XƏBƏRLƏR
2884 Arxiv

2017.12.05

AMEA-nın Yüksək Texnologiyalar Parkında “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsinin təqdimatı keçirilib

AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) Texnologiyaların Transferi şöbəsinin aparıcı eksperti Mahmud Əfəndiyevin “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsinin təqdimat mərasimi keçirilib.

Tədbirdə AMEA-nın elmi müəssisə və təşkilatlarının, eləcə də “EPC Group” və “Az-Neft” istehsalat birliyinin nümayəndələri iştirak ediblər.

Mərasimdə Texnologiyaların Transferi şöbəsinin müdiri Zaur Əhmədzadə çıxış edərək layihə haqqında iştirakçılara məlumat verib. O, elmi, innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması kimi funksiyaları həyata keçirən "YT Park"ın təqdim olunan uğurlu layihəyə dəstək verəcəyini diqqətə çatdırıb.

Sonra layihənin müəllifi Mahmud Əfəndiyev çıxış edərək “Yeni Quyu Ştank Nasosu-44mm” layihəsinin möhkəmliyindən danışıb, səmərəliyinə görə onu yeni nəsil innovativ nasos adlandırıb. M.Əfəndiyev mövcud nasosla “Yeni Quyu Ştank Nasosu-44mm” nasosunu tədbir iştirakçılarına əyani müqayisə edib: "Nasos işlədiyi zaman Plunjer (manjet) ilə silindir arasında sıxılma yarandığı üçün sürütmə əmələ gəlir. Bu isə nasosun qısa müddətdə sıradan çıxmasına səbəb olaraq, yeni nasosla əvəz edilməsinə məcburiyyət yaradır. “Yeni Quyu Ştank Nasosu-44mm”də isə bütün nasos deyil, sadəcə Plunjer (manjet) təmir olunur. Beləliklə, nasoslar dəyişilmir və hər quyu üzrə gəlirin artmasına, neftin daha ucuz çıxarılmasına gətirib çıxarır".

M.Əfəndiyev, həmçinin AMEA YT Parkda çalışan alimlərin mövcud layihələrindən də söz açıb.

Sonda layihə ilə bağlı suallar cavablandırılıb.

http://science.gov.az/news/open/6929