XƏBƏRLƏR
173 Arxiv

2018.03.05

Bolluğa xidmət edən elmi axtarışlar

Ölkəmizdə kənd təsərrüfatının inkişafında  fədakar əmək adamları və bacarıqlı mütəxəssislərlə bərabər, bu istiqamətdə çalışan istedadlı alimlərin də böyük rolu olmuşdur. Bu sahədə yarım əsrə qədər sanballı elmi tədqiqatları ilə sayılıb-seçilən alimlərdən biri də AMEA-nın Zoologiya İnstitutunun  laboratoriya müdiri, biologiya üzrə fəlsəfə doktoru Barat Əhmədovdur.

Barat Əhmədov 1948-ci ildə Zəngilan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin biologiya fakültəsinin axşam şöbəsinə daxil olmuşdur. Axşamlar oxumaqla yanaşı, “Azneft” birliyinin Bibiheybət Neft-Qaz Çıxarma Trestinin 2 və 4 saylı mədənlərində əvvəlcə usta köməkçisi, sonra elektrik, həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır.

1973-cü ildə ali təhsilli bioloq kimi AMEA Zoologiya İnstitutunun “Həşəratların ekologiyası və fiziologiyası” laboratoriyasında kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. Elə həmin ilin may ayında ordu sıralarına çağırılmış, hərbi xidmətini Saxalin adasında başa vurduqdan sonra yenidən doğma instituta qayıtmışdır. O vaxtdan bugünə qədər alim bu nüfuzlu elmi-tədqiqat müəssisəsində elmi-tədqiqat işlərini davam etdirir.

 B.Əhmədov 1982-ci ildə Leninqrad Dövlət Universitetinin professoru, biologiya elmlər doktoru Viktor Petroviç Tışenko və Zoologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmlər doktoru, professor Arifə Abdınbəyovanın rəhbərliyi ilə “Azərbaycan şəraitində pambığa zərərverən mənənələrin  (Aphis gossypii Glov.,Aphis craccivora Koch) fototermiki reaksiyaları və polimorfizminin ekoloji nizamlanması” mövzusunda namizədlik dissertasiyasını  müvəffəqiyyətlə müdafiə etmişdir. O, nəinki respublikada, eyni  zamanda ittifaqda ilk dəfə olaraq bostan və yonca mənənələrində polimorfizmin yaranmasında temperatur, fotoperiod və populyasiya sıxlığının rolunu müəyyənləşdirmiş, bu amillərin qanadlı fərdlərin əmələ gəlməsində təsir dərəcələrini aydınlaşdırmışdır.

Alim elmi tədqiqatlarında, eyni zamanda bu iki növ sorucu zərərvericinin pambıq aqresenozunda nəsillər üzrə inkişaf fenologiyası, miqrasiya və remiqrasiya müddətlərini dəqiqləşdirmişdir. Bu məlumatlar həmin zərərvericilərə qarşı mübarizə zamanı mühüm  praktiki əhəmiyyət kəsb edir.

Barat Əhmədov  respublikada ilk dəfə olaraq Varburq aparatından istifadə edərək açıq monometrik metodla həşəratlarda (mənənələr, pambıq sovkası, Amerika ağ kəpənəyi və s.) oksigen mübadiləsi intensivliyini tədqiq etmiş və bu prosesə müxtəlif ekoloji amillərin təsirini öyrənmişdir.

Alim 1977-1978 ci illərdə Sabirabad rayonunun Kuybışev adına kolxozunda pambıq sovkasına qarşı mübarizə üsullarının təkmilləşdirilməsi məqsədi ilə işıq tələlərindən istifadə edərək çox məsuliyyətli bir işə başlayır. Həmin dövrdə respublikanın bir sıra tanınmış alimləri bu işin faydasız olacağını iddia edərək, hətta sovka kəpənəklərinin işığa uçmadığını sübut etməyə çalışırdılar. Lakin gənc tədqiqatçı bu üsulun həm ekoloji, həm də iqtisadi baxımdan əvəzsiz olduğunu sübut etmək üçün iki il təmənnasız olaraq kolxozun pambıq tarlalarında tədqiqat aparmışdır.

