XƏBƏRLƏR
3391 Arxiv

2018.02.20

Zooloq alimin 70 yaşı tamam olur

Fevral ayının 18-də  respublikada entomologiya sahəsində tanınmış alim, Barat Əhmədovun 70 yaşı tamam olur.

Barat Əbdül oğlu Əhmədov 1948-ci ildə Zəngilan rayonunda anadan olub. B.Əhmədov 1972-ci ildə Pedaqoji Universitetdə təhsilini başa vurduqdan sonra 1973-cü ildə AMEA Zoologiya institutunun “Həşəratların ekologiyası və fiziologiyası” laboratoriyasında kiçik elmi işçi vəzifəsinə qəbul olunub.

1982- ci ildə “Azərbaycan şəraitində pambığa zərərverən mənənələrin  (Aphis gossypii Glov., Aphis craccivora Koch) fototermiki reaksiyaları və polimorfizminin ekoloji nizamlanması” mövzusunda namizədlik dissertasiyasını  Leninqrad Dövlət universitetinin professoru, biologiya elmlər doktoru Viktor Petroviç Tışenko və Zoologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmlər doktoru professor Arifə xanım Abdinbəyovanın rəhbərliyi ilə müvəffəqiyyətlə müdafiə edib. O, nəinki respublikada, eyni  zamanda ittifaqda ilk dəfə olaraq bostan və yonca mənənələrində polimorfizmin yaranmasında temperatur, fotoperiod və populyasiya sıxlığının rolunu müəyyənləşdirmiş, bu amillərin qanadlı fərdlərin əmələ gəlməsində təsir dərəcələrini aydınlaşdırmışdır.

O, respublikada ilk dəfə olaraq Varburq aparatından istifadə edərək açıq monometrik metodla həşəratlarda (mənənələr,pambıq sovkası,amerika ağ kəpənəyi və s.) oksigen mübadiləsi intensivliyini tədqiq etmiş və intensivliyə müxtəlif ekoloji amillərin təsirini öyrənmişdir.

Apardığı bioekoloji və fizioloji tədqiqatlarının nəticələri 80-dən artıq elmi əsərlərdə öz əksini tapmışdır ki, bunların da əksəriyyəti Moskva, Leninqrad, Kiyev, Saratov, Tbilisi şəhərlərində, Almaniya, Türkiyə, Hindistan və s. ölkələrdə çap olunmuşdur.

O, 1989-cu ildə Qarşılıqlı İqtisadi Yardım Şurasının (QİYŞ) xətti ilə Moskva Dövlət Universitetində təşkil olunmuş Mütəxəssislərin biotexnologiya üzrə ixtisasartırma Mərkəzində kurs keçmiş və “Hüceyrə mühəndisliyi”nə aid tədris və elmi proqramları müvəffəqiyyətlə yerinə yetirmişdir.

1992-ci ildə SSRİ Nazirlər Soveti yanında Ali  Attestasiya Komissiyasının qərarı ilə entomologiya ixtisası üzrə böyük elmi işçi rütbəsi alıb. 1986- 2000-ci illərdə “Həşəratların ekologiyası və fiziologiyası laboratoriyasının”  böyük elmi işçisi, 2001-ci ildən isə laboratoriya müdiri vəzifəsində çalışmışdır.

Onun rəhbərliyi altında 3 nəfər biologiya üzrə fəlsəfə doktoru dissertasiyasını uğurla müdafiə edib.

Hazırda B.Əhmədov AMEA Zoologiya İnstitutunun “Tətbiqi Zoologiya Mərkəzinin” müdiri olmaqla yanaşı bir sıra ictimai vəzifələri də uğurla yerinə yetirir. O, Azərbaycan Zooloqlar Cəmiyyətinin elmi katibi “Azərbaycan Zooloqlar Cəmiyyətinin Əsərləri” və “Zoologiya İnstitutunun Əsərləri” toplularının məsul katibi, İnstitutun Elmi Şurası və Müdafiə Seminarının üzvüdür.

Barat müəllimi 70 yaşının tamam olması münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı, işlərində müvəffəqiyyət və yaradıcılıq uğurları arzulayırıq!