XƏBƏRLƏR
287 Arxiv

2018.02.02

"Mənim ilk qrantım" müsabiqəsinin qaliblərinə sertifikatlar təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi Gənc alim və mütəxəssislərin 4-cü xüsusi – “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirilib.

Görüşdə EİF-in icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Elçin Babayev çıxış edərək rəhbərlik etdiyi qurumun mütəmadi olaraq 35 yaşadək gənc alim və mütəxəssislər üçün qrant müsabiqələri keçirdiyini bildirib. Qeyd edib ki, Gənc alim və mütəxəssislərin I qrant müsabiqəsi üzrə 25, II qrant müsabiqəsi üzrə 25, III qrant müsabiqəsi üzrə isə 24 layihə qalib elan edilib. Ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib.

“Mənim ilk qrantım” müsabiqəsinə 34 layihənin daxil olduğunu deyən E.Babayev ümumi maliyyələşdirilmə həcmi 600 min manat olmaqla 19 layihənin qalib gəldiyini vurğulayıb.

"Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterli istiqamətləri əhatə edir" - deyən alim 2 layihənin isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunacağını diqqətə çatdırıb. O, "Neft və geoekologiya" və “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq tədbirlərin təşkil olunacağını bildirib.

İcraçı direktor fizika-riyaziyyat və texnika elmləri üzrə 3, yer elmləri üzrə 3, kimya elmləri üzrə 4, biologiya, tibb və aqrar elmləri üzrə 3, humanitar və ictimai elmlər üzrə isə 6 layihənin qalib olduğunu söyləyib.

Sonra Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxış edərək təmsil etdiyi qurumun 2012-ci ildən EİF-lə əməkdaşlıq etdiyini və gənclərin layihələrinə daim dəstək verdiyini söyləyib. O, ölkəmizdə gənclər siyasətinin həyata keçirilməsi üçün bir sıra Dövlət Proqramlarının qəbul edildiyini, həmçinin beynəlxalq miqyaslı tədbirlərin təşkil olunduğunu bildirib.

Tədbirdə AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, millət vəkili Şahin Mustafayev və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək ölkəmizdə aparılan gənclər siyasətindən danışıb, layihənin gənc alimlərin elmi fəaliyyətinə stimul verəcəyini qeyd ediblər.

Sonda AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarından, akademiyanın Naxçıvan Bölməsinin Bioresurslar İnstitutundan, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Slavyan Universiteti, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclər Turizmi” ictimai birliyi və “Azərbaycan Elm Assosiasiyası”ndan qalib olan layihələrin rəhbərlərinə sertifikatlar təqdim edilib.

http://science.gov.az/news/open/7301