XƏBƏRLƏR
3864 Arxiv

2018.03.14

Vətəndaşlıq mövqeyi və müasirlik

Xalq yazıçısı Anarın adı çoxəsrlik Azərbaycan ədəbiyyatının görkəmli yaradıcılarının sırasına daxildir. O, Azərbaycan ədəbiyyatının müasir dövrünün böyük ədəbiyyatını yaradan əsas ədəbi simalardan biridir. Son altmış ilə yaxın bir dövrdə Azərbaycan ədəbiyyatının keçdiyi keşməkeşli və şərəfli yolun məsuliyyətini də, uğurlarını da Anarın yaradıcılığı olmadan təsəvvür etmək çətindir. 

XX əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyatında baş vermiş “altmışıncılar” ədəbi axınının möhkəm və dayanıqlı olmasında, yetmiş-səksəninci illərdə ədəbi-ictimai mühitdə ümummilli ideallar uğrunda aparılan mübarizədə və nəhayət, müstəqillik dövründə yeni ədəbiyyatın yaradılmasında, bədii fikrin ölkə maraqlarına xidmətə istiqamətləndirilməsində xalq yazıçısı Anarın özünəməxsus xidmətləri vardır. Hələ keçmiş Sovetlər İttifaqı dövründə Azərbaycan ədəbiyyatının hakim ideologiyanın təsirindən çıxaraq gerçək həyatı, real və təbii insan obrazlarını əks etdirməyə doğru inkişaf etdirilməsində Anarın böyük rolu vardır. O, həyat hadisələrinin gerçəkliklərini, adi, sadə, sıravi insanların mənəvi aləmini və həyəcanlarını ədəbiyyata gətirməklə milli bədii təfəkkürün müasir imkanlara malik olduğunu nümayiş etdirir. 

Anar XX əsrin əvvəllərində fəaliyyət göstərmiş və Azərbaycan realist ədəbiyyatının şedevrlərini yaratmış “Molla Nəsrəddin” ədəbi məktəbinin böyük ənənələrini yenidən ədəbiyyatda canlandırmağa nail olmuş, milli ədəbi fikri yeni ideyalar və yaddaqalan obrazlarla daha da zənginləşdirmişdir. Azərbaycan ictimai fikrində yeni insan təfəkkürünün inkişaf etdirilməsində və milli-mənəvi oyanış prosesində Anarın əsərləri mühüm rola malikdir. Onun həyatı dərindən əks etdirən və özünəməxsus orijinal bədii vasitələrlə canlandıran əsərləri Azərbaycan xalqında millilik amilinin və müstəqillik anlayışının dərinləşməsinə böyük təkan vermişdir. 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalq yazıçısı Anara anadan olmasının 60 illiyi ilə əlaqədar göndərdiyi təbrik məktubunda ifadə olunmuş aşağıdakı fikirlər onun ədəbi-ictimai fikrin inkişafındakı xidmətlərini ümumiləşmiş şəkildə mənalandırır: “Siz altmışıncı illərdə ədəbiyyatımıza yeni ab-hava gətirmiş yazıçılar nəslinin görkəmli nümayəndələrindən birisiniz. Müasirlərimizin zəngin mənəvi aləmini, qayğı və problemlərini yüksək bədii səviyyədə əks etdirən əsərləriniz daim ədəbiyyat həvəskarlarının diqqət mərkəzində olmuşdur. Bəşəriliklə milliliyin üzvi vəhdətini təşkil edən çoxcəhətli yaradıcılığınız cəmiyyətimizdə milli şüurun aşılanmasına və xalqımızın bir çox ölkələrdə tanınmasına xidmət etmişdir.”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci ildə xalq yazıçısı Anara ünvanlanmış təbrik məktubunda da onun çoxcəhətli yaradıcılığına yüksək qiymət verilmişdir: “Müxtəlif janrlarda yazdığınız və taleyüklü problemlərə həsr etdiyiniz əsərlərinizlə Siz respublikamızda ədəbi prosesin inkişafına layiqli töhfələr vermisiniz. Qələminizin məhsulu olan, öz həyatiliyi, təbiiliyi, dilinin rəvanlığı və üslub rəngarəngliyi ilə fərqlənən yaradıcılığınız müasir Azərbaycan oxucusunun bədii-estetik zövqünün formalaşmasında əhəmiyyətli rol oynamışdır.”

