XƏBƏRLƏR
3536 Arxiv

2018.01.16

Azərbaycanın fındıq bağları təhlükə altındadır!

Respublikamız da daxil olmaqla, dünya qeyri neft sektoru üzrə öndə gedən kənd təsərrüfatı sahələrindən biri fındıqçılıqdır.  Hal-hazırda bu sahəyə böyük ziyan vuran həşərat növü - Mərmər taxtabiti (Halyomorpha halys Stal.) dünyanın bir çox ölkələrində ciddi ziyanverici hesab olunur.

Ölkəmizlə qonşu olan Gürcüstan Respblikasında da ciddi ziyan vuran bu növlə bağlı 04-06.12.2007-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində “Qəhvəyi mərmər taxtabiti (Brown Marmorated Stink Bugs (BMSB))” adlı forum təşkil olunmuşdur. AMEA Zoologiya İnstitutunun entomoloq əməkdaşları - biologiya  üzrə elmlər doktoru Xalid Əliyev, biologiya üzrə fəlsəfə doktoru, dosent İradə  Nuriyeva və biologiya üzrə fəlsəfə doktoru Şeyda Məhərrəmova ekspert  kimi Respublikamızın fındıq istehsalı ilə məşğul olan AGRAR CO şirkətinin rəsmi dəvəti ilə bu forumda iştirak ediblər.

Vətəni Cənub- Şərqi Asiya (Çin, Yaponiya, Koreya yarımadasının ölkələri Tayvan, Vyetnam və s.) olan Mərmər taxtabiti (Halyomorpha halys Stal.) polifaq növdür, 200-dən artıq bitki ilə qidalanır.  Ziyanverici ABŞ-da ilk dəfə 1996-cı ildə qeydə alınsa da artıq 2014-cü ildən 34 ştatda və Kanadanın cənub vilayətlərində kənd  təsərrüfatının müxtəlif sahələri üçün böyük təhlükə yaratmışdır. O, 2007-ci ildə İsveçrədə, 2010-cu ildə Yeni Zelandiyada aşkarlanıb. 2014-cü ildə Rusiyanın Soçi regionunda və 2015-ci ildən isə artıq Rusiyanın rütubətli subtropiklərində, Abxaziyada və Gürcüstanda kütləvi artıb çoxalıb. Gürcüstan Kənd Təsərrüfat Nazirliyinin məlumatına görə Mərmər taxtabiti burada təkcə fındığın məhsuldarlığına 60% ziyan vurub.

Mərmər taxtabitiyə həsr olunmuş forumda ziyanvericinin Gürcüstanın müxtəlif  kənd təsərrüfatı sahələrinə vurduğu ziyan və ziyanvericiyə qarşı tətbiq olunan mübarizə tədbirləri barədə məlumat verildi və dünyanın bir çox ölkələrindən (Kanada, İtaliya, İsveçrə, Türkiyə, Azərbaycan, Çin və s.) dəvət olunmuş mütəxəssislərlə birlikdə bu növlə bağlı gələcək iş planları müzakirə edildi.

Artıq Türkiyədə də qeydə alınan ziyanvericinin hər an Respublikamıza keçmə təhlükəsi çox böyükdür. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesablamalarına görə, bu il Respublikamız öz fındıq ixracı potensialına görə dünyada 3-cü yeri tutur. Azərbaycan fındığı Şimali Amerika da daxil olmaqla 25 ölkəyə ixrac edilir. Bunu nəzərə alsaq, bu həşəratın ölkəmizə vuracağı ziyan danılmazdır.  Biz də həyəcan təbili çalmalıyıq.