sonra Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadəçıxış edərək qurumun prezidenti, millət vəkili Novruzəli Aslanovun bayram təbriklərini çatdırıb. Təmsil etdiyi qurum barədə məlumat verən Q.Əsgərzadə bildirib ki, Cəmiyyət 1920-ci il martın 10-da Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis edilib. O, bu gün ölkəmizdə AXC-nin 100 illiyinin qeyd olunduğunu və Cəmiyyətin müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin varislərindən sayıldığını bildirib.

Q.Əsgərzadə Qızıl Aypara Cəmiyyətinin respublikada baş verən fövqəladə və digər hadisələr zamanı ilk yardıma gedən təşkilatlardan biri olduğunu söyləyib, qurumun insanlara hər zaman sevinc bəxş etdiyini vurğulayıb.

Aprelin 11-də növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçiriləcəyini xatırladan Q.Əsgərzadə hər kəsi ölkə başçısı İlham Əliyevə səs verməyə çağırıb.

Daha sonra AMEA-nın İşlər İdarəsinin müdir müavini Sərdar Əliyev bölmənin fəaliyyətinin 2016-cı ildə yenidən bərpa edildiyini və 2 illik fəaliyyəti dövründə bir sıra uğurlara imza atıldığını söyləyib. O, bölmənin təşkilatçılığı və AMEA-nın elmi müəssisə və təşkilatlarının əməkdaşlarının iştirakı ilə qanvermə aksiyasının keçirildiyini xatırladıb. S.Əliyev ənənə halını alan yardım kampaniyasının növbəti illərdə də davam etdiriləcəyini bildirib.

http://science.gov.az/news/open/7605