XƏBƏRLƏR
3587 Arxiv

2018.01.05

AMEA Zoologiya İnstitutunda fındıq bağları üçün təhlükə mənbəyi olan mərmər taxtabitiyə həsr olunmuş seminar keçirildi

Respublikamızda öndə gedən kənd təsərrüfatı sahələrindən biri fındıqçılıqdır.  Bu il Respublikamız öz fındıq ixracı potensialına görə dünyada 3-cü yeri tutur. Azərbaycan fındığı Şimali Amerika da daxil olmaqla 27 ölkəyə ixrac edilir. Hal-hazırda bu sahəyə böyük ziyan vuran həşərat növü-Mərmər taxtabiti (Halyomorpha halys Stal.) dünyanın bir çox ölkələrində ciddi ziyanverici hesab olunur. Ziyanverici qonşu ölkələrdə Türkiyədə, Rusiyanın Soçi regionunda və rütubətli subtropiklərində, Abxaziyada və Gürcüstanda kütləvi artıb çoxalıb.  Gürcüstan Kənd Təsərrüfat Nazirliyinin məlumatına görə Mərmər taxtabiti burada təkcə fındığın məhsuldarlığına 60% ziyan vurub.

Ziyanvericinin hər an respublikamıza keçmə təhlükəsi çox böyükdür. Əgər bu ziyanverici bizim ölkəmizə keçərsə, bizim təsərrüfatlarımıza da vuracağı ziyan danılmazdır.  Məsələnin bu qədər ciddi olması səbəbindən AMEA Zoologiya İnstitutunda Mərmər taxtabiti (Halyomorpha halys Stal.) həsr olunmuş  seminar keçirildi. Seminarı giriş sözü ilə açan AMEA Zoologiya İnstitutunun direktoru Elman Yusifov problemin ciddiliyi, ziyanvericinin geniş spektrli ziyan vurma qabiliyyətinə malik olması barədə məlumat verdi.  Seminara dəvət olunan Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin direktoru, biologiya üzrə fəlsəfə doktoru, dosent Taleh Şəmiyev, “AGRAR CO” MMC-nin Bitkiçilik Departamentinin direktoru Elmar Bayramov, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov mərmər taxtabitinin qonşu dövlətlərdən respublikamıza keçəcəyi təqdirdə findıqçılıq təsərrüfatlarının gələcək taleyi, məhsul itkisi barədə ətraflı məlumat verdilər. Seminarda AMEA Zoologiya İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Şeyda Məhərrəmova  ziyanvericinin xarakterik xüsusiyyətləri, digər növlərdən fərqlənən cəhətləri, inkişafı, zərər vurduğu sahələr barədə və ona qarşı tətbiq oluna bilən profilaktik tədbirlər haqqında ətraflı məlumat verdi. Seminarın sonunda ziyanvericinin aşkar edilməsi və nəzarətdə saxlanması məqsədilə birinci növbədə monitorinqlərin aparılmasının, eləcə də təsərrüfat sahibləri, fermer və yerli əhalinin maarifləndirilməsi məqsədilə treninglərin keçirilməsinin vacibliyi vurğulandı.