Xalq yazıçısı Anar və altmışıncı illərdə ədəbiyyat aləminə gələn istedadlı ədəbi nəsil hələ sovet hakimiyyətinin yüksəliş illərində sosialist realizmi yaradıcılıq metodunun zəncirdən də möhkəm olan buxovlarını qırmağı bacarmış, böyük cəsarətlə əsl həyati, gerçəkçi milli ədəbiyyat ənənəsini bərpa etmişdir. XX əsrin əvvəlləri Azərbaycan tənqidi realizminin banisi Mirzə Cəlil Məmmədquluzadə ilə yeni dövrün böyük realist yazıçısı Anar və mənsub olduğu ədəbi nəsil arasındakı varislik əlaqəsini tar-mar edən 37-ci il vahiməsi və uçurumu onun və müasirləri olan yazıçı məsləkdaşlarının timsalında əriyib itməyə başlamış, hətta öz adıyla necə varsa, elə desək, “qətl günü” kimi elan olunmuşdur. Deməli, yazıçı Anar ölkəmizdə təkcə müasir ədəbiyyatı deyil, bütövlükdə təzə düşüncə tərzini və baxışlar sistemini, milli əsaslara və real gerçəkliyə söykənən həyat fəlsəfəsini formalaşdıranlardan biridir.

Anarın XX əsrin altmışıncı illərindən oxuculara təqdim olunan kiçik hekayələri Azərbaycanda yeni milli ədəbi axının ilk sənət bəyannamələri idi. Sadəlik, adi həyat həqiqətlərinin, sıravi insanların qəribə taleyinin realist təqdimatı Anarın kiçik hekayələrinə böyük oxucu auditoriyası qazandırmışdır. Bu hekayələrdə həm də kiçik adamın böyük ədəbiyyatı yaradılmışdır. Hekayə janrında yazılmış yığcam əsərlərdə ciddi ictimai mətləblər əks etdirilmiş, həyat həqiqətlərinin dərin qatlarına işıq salınmışdır. Anarın simasında keçmiş totalitar rejimin despot mahiyyətini açan “Yaxşı padşahın nağılı” hekayəsində romana sığa biləcək ictimai mətləblər ifadə olunmuşdur.”Yaxşı padşahın nağılı” hekayəsi təsvir etdiyi cəmiyyətin roman miqyasındakı alleqoriyasıdır. “Kim Dali, yaxud yaşasın söz azadlığı” hekayəsi cəmiyyətdə baş verən anlaşılmazlıqların sosial mahiyyətini açan ədəbi pamfletdir. “Mən, sən, o və telefon” dərin ictimai məzmuna malik pantomim hekayədir. “Molla Nəsrəddin - 66” və “Molla Nəsrəddin - 86” hekayələr silsiləsi müasir mərhələdə Azərbaycan realist-satirik ədəbiyyatın kiçik həcmli böyük əsərləridir. Bu, böyük demokrat Cəlil Məmmədquluzadənin sənət ənənələrinin, yaxud mollanəsrəddinçi hekayəçiliyin yenidən dirçəldilməsi və ya bərpa edilərək, həm də müasirləşdirilərək yaşadılması, yaradıcı şəkildə davam etdirilməsi, ədəbiyyatda yeni dövrün mollanəsrəddinçiliyinin formalaşdırılması demək idi. 

