XƏBƏRLƏR
3085 Arxiv

2017.12.20

İnnovasiya sahibkarlığı və texnoparklara dair yeni dərs vəsaiti təqdim olunub

Dekabrın 19-da AMEA Yüksək Texnologiyalar (YT) Parkının eksperti, Bakı Mühəndislik Universitetinin dosenti İsa Qasımovun və Fərid Cəbiyevin həmmüəllifi olduqları “İnnovasiya sahibkarlığı və texnoparklar” adlı dərs vəsaitinin təqdimatı keçirilib.

Mərkəzi Elmi Kitabxanada baş tutan tədbirdə AMEA YT Parkın Biznes İnkubasiya şöbəsinin müdiri Vüsal Süleymanlı  yeni nəşrin qiymətli vəsait, geniş ictimaiyyət üçün dəyərli maarifləndirici mənbə olduğunu söyləyib. Bildirib ki, YT Parkın və "Azərsu" ASC-nin dəstəyi ilə çap olunan dərslik Azərbaycanda yüksək texnologiyaların, o cümlədən innovasiyaların tətbiqinə əsaslanan sahibkarlığın inkişafının aktuallığı müstəvisində mühüm əhəmiyyət kəsb edir.

Sonra çıxış edən AMEA YT Parkının direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev ölkəmizdə bu sahədə ilk vəsait olan "İnnovasiya sahibkarlığı və texnoparklar" dərsliyinin məziyyətlərindən danışıb. Bildirib ki, kitabda verilən materiallar innovasiya sahibkarlığının və texnoparkların inkişafı ilə bağlı istər dünya təcrübəsinin öyrənilməsi, istərsə də innovasiya sahibkarlığının əsas dinamikası hesab olunan təşəbbüskarlığın mahiyyətinin mənimsənilməsində xüsusi rol oynaya bilər. 

Qeyd olunub ki, müəlliflər innovasiya sahibkarlığı və onun mahiyyətini izah edərkən dünya ədəbiyyatında mövcud olan mənbələrdən istifadə ediblər. Dərs vəsaitində, həmçinin innovasiya sahibkarlığının inkişafında mühüm rol oynayan texnoparkların təcrübəsi müsbət nəticələr əldə etmiş dünya ölkələrinin nümunələri əsasında tədqiq edilib, faydalı müqayisələr aparılıb. 

Sonda nəşrin həmmüəllifi İsa Qasımov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına və dərsliyin işıq üzü görməsində əməyi olanlara minnətdarlığını bildirib.

http://science.gov.az/news/open/7034