XƏBƏRLƏR
3418 Arxiv

2017.12.08

AMEA Zoologiya İnstitutunun Müdafiə Şurasında Hidrobiologiya laboratoriyası əməkdaşının doktorluq dissertasiyasının müdafiəsi keçirildi

AMEA Zoologiya İnstitutunun Müdafiə Şurasında Hidrobiologiya laboratoriyasını aparıcı elmi işçisi, b.ü.f.d., dosent Namiq Canəli oğlu Mustafayevin “Azərbaycanın daxili su hövzələri balıqlarının morfo-bioloji və ekoloji xüsusiyyətləri, vətəgə balıqlarının ehtiyatlarının tənzim olunması yolları” mövzusunda doktorluq dissertasiyasının müdafiəsi keçirildi.

N.C. Mustafayev tərəfindən 2009-2015-ci illərin bütün fəsillərində Azərbaycanın daxili su hövzələrindən 17 mindən artıq dəyirmiağızlı və balıq əldə olunub tədqiq edilmişdir. Toplan­mış nümunələrin miqdarının çox və tədqiqatda istifadə olunan metodikaların isə müasirliyi alınan nəticələrin etibarlılığını təmin edir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, hazırda Azərbaycanın daxili su hövzələrində 11 dəstəyə, 15 fəsiləyə, 44 cinsə aid olan bir 1 dəyirmiağızlı, 67 növ və yarımnöv balıq yaşayır. Bunlardan 60-ı şirin su, 8-i isə dəniz mənşəlidir. Şirin su mənşəli növ və yarımnövlərdən 8-i yalnız keçici və yarımkeçici, 14-ü həm keçici və yarımkeçici, həm də daim şirin sularda yaşayan populyasiyalarla təmsil olunmuşdur. 38 növ və yarımnöv yalnız şirin sularda yaşayır.

İki növ balıq–Amur enlibaşı və Koreya kilqarını Azərbaycan faunası üçün ilk dəfə olaraq qeyd edilmişdir. İddiaçı tərəfindən əsaslı taksonomik təhlillər aparılmış, əvvəllər ixtiofaunada olan, lakin hazırda rast gəlinməyən növlər faunanın tərkibindən çıxarılmış, balıqların adları müasir sistematikaya uyğunlaşdırılmış və Azərbaycanın daxili su hövzələrinin ixtiofaunasının təsnifat icmalı verilib. 

İxtiofaunanın Azərbaycanın daxili su hövzələri üzrə yayılma qanunauyğunluqları aşkara çıxarılmış və müəyyən edilmişdir ki, 16 növ və yarımnöv bütün bölgələrdə, 37 növ və yarımnöv bir neçə bölgədə, 15 növ və yarımnövün isə hər biri yalnız müəyyən bir bölgədə yayılmışdır. Azərbaycanda ixtiofaunanın bölgələr üzrə yayılması, onların oxşarılq və fərqlilik əmsalları da müəyyən olunmuşdur.

İlk dəfə olaraq transsərhəd çaylarında mühitə uyğunlaşmaqla əlaqədar balıqların müxtəlif toxumalarında serotonin modullu zülalların dinamikası izlənmiş, mövcud çirklənmələrə qarşı balıqlarda gedən adapdasiya və disadapdasiya prosesləri öyrənilmişdir. Məlum olmuşdur ki, eyni su hövzələrində yaşayan, lakin fərqli ekoloji qruplara mənsub olan ba­­lıq növlərinin müxtəlif toxumalarının əlverişsiz mühit amillərinin təsirinə qarşı münasibətləri fərqlidir və onlar bu təsirlərə qarşı müxtəlif səviyyəli adaptiv potensial sərf edirlər.

İddiaçı tərəfindən Azərbaycanın əsas vətəgə əhəmiyyətli şirin su balıqlarının müasir vəziyyəti öyrənilmiş, onların ehtiyatlarının azalma səbəbləri aşkara çıxarılmış və balıq ehtiyatlarının bərpa olunması üçün real əməli təkliflər işlənib hazırlanmışdır.

Azərbaycanın daxili su hövzələrində yaşayan balıqların morfologiyası, bioekologiyası, yayılması, mühitə uyğunlaşması və ehtiyatlarının müasir vəziyyətinə dair dissertasiyada verilmiş məlumatlardan bu sahədə aparılacaq tədqiqatlarda, monoqrafiyaların, balıqyetişdirmə üzrə kitabların, ali və orta ixtisas məktəbləri üçün dərsliklərin tərtib olunmasında istifadə oluna bilər.