XƏBƏRLƏR
3170 Arxiv

2018.01.31

AMEA Zoologiya İnstitutunun əməkdaşı Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının təşkil etdiyi tədbirdə iştirak edib

25 yanvar 2018-ci il tarixində Bakı Biznes Mərkəzində Azərbaycan Nar İstehsalçılar və İxracatçılar Assosiasiyasının (ANİİA) 2017-ci ildə Azərbaycanda nar istehsalı və ixracatı ilə bağlı məlumat və hesabat xarakterli iclası keçirilib. İclasda ANİİA-nın sədri Fərhad Qaraşov və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov narçıların problemləri ilə yaxından tanış olublar.  Tədbirə dəvət olunmuş Azərbaycan Sahibkarlar Konfederasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və sahibkarlarla yanaşı, Zoologiya İnstitunun əməkdaşı, Tətbiqi Zoologiya Mərkəzinin elmi işçisi Gülnar Qəhrəmanovada təkliflərləçıxış edib. Əməkdaşımız kənd təsərrüfatı məhsullarının, xüsusən də nar və nar məhsulları istehsalı və ixracı ilə məşğul olan sahibkarların xarici mütəxəssislərə üstünlük verməsi problemini diqqət mərkəzinə çəkib. G.Qəhrəmanova yerli mütəxəssislərin Azərbaycanın torpaq və iqlim şəraiti, bitki örtüyü, yerli sortlar, zərərvericilərin növ tərkibi və s. haqqında daha dəqiq və ətraflı məlumata malik olmalarını vurğulayaraq fikrini əsaslandırıb. AZPROMO-nun prezidenti əməkdaşımızın qaldırdığı məsələni dəstəkləyərək sahibkarları yerli mütəxəssis və alimlərlə əlaqə saxlamağa və onların təcrübələrindən yararlanmağa dəvət edib.