Ümumiyyətlə, Anar Azərbaycan ədəbiyyatında müasir nəsrin görkəmli yaradıcılarından biridir. İlk dəfə 1970-ci ildə nəşr olunan “Ağ liman” povesti ciddi müqavimətlərə və böyük mübahisələrə səbəb olmasına baxmayaraq, Anarın böyük ədəbiyyatda özünütəsdiq aktına çevrilmişdir. Məhz bu kimi əsərlərdən sonra bir daha qəti şəkildə bəlli oldu ki, müasir ədəbiyyatı və yeni ədəbi nəsli geriyə qaytarmaq, onların sənət yollarını dəyişmək mümkün olmayacaqdır. Fikrimizcə, Anar sənət aləmində “Ağ liman” povesti ilə istedadlı bir yazıçı kimi, özünü təsdiq etmişdir. “Ağ liman” povesti əks etdirdiyi ciddi ictimai və həyati problemləri, ənənəvi sxemlərdən uzaq olan, həyatla nəfəs alan təbii, adi, sadə qəhrəmanları etibarilə gerçək həyatın özü, hətta sərt və real üzü idi. Ədəbi tənqidin birmənalı olmayan, daha çox isə sərt üzü ilə qarşılaşan Anar nəinki ədəbiyyatda tutduğu mövqedən geri çəkilməmiş, əksinə, yazdığı yeni əsərlərlə həmin problemi daha da dərinləşdirmişdir. Bu mənada “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı “Ağ liman”dan başlanan yolun sadəcə, davamı deyil, problemə daha geniş və dərin baxışların uğurlu bədii ifadəsidir. “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanındakı “altıncı” anlayışı yazıçının real həyatla idealı arasındakı, yaxınlıqda görünən uzaqlığı ifadə edən orijinal və ümumiləşdirilmiş bədii düşüncədir. Anarı XX əsrin yetmişinci illərində dərindən düşündürən mənəvi azadlıq məsələsi, “altıncı mərtəbə” arzusu çox keçməmiş, səksəninci illərin axırlarında ədəbiyyatdan siyasət meydanlarına gəlmiş, nəhayət, ölkəmizdə milli istiqlaliyyətin qazanılması ilə tamamlanmışdır. Xalq yazıçısı Mirzə İbrahimovun aşağıdakı fikirləri Anarın əsərlərinin mahiyyətini və əhəmiyyətini dolğun şəkildə ifadə edir: “Fikrimcə, “Təhminə və Zaur” son illərin layiqli ədəbi hadisələrindəndir... “Təhminə və Zaur” Anar istedadının insanlara yüksək əxlaqi keyfiyyət aşılayan, yaxşı zövq tərbiyə edən sənət yolundakı dəyərli nailiyyətdir”.

Anarın bədii nəsrində xüsusi yer tutan “Dantenin yubileyi” povesti də insanın real imkanları ilə uydurma mühit arasındakı gərginlik və ziddiyyətləri açan maraqlı bədii əsərdir. Povestdəki Feyzulla Kəbirlinski obrazı yazıçının insanın mənəviyyatını aşındıran, onu daxilən çürüdüb əzən ictimai-mənəvi münasibətlərin obyektiv mənzərəsinin göstərilməsinə şərait yaradır. Anar həm də bu fonda “səhv düşəndə yerimiz” məchulunun da komik vəziyyətlərini təqdim edir. Yazıçı “Macal” əsərində o vaxta qədər təsvir etdiyi mühiti dəyişdirməklə həm bədii dünücəsinin dairəsini genişləndirmiş, həm də ictimai mühitin adamlarına yazıçı münasibətinin ifadə olunmasına diqqət yetirmişdir. “Macal” povestindəki memar Fuad obrazı “darıxan adamlar” seriyasından olmayıb, ictimai-sosial mühitdə təmsil olunan, lakin həmin dairənin robotuna çevrilərək mənəvi simasını çokdürmüş insanların acı taleyini ümumiləşdirir. 

