XƏBƏRLƏR
312 Arxiv

2018.01.15

Mərkəzi Elmi Kitabxana ilə “İki sahil” qəzeti arasında müqavilə imzalanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “İki sahil” qəzetinin rəhbərliyi ilə görüş keçirilib. Məqsəd MEK-in mətbuat fondunun zənginləşdirilməsini ənənəyə çevirmək, bu prosesin aparıcı media tərəfindən ictimailəşdirilməsini təmin etmək, əməkdaşlıq məsələlərini müzakirə etmək idi.

Tədbirdə MEK-in direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxananın fəaliyyəti, strateji hədəfləri, 2017-ci ilin nəticələri barədə məlumat verib. Qeyd edib ki, bu müddət ərzində kitabxana bir sıra önəmli layihələr reallaşdırıb, çoxsaylı təşəbbüslər həyata keçirib. 

MEK-in çoxşaxəli fəaliyyətindən danışan L.İmanova bildirib ki, bütün bunlar kitabxananın media ilə aktiv əməkdaşlığı sayəsində mətbuatda və www.mek.az  saytında işıqlandırılaraq ictimaiyyətin diqqətinə çatdırılır. Alim elm sahəsində baş verən yeniliklərin, inkişaf proseslərinin media vasitəsilə təbliğ edilməsi, informasiyanın toplanılması, sistemləşdirilməsi və etibarlı şəkildə qorunub saxlanılması barədə 2017-ci ildə AMEA rəhbərliyi və Mətbuat Şurası arasında əldə olunan razılaşmanın əhəmiyyətini qeyd edib. Azərbaycanın aparıcı mətbu orqanlarının nüsxələrinin elektron formatda MEK-in Milli Rəqəmsal Yaddaş bazasına daxil edilməsi prosesinin başlanıldığını vurğulayan L.İmanova ölkənin mətbuat aləmində xüsusi çəkisi ilə seçilən “İki sahil” qəzetinin də prosesə qoşulmaq istəyini yüksək qiymətləndirib.

Sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə rəhbərlik etdiyi mətbu orqanın zəngin və şərəfli tarixindən, keçdiyi inkişaf mərhələlərindən söz açıb. Müstəqil Azərbaycanla həmyaşıd, müasir ölkə mətbuatının yaranması və formalaşmasında öz yeri və rolu olan “İki sahil” qəzetinin ilk nömrəsinin 1991-ci il 10 iyul tarixində çapdan çıxdığını diqqətə çatdırıb. 

V.Rəhimzadə qeyd edib ki, qəzet yarandığı gündən söz və mətbuat azadlığının verdiyi imkanlardan doğru, düzgün və dəqiq şəkildə istifadə edib, jurnalistikanın müqəddəs ənənələrinə sadiq qalıb, dövlətçiliyin və milli maraqların qorunmasına xidmət edib. Bildirib ki, ulu öndər Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradılmasının 2-ci ildönümü münasibətilə keçirilən ümumrespublika müşavirəsində “İki sahil” qəzetinin rolunu yüksək dəyərləndirib.

Baş redaktor bu gün “İki sahil” qəzetinin həm yazılı, həm elektron və həm də yenicə fəaliyyətə başlamış İnternet televiziyasının fəaliyyət göstərdiyini bildirib. Daha sonra o, qəzetin 2017-ci ildə dərc edilmiş nüsxələrini MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazasına salınması üçün kitabxanaya təqdim edib.

Görüşün yekununda Mərkəzi Elmi Kitabxana ilə “İki sahil” qəzeti arasında müəllif hüquqlarının müdafiəsinə dair müqavilə imzalanıb, tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra qonaqlar MEK-in əsas kitab saxlanclarının, nadir kitab fondunun, yer elmləri bölməsində Geoloqlar Cəmiyyətinin kolleksiyasının, Akademiklərin zalında Diplomatik fondun işi ilə yerində tanış olublar.

http://science.gov.az/news/open/7171