O, bir qrup əməkdaşla gecələr civə-kvars lampalarını işə salaraq sovka kəpənəklərinin uçuş dinamikasını izləyir, gündüzlər isə tarlalarda müşahidələr apararaq, zərərvericinin ayrı-ayrı nəsillərinin müxtəlif inkişaf mərhələlərinin vəziyyətini dəqiqləşdirirdi. Kəpənəklərin ilkin, kütləvi və son uçuş müddətini və onlara uyğun olaraq yumurtaqoyma, tırtılların kütləvi çıxışı, bitkinin vegetasiya fazaları dəqiqləşdirilərək, kompleks mübarizə tədbirləri planı hazırlanıb sovkaya qarşı tətbiq olunmağa başlanılır.

Mübarizə tədbirləri zamanı əsasən aqrotexniki (ucvurma – suvarma və s.) və bioloji üsullara üstünlük verilərək kimyəvi dərmanlardan imtina olunmuşdur. Tədqiqatların nəticələrinin müsbət olduğunu görən rayon və kolxoz rəhbərliyi instituta məktubla müraciət edərək işin davam etdirilməsi üçün müqavilə bağlanmasını təklif edir. 1979-cu ildən etibarən B.Əhmədov məsul icraçı kimi yeddi il müddətində həmin kolxozda təsərrüfat müqaviləsi əsasında tədqiqatları davam etdirir. Bu müddət ərzində kolxoz kimyəvi zəhərlərdən istifadə etmədən, hər hektar sahədən 4-5 sentner artıq məhsul götürməklə yanaşı, yüz minlərlə rubl vəsaitə qənaət etmiş olur.

Aparılan tədqiqatlar zamanı əldə olunmuş məlumatlar, Sabirabad rayonunda fəaliyyət göstərən biolaboratoriyaya təqdim olunur və entomofaqların sahələrə buraxılması zamanı istifadə edilir. Təsərrüfat müqaviləli tədqiqatlar zamanı kolxoz əldə etdiyi gəlirdən hər il institutun hesabına on min rubl vəsait köçürürdü. Aparılmış bu tədqiqatların nəticələri 1986-cı ildə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində nümayiş etdirilmiş və Barat Əhmədov sərginin bürünc medalına layiq görülmüşdür. Apardığı bioekoloji və fizioloji tədqiqatlarının nəticələri 80-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır.  Həmin əsərlərin əksəriyyəti Moskva, Leninqrad, Kiyev, Saratov, Tbilisi şəhərlərində, Almaniya, Türkiyə, Hindistan və digər ölkələrdə çap olunmuşdur.

1986-2000-ci illərdə “Həşəratların ekologiyası və fiziologiyası laboratoriyasının”  böyük elmi işçisi, 2001-ci ildən isə laboratoriya müdiri vəzifəsində çalışan B.Əhmədovun rəhbərliyi ilə hazırlanmış 3 tətbiqi  işi (“Amerika ağ kəpənəyinə qarşı kompleks mübarizə tədbirləri”, “Neftlə çirklənmiş meşə ərazilərində nadir həşərat növlərinin qorunması tədbirləri” və “Azərbaycanın Böyük Qafqaz meşələrində təkipəksarıyana qarşı mübarizə tədbirləri”) Kənd Təsərrüfatı Nazirliyi, Respublika Bitki Mühafizə Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Deportamenti tərəfindən respublika ərazilərində geniş tətbiq olunmuşdur.

Alimin elmi tədqiqatlarının istiqamətini kənd təsərrüfatı zərərvericiləri və onların entomofaqlarının bioekoloji xüsusiyyətlərinin öyrənilməsi və zərərvericilərə qarşı mübarizənin elmi əsaslarının hazırlanması təşkil edir. Bu istiqamətdə o, gənc doktorant və dissertantlara da rəhbərlik edir. Onun rəhbərliyi altında bir neçə nəfər biologiya üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə etmişdir.

Barat Əhmədov hazırda  AMEA Zoologiya İnstitutunun “Tətbiqi Zoologiya Mərkəzinin” müdiri olmaqla yanaşı, bir sıra ictimai vəzifələri də uğurla yerinə yetirir. O, Azərbaycan Zooloqlar Cəmiyyətinin elmi katibi, “Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri” və “Zoologiya institutunun Əsərləri” toplularının məsul katibi, institutun Elmi Şurası və Müdafiə Seminarının üzvüdür.

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”

http://www.xalqqazeti.com/az/news/culture/98785