Janr baxımından eyni olsalar da, Anarın povestləri nəinki ideya-məzmununa, hətta bədii formasına, sənətkarlıq xüsusiyyətlərinə görə biri digərindən fərqlənir. Doğrudur, Anarın yaradıcılığında “Ağ liman” formatı, yəni, povest janrının kiçik roman funksiyasını yerinə yetirməsi sabit yazıçı üslubu kimi çıxış edir. Yazıçının povestləri məzmunu və ideyası etibarilə roman çəkisinə malikdir. Anarın hekayələri və povestləri arasında da janr baxımından çox yaxınlıq vardır. Ona görədir ki, “Dantenin yubileyi” əsəri də həm hekayə, həm də povest adlandırılır. “Gürcü familiyası” hekayəsində isə ideya-məzmun baxımından povest janrının imkanları müşahidə olunur. Anarın “Mən, sən, o və telefon”, “Gürcü familiyası” hekayələri əsasında film çəkilməsi onun kiçik hekayələrinin çoxplanlı olması, süjetin şaxələndirilməsi imkanlarının genişliyi ilə əlaqə-dardır. Anarın yığcam həcmə malik olan “Macal” povestində də həyatın roman masştabında qavrayışını görmək mümkündür. 

Bununla belə, Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsəri “böyük povest” yox, normal, bitkin romandır. Yazıçının “Ağ qoç, qara qoç” romanında ayıq bir mistika ovqatı müşahidə olunur. “Göz muncuğu” romanında hətta mistik baxış “paralel dünya” motivini canlandırmağa şərait yaradır. Fantastik povest janrında yazılmış “Əlaqə” povestində mistika əsərin əsasını təşkil etməsə də, fantastika ilə bir yerdə “fərqli aləm” adı ilə yazıçı idealını əks etdirməyə imkan yaradır. Bu povestdə Anar insanın əlaqəyə, tənhalıqdan xilas olmağa, ünsiyyətə fantastik ehtiyacının qaçılmazlığını real şəkildə əks etdirmişdir. 

Azərbaycan “altmışıncıları”, o cümlədən Anar ədəbiyyata böyük demokrat yazıçı Cəlil Məmmədquluzadə - “Molla Nəsrəddin” ənənələri işığında gəlmişdir. Məhz qüdrətli vətəndaş yazıçı Mirzə Cəlilin bənzərsiz nəsri, dramaturgiyası və satirasının güclü sənət ehtirası, enerjisi Anarın və altmışıncı illər ədəbi nəslinin özlərinin ədəbi mövqelərini müəyyən etmələrinə və möhkəmləndirilməsinə zəmin yaratmışdır. Anar milli və ictimai problemləri qüdrətli vətəndaş yazıçı Mirzə Cəlil Məmmədquluzadəyə istinad edərək, ondan yaradıcılıqla öyrənərək, onu təkrar etmədən, özünəməxsus tərzdə ifadə etmək bacarığını sübut etmişdir. Totalitar rejim zamanı ədəbiyyatda cəmiyyətlə və millətlə bağlı ciddi mətləbləri mənalandırmaq üçün hadisələri tarixi keçmişə, yaxud xarici ölkələrin həyatına köçürmək ənənəsinin çıxış yolu kimi düşünüldüyü illərdə Anar daha yaxına və dərinə - böyük Mirzə Cəlilə üz tutmağa üstünlük vermişdir. Bu məqsədlə o, bir çox üsullardan istifadə etmişdir. Yazıçının “Sizi deyib gəlmişəm” pyesində bütün fikirlər və ideyalar Cəlil Məmmədquluzadənin və müasirlərinin dilindən olduğu kimi, sətirbəsətir səsləndirilmişdir. Bundan başqa, Anara məxsus olan “Molla Nəsrəddin-66”, “Molla Nəsrəddin - 86” hekayələr silsiləsinin sadəcə, adında deyil, daha çox ruhunda əsl vətəndaş yanğısından və təbii millət sevgisindən yoğrulmuş mollanəsrəddinçilik ab-havası yaşamaqdadır. Mirzə Cəlilin ömür və sənət yoluna həsr olunmuş “Anlamaq dərdi” essesi isə yazıçı və zaman probleminin düşünülmüş elmi-ədəbi dərki və ümumiləşmiş ifadəsi idi. Böyük söz ustadı Çingiz Aytmatov Anarın “Anlamaq dərdi” essesini “Cəlil Məmmədquluzadəyə yeni nəslin baxışını ifadə edən orijinal əsər” kimi yüksək qiymət vermişdir. Xalq şairi Bəxtiyar Vahabzadə “Anlamaq dərdi”ni “Mirzə Cəlil dühasını yenidən açan novatorluq nümunəsi” kimi səciyyələndirmişdir. Anar böyük ustad Cəlil Məmmədquluzadəyə həsr edilmiş “Qəm pəncərəsi” filmində görkəmli yazıçının yalnız sənət uğurlarını deyil, ağrılarını da bütün təbiiliyi və aydınlığı ilə əks etdirir. “Nigarançılıq” filmində isə Cəlil Məmmədquluzadənin XX əsrin əvvəllərindəki vətəndaş nigarançılığı əsasında həmin yüzilliyin sonlarına yaxın xalq yazıçısı Anarın müasir cəmiyyətə çatdırmağı vacib saydığı yazıçı narahatçılığı ifadə olunmuşdur. Yeni tarixi mərhələdə milli-mənəvi dəyərlərdən uzaqlaşan, ictimai-siyasi proseslərə biganə qalan həmvətənlərinə ünvanlanan “Nigarançılıq” filmində müstəqillik ərəfəsində ümummilli oyanışa təsirli bir çağırış ekran vasitəsi ilə gündəmə gətirilmişdir.

