XƏBƏRLƏR
3927 Arxiv

2015.05.29

Seyfəddin Əliyev-85

29 may 2015-ci il tarixində Zoologiya İnstitutunda respublikada zoologiya və entomologiya sahəsinin görkəmli alim və elm təşkilatçısı, Azərbaycan MEA-nın həqiqi üzvü, biologiya üzrə elmlər doktoru, professor, AMEA Zoologiya İnstitutunun Entomologiya şöbəsinin müdiri Seyfəddin Vəli oğlu Əliyevin anadan olmasının 85, əmək və elmi-təşkilati fəaliyyətinin 60 illik yubileyi qeyd edilmişdir.  

Tədbiri çıxış sözü ilə açan Zoologiya İnstitutunun direktoru müxbir üzv İlham Ələkbərov əməkdaşlar adından Seyfəddin müəllimi təbrik edərək, ona can sağlığı, işlərində yeni uğurlar arzu etdi.

Görkəmli alim Seyfəddin Vəli oğlu Əliyev 30.05.1930-cu il tarixində Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. İlk təhsilini Alışar yeddiillik məktəbində almış və buranı bitirdikdən sonra Naxçıvan Tibb Texnikumuna daxil olmuşdur.

S.Əliyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirdikdən sonra 1952-ci ildən AMEA Zoologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində elmi fəaliyyətə başlamış, 1961-ci ildə namizədlik, 1977-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Akademik S.V.Əliyev zoologiya sahəsində xüsusi xidmətləri ilə respublikada və xaricdə tanınmış alimlərdəndir. Onun elmi fəaliyyəti geniş, əhatəli və rəngarəng olmaqla, Azərbaycanda 716 kəpənək (sovka) növünün yayıldığını aşkar etmiş, onlardan 390 növü respublika faunası üçün, 145 növü Zaqafqaziya, 67 növü isə keçmiş SSRİ ərazisi üçün yeni olmuşdur. Alim ilk dəfə olaraq bu növlərin Azərbaycanda ekoloji icmalını, onların şaquli, zonalar, ekoloji qruplar üzrə yayılmasını öyrənmiş, zərərli növlərin bioekoloji xüsusiyyətlərini tədqiq etmiş, onlara qarşı mübarizənin elmi əsaslarını işləyib hazırlamış, ilk dəfə olaraq 61 növ sovkanın kənd təsərrüfatı bitkilərinə zərər vurduğunu müəyyənləşdirmişdir.

O, 168 elmi əsərin, o cümlədən 3 monoqrafiya, 4 kitab, 3 elmi-kütləvi kitabça, orta məktəb şagirdləri üçün “Zoologiya” dərsliyinin müəllifidir. Onun rəhbərliyi altında 3 elmlər doktoru və 8 elmlər namizədi dissertasiya müdafıə etmişdir.

Akademik S.V.Əliyev müxtəlif qurultay, konfrans və beynəlxalq konqreslərdə, Respublikamızı ləyaqətlə təmsil etmiş, entomologiya elminin inkişafında çoxillik fədakar əməyinə görə 3 dəfə AMEA Rəyasət Heyətinin Fəxri fərmanı, respublika kənd təsərrüfatı idarələri və beynəlxalq elmi təşkilatları tərəfindən dəfələrlə təşəkkür tərifnaməsi ilə təltif edilmişdir. S.V.Əliyev 1986-cı ildə əmək veteranı medalına, 1993-cü ildə Beynəlxalq Corc Soros təqaüdünə və diplomuna layiq görülmüşdür. Onun kütləvi informasiya vasitələrində elmi-tədqiqat işləri haqda 20-ə yaxın məqaləsi çap olunmuş, radioda “Azərbaycanın təbiəti” bölməsində müxtəlif mövzularda çıxışlar etmişdir.

S.Əliyev respublikada zoologiya və entomologiya elminin inkişafında xüsusi xidmətlərinə görə 2001-ci ildə «Zoologiya» ixtisası üzrə Azərbaycan MEA-nın müxbir üzvü, 2007-ci ildə isə həmin ixtisas üzrə həqiqi üzv seçilmişdir.