XƏBƏRLƏR
7587 Arxiv

2017.11.29

Parazitologiya laboratoriyası əməkdaşlarının iki aylıq ekspedisiyasının nəticələri açıqlanıb

Bu ilin sentyabr- oktyabr aylarında AMEA Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının əməkdaşları Azərbaycanın bəzi rayonlarında, eləcə də Rusiyanın Sank-Peterburq şəhərində ekspedisiyada  olublar.

Dəvəçi limanı, Şabran rayonu, Abşeron yarımadası, Gəncə, Göygöl ,Agstafa, Tovuz rayonları və Sankt-Peterburq şəhərinə edilən ekspedisiya zamanı əhli və vəhşi məməlilərdən, bitkilərdən, suda yaşayan heyvanlardan zəngin parazitoloji materiallar toplanıb. Materiallar müvafiq parazitoloji üsullarla - qimza, tam helmintoloji yarma,  tam olmayan helmintoloji yarma, kompressor, pavloviski, berman, sentrifuqa, süzmə və s. üsullarla tədqiq edilib.

Toplanmış helmintoloji materiallar 70 və 95 faizli spirtdə və 3 faizli formalində fiksə edilərək etiketləşdirilib.

Helmintoloji materiallar üzərində laboratoriyada aparılan analizlər zamanı  növlər təyin edilib.

Təyinat nəticəsində 2 fərd Herpobdella, 1 fərd Haementeria costata; 2 fərd Herpobdellavə Haementeria costata, 3 fərd zəli (Herpobdella, Haementeria costata və Hirudo orientalis), o cümlədən gövşəyən heyvanlarda 1 növ trematod, 3 növ sestod, 6 növ nematod, əhli ətyeyən heyvanlarda  2 növ trematod, 4 növ sestod və 14 növ nematod aşkar edilib. 

Tədqiqatlar zamanı pavloviski üsulu ilə ağcaqanad sürfələri də əldə edilib, yaxma üsulu ilə preparatlar hazırlanıb. Preparatlar (50 ədəd) pamanovski qimza üsulu ilə boyanıb. 

Laboratoriyada elmi tədqiqat işləri davam edir.