Müstəqillik dövründə yazdığı əsərlərində Anar sadə, təbii real obrazlar vasitəsilə ictimai və mili-mənəvi özünüdərk keyfiyyətlərini daha da qüvvətləndirmişdir. Bu mərhələdə sənədli bədii nəsrə müraciət onun memuarçılığa meylinin yox, cəmiyyətə, ədəbi mühitə, talelərə, insanlara daha real və obyektiv mövqedən qiymət vermək niyyətinin ifadəsidir. Bu mənada “Sizsiz” romanı (1992) xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin tale romanı olmaqdan başqa, həm də milli sənədli romanın inkişafında yeni mərhələdir. “Otel otağı” povesti (1999) müstəqillik dövrünün başlanğıcdakı çətinliklərini və açılan yeni dünya ilə bağlı mürəkkəb olayları realistcəsinə əks etdirən orijinal nəsr əsəridir. Müstəqilliyin bəxş etdiyi “qapıların açılması”nın ədəbiyyatı kimi meydana çıxan “Otel otağı”nda bir azərbaycanlının Türkiyə səfəri zamanı qarşılaşdığı çətinliklərin fonunda eyforiyaya varmadan, qardaş ölkə sevgisi və fəndgir insanların “qazanmaq” niyyətləri realist səhnələrlə təsvir olunaraq ümumiləşdirilmişdir. “Ağ qoç, qara qoç” povesti (2004) Azərbaycan ədəbiyyatının müstəqillik dərsi kimi səslənir. Ağ qoçun belində gəlib çatdığı “Xoşbəxtlər ölkəsi” yazıçının “Utopik cəmiyyət” kimi təsvir etdiyi yenicə müstəqillik qazanmış və çətinlikləri olan müstəqil Azərbaycandır. “Qara qoç” mifi isə Anarın işıqla qaranlığın müqayisəsinə diqqəti çəkməklə, oxucusunu düşündürmək, ayıq olmağa çağırmaq qayəsini ifadə edir. Bu əsərdə azərbaycançı müəllifin əldə olunmuş dövlət müstəqilliyini şər qüvvələrdən qorumaq, azadlığın keşiyində dayanmaq arzuları diqqətə çatdırılır.

