XƏBƏRLƏR
233 Arxiv

2018.02.19

Akademik Akif Əlizadə: "Biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə laboratoriyaların yaradılması vacibdir"

Fevralın 16-da AMEA-nın Ümumi yığıncağı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının "İnsan sağlamlığı Azərbaycan cəmiy­yə­tinin inkişa­fı­nın əsasıdır" mövzu­su­nda birgə elmi sessiyası keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə qeyd edib ki, elmi tədqiqatların gələcək inkişafı bilavasitə unikal elmi cihazlardan istifadə ilə bağlıdır. Bunun tibb sahəsi üçün xüsusilə aktual olduğunu deyən akademik AMEA ilə Səhiyyə Nazirliyi institutları arasında cihaz və avadanlıqlardan istifadə sahəsində əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayıb.

Elmi nəticələrin təcrübəyə tətbiqi istiqamətində respublikada əlverişli şərait yaradıldığını vurğulayan akademik qeyd edib ki, birgə sessiyanın əsas qərarlarından biri startapların inkişafı üzrə müştərək layihələrin hazırlanması istiqamətində səylərin birləşdirilməsi olmalıdır. Akademik Akif Əlizadə bildirib ki, AMEA-da yaradılan Yüksək Texnologiyalar Parkı nəzəri biotibbi nəticələrin praktiki tətbiq sahələrini tapdığı və biznes layihələrin yer aldığı poliqona çevrilməlidir. Akademik biotexnologiya, kök hüceyrələri, nüvə tibbi istiqamətləri üzrə birgə laboratoriyaların yaradılmasının vacib olduğunu deyib.

http://science.gov.az/news/open/7416