Xalq yazıçısı Anarın yaradıcılığında “Göz muncuğu” romanının (2014) xüsusi yeri vardır. “Göz muncuğu” romanı yazıçının mövqeyini, onun düşüncəsini, həyata baxışlarını, müasir yanaşmalarını, özünəməxsus təhkiyəsini uğurla əks etdirən mühüm ədəbi hadisədir. Ədəbiyyatda böyük ənənəsi olan xeyirlə şərin mübarizəsini fərqli mövqedən təqdim edən Anar “Göz muncuğu”nda bəyan edir ki, bütün cəmiyyətlərdə şər qüvvələr daha tez birləşə bilirlər. Hadisələrə müasirlik mövqeyindən yanaşan Anar şərin hansı fəsadlar törədəcəyini göstərməklə, oxucuda şər qüvvələrə mənfi münasibət yaradır, dərin qatlarda şərdən xilas olmağa çağırışları ifadə edir.

Anar “Göz muncuğu” romanında dünya ədəbiyyatından, fəlsəfi fikrindən misallar gətirsə də, bütün əsərlərində olduğu kimi, bu romanda da azərbaycançıdır. Yazıçının qorumaq istədiyi, vətəndaş yazıçı kimi keşiyində dayandığı Azərbaycan ölkəsi, doğma məmləkətinin vətəndaşları və ümumiyyətlə, insandır. Əsərdə üçrəngli bayraq sancılmış otaq da təsvir olunmuş, müstəqil Azərbaycan dövlətindən qürurla söz açılmışdır. Azərbaycançılıq idealına sadiq qalan Anar ölkəsini, bu ölkənin timsalında dünyanı şərdən qorumağa və Vətəninin üzərində gözmuncuğu asmağa çağırış kimi ibrətamiz milli və bəşəri ideyanı diqqət mərkəzinə çəkmişdir. 

“Kərəm kimi” adlı əsərində Anar böyük türk şairi və dramaturqu Nazim Hikmətin dramatik taleyini təsvir etmiş, onun Azərbaycanla və yazıçılarımızla əlaqələrindən geniş söz açmışdır. Bu həm də XX əsrin böyük bir dövrünün ədəbi-mədəni mühitinin romanıdır. “Kərəm kimi” əsəri məktublardan, fotoşəkillərdən də istifadə olunduğu üçün sənədli bədii romandır. Bu, Nazim Hikmətə Azərbaycanda ucaldılmış ədəbi abidədir.

Yeni dövr Azərbaycan dramaturgiyasının əsas simalarından olan Anar ədəbiyyatımızda ictimai-psixoloji dramın və kino-dram janrının əsas yaradıcısı kimi tanınır. “Adamın adamı”, “Şəhərin yay günləri”, “Səhra yuxuları” pyesləri Azərbaycan dramaturgiyası tarixinə orijinal dram əsərləri kimi daxil olmuşdur. Dramaturq Anarın rejissorluq, aktyorluq və ssenaristlik bacarığı onu bir daha fərdiləşdirir. Anarın filmləri - “Gün keçdi”, “Torpaq, dəniz, od, səma”, “Dədə Qorqud”, “Qəm pəncərəsi”, “Uzun ömrün akkordları”, “Nigarançılıq”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri” yazıçının yaradıcılıq ideallarının ekrandakı uğurlu əks-sədasıdır. 

Yaradıcılığında davamlı və aparıcı yer tutmasa da, Anarın şeirləri müasir Azərbaycan poeziyasında seçilən, yaddaqalan, bir çox hallarda ədəbiyyat tarixi faktına çevrilə bilən realist-sentimental poetik örnəklərdir. Anar - ədəbiyyatşünas, teatrşünas, folklorşünas, publisist, mədəniyyətşünas və tərcüməçi kimi də ədəbi-ictimai mühitdə qabarıq nəzərə çarpır. Anarın “Dədə Qorqud” dünyası”, “Nəsrin fəzası” əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm nailiyyətlərindən biri sayılmağa layiqdir. Bir sözlə, Anarın çoxcəhətli fəaliyyəti Azərbaycan ədəbiyyatı və mədəniyyətini, ictimai fikrini bütün yönləri ilə və əsas, mühüm problemləri etibarilə tam əhatə edir. Rus dilində nəşr olunmuş “Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti” adlı 3 cildlik genişhəcmli məqalələr toplusu (2010) ölkəmizin mənəvi həyatını əks etdirən sanballı bir salnamə, yaxud ensiklopedik nəşrdir. Bütövlükdə xalq yazıçısı Anar geniş dünyagörüşə malik vətəndaş yazıçı və ictimai xadimdir.

Azərbaycan Yazıçılar Birliyinin sədri kimi xalq yazıçısı Anar respublikamızda ictimai və ədəbi-mədəni proseslərin inkişaf etdirilməsi, dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsi, xalqımızın dünyada tanınması yollarında yorulmadan xidmət etməkdə davam edir. Anarın siyasi-fəlsəfi düşüncələrindən yoğrulmuş “Şəxsiyyətin miqyası” adlı geniş həcmli məqaləsində ən yeni dövr Azərbaycanın ictimai mənzərəsi fonunda dünya miqyaslı görkəmli dövlət xadimi Heydər Əliyevin aydın və işıqlı siyasi portreti uğurla canlandırılmışdır. “Unudulmaz görüşlər” adlı əsərində Anar ümummilli lider Heydər Əliyevin həyatı və mübarizəsinin mənalı və ibrətamiz anlarının dolğun panoramını canlandırmışdır. Mətbuatda çap olunmuş publisist yazılarında Anar ölkəmizin Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi müstəqil dövlətçilik siyasətinin reallıqlarını və böyük perspektivlərini aydın surətdə cəmiyyətə təqdim edir.

Xalq yazıçısı Anar insan və cəmiyyət münasibətlərinin dərin qatlarına işıq salan, həyatın mürəkkəblikləri içərisindəki işığı axtarıb tapan və özünəməxsus orijinal bədii vasitələrlə oxucuya təqdim edən görkəmli xalq yazıçısıdır. Yüksək vətəndaşlıq və müasirlik Anarın yaradıcılığının nüvəsi və cövhəridir.

Anar - Azərbaycan “altmışıncıları”nın yarım əsrdən artıq dövrdə milli ədəbiyyata şərəflə və ləyaqətlə xidmət etmək imkanlarının tükənməzliyini nümayiş etdirir.

Anarın timsalında ədəbi “altmışıncılar nəsli” inkişaf edərək Azərbaycan ədəbiyyatının taleyində və təkamülündə xüsusi çəkiyə malik olan əbədi altmışıncılıq hərəkatına çatdırılmışdır.

Ədəbi “altmışıncılar”dan əbədi altmışıncılığa qədər keçilən keşməkeşli və şərəfli yaradıcılıq yolu mənalı bir yazıçı-vətəndaş ömrünün və müasir cəmiyyətin ədəbiyyatda əbədiləşən tərcümeyi-halıdır.

Azərbaycan dövləti xalq yazıçısı Anarın çoxcəhətli ədəbi-ictimai xidmətlərini yüksək qiymətləndirmişdir. Ölkəmizin ictimai-siyasi həyatındakı səmərəli fəaliyyəti nəzərə alınaraq o, “Heydər Əliyev” mükafatına layiq görülmüşdür. Respublika Dövlət mükafatı laureatı Anar müstəqil dövlətimizin “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Müstəqillik dövrü Azərbaycan ədəbi-ictimai fikrinin inkişafı yollarında fəaliyyətini uğurla davam etdirən xalq yazıçısı Anarı anadan olmasının 80 illiyi münasibətilə təbrik edir və ona daha böyük yaradıcılıq uğurları arzulayırıq.

İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik

"Azərbaycan" qəzeti, 14 fevral 2018-ci il

http://science.gov.az/